BolgeXeber.Com » Gündəm » Məmurların prezident sərəncamına qarşı saxtakarlığı

Məmurların prezident sərəncamına qarşı saxtakarlığı

24-07-2014, 08:55
Oxunub: 3 163 Lənkəranda “İstisu” pansionatının təmiri üçün ölkə başçısının 2005-ci ildəki sərəncamı 9 ildir icra olunmur

Bolgexeber.com bildirir ki, Lənkəranın Haftoni qəsəbəsində “İstisu” pansionatının işi düyünə düşüb. “Yeni Müsavat” qəsəbə sakinlərinin istirahət guşəsinin bağlanması ilə bağlı şikayətini bir neçə dəfə ictimailəşdirsə də, problem həllini tapmayıb. Artıq 5 ildir ki, “İstisu” fəaliyyət göstərmir. Hər il saysız-hesabsız turistlərin, yerli əhalinin axışdığı bu istirahət mərkəzi məmurlar tərəfindən qapadılıb. Pansionatda müalicəvi əhəmiyyətə malik və təbii olaraq qaynar çıxan isti sulu hovuzlar var idi. İstirahət mərkəzi bağlandıqdan sonra əhali ümid edirdi ki, müasir tələblərə uyğun şəkildə təmir olunub, yenidən istifadəyə veriləcək.

Çünki prezidentin sərəncamı ilə 2005-2006-cı illərdə pansionat təmir edilməliydi. Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə edilmişdi. Ancaq Haftoni sakinləri yazırlar ki, nə təmir gedir, nə də yenilik var.

Sadəcə, “İstisu” rüşvətxor və monopolist məmurlar tərəfindən zəbt edilib. Əgər bir tədbir görülməsə, yerli camaat pansionatın qabağına toplaşıb etiraz aksiyası keçirəcək. “Yeni Müsavat”ı bu məsələdən xəbərdar edən Haftoni sakinlərinin dediyinə görə, tamamilə qanunsuzluq hökm sürür və heç bir əsası olmadan “İstisu”nu bağlı saxlayırlar.
“Əvvəl deyirdilər ki, pansionat ”Pasha Holdinq" tərəfindən alınıb, təmir olunub istifadəyə veriləcək. Əgər prezident sərəncamı ilə yenidənqurma işləri aparılacaqsa, özəl şirkətə necə verilə bilər? Uzaqbaşı təmir-tikintini həyata keçirən bir MMC yaradılar və işi icra edər. Bu istirahət mərkəzi Lənkəranın ən gözəl yerlərindən biridir. Camaat gəlib dincəlir, təmiz hava alırdı. Bu qədər qanunsuzluq, haqsızlıq olmaz," -deyə Haftoni sakinləri şikayətlənir.

Onların sözlərinə görə, prezidentə və ölkənin birinci xanımına məktub ünvanlanıb: “Prezident sərəncamı 9 ildir ki, icra olunmur. Biz dəfələrlə mətbuatda bu problemi qaldırmışıq. ”Yeni Müsavat" kənd sakinlərinin şikayətini dərc edib.

Amma nə faydası? Nə bəladırsa düşmüşük, gücümüz çatmır. Sovet vaxtından fəaliyyət göstərən bu müalicə müəssisəsi niyə bağlı olmalıdır? İnsanlar bura gəlir, qapısını bağlı görür. Prezidentin sərəncamını məmurlar icra etmirlər. Nə qanun sayırlar, nə sərəncam tanıyırlar".

Lənkəran Şəhər İcra Hakimiyyətindən axar.az-a bildirilib ki, Haftoni qəsəbəsində yerləşən “İstisu” sanatoriyasının əsaslı təmiri nəzərdə tutulub". İcra Hakimiyyətindən qeyd edilib ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramı çərçivəsində pansionatın bu ildən etibarən təmirinə başlanacaq. Artıq icra müddəti də konkret müəyyənləşdirilib.

Dövlət Proqramının qəbul olunması səbəbindən Haftoni qəsəbəsindəki “İstisu” sanatoriyasının təmiri “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramına daxil edilib, icrası isə Maliyyə və Gənclər və İdman nazirlikləri ilə birgə, Lənkəran İcra Hakimiyyətinə həvalə olunub. Göründüyü kimi, 2005-ci ildən icra olunmayan sərəncam qüvvədən ya düşüb, ya da unudulub. Pansionatın təmiri yeni proqrama salınıb.