BolgeXeber.Com » Gündəm » Texniki Universitetin rektoru da yola salınma ərəfəsindədir

Texniki Universitetin rektoru da yola salınma ərəfəsindədir

24-07-2014, 11:45
Oxunub: 3 051 Saxta diplom həyəcanı...

Etiraf etmək lazımdır ki, son bir neçə ildə Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyəti xeyli aşağı düşüb. Bunu yaradan amillər isə birbaşa universitet rəhbərlərinin xoşagəlməz fəaliyyəti ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, hazırda ali təhsil ocaqları arasında problemlərin daha çox yaşandığı müəssisələrdən biri də Azərbaycan Texniki Universitetidir (AzTU). Saxta diplom verilməsi məsələsində və qeyri-qanuni tələbə köçürmələrində adı hallanan Texniki Universitetin rektoru Havar Məmmədov son vaxtlar xüsusi narahatlıq keçirsə də, Texniki Universitetdə proseslər köhnə qayda ilə davam etməkdədir. Son dövrlər təhsil ocaqlarında saxta diplomların üzə çıxamsı və işin ən qalmaqallı səviyyəyə çatması bir çoxlarını narahat etməyə başlayıb. Təhsil naziri Mikayıl Cabbarovun verdiyi açıqlamadan sonra isə bəzi rektorlar daha da qorxu keçirməkdədirlər. Çünki saxta diplom oyununda məhz hansı universitet rəhbərlərinin əli olduğuna dair nazirlikdə dəqiq bilgilər olduğuna dair xəbərlər dolaşmaqdadır. Qeyri-qanuni tələbə köçürmələrinə gəlincə isə, H.Məmmədov bu maxinasiyalarla hələ bir vaxtlar dostluq etdiyi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə birgə məşğul olmağa başlamışdı. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, tələbə transferlərinin reallaşmasında Müdafiə müəllim adlı bir şəxsin iştirakı xüsusilə diqqətəlayiq olub. Bildirilir ki, Müdafiə müəllim həm ABU-da, həm də AzTU-da dərs deyib. Bu gün isə o, təbii ki, yalnız Texniki Universitetdə müəllimlik etməklə kifayətlənir. Aldığımız məlumatlarda vurğulanır ki, AzTU-da son sessiyanın indiyədək görünməmiş səviyyədə şəffaflıq və obyektivlik şəraitində keçirilməsi də H.Məmmədovun bu günədək yol verdiyi maxinasiyalara görə məsuliyyətə cəlb olunacağı qorxusu ilə təmin olunub. Amma mənbələr iddia edirlər ki, buna görə hər nə qədər təqdir edilsə də, rektorun adının saxta diplom məsələsində hallanması onun vəzifəsindən azad olunmsı ilə nəticələnə bilər. Lakin bu şəffaflıq və obyektivlik Texniki universitet üçün heç də tipik hal deyil. Bu haqda çoxsaylı şikayətlərlə müxtəlif instansiyalara müraciət edən tələbələr isə bildirirlər ki, bu yaxınlara qədər puı yığımlarını reallaşdırmaq və daha da intensivləşdirmək üçün universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülürdü. Məlumatlarda bu da qeyd olunmuşdu ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə məhz sessiya imtahanlarıdır. Belə ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə 100-150 manat tələb olunurdu. Digər tərəfdən isə son vaxtlar tələbələrin istehsalat təcrübəsindən azad edilməsinin ayrıca qazanc mənbəyi kimi istifadə edildiyi də daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır. Bunun üçün təyin olunmuş qiymətlər isə kifayət qədər böyük məbləğlərdə ifadə olunurdu. Məhz bu yığımların sayəsində Havar Məmmədov bu gün böyük bines şəbəkəsinin sahibinə çevrilmişdir. Məlumatlarda bildirilir ki, hazırda AzTU-nun rektoru “Saba Cars” avtomobil satış mərkəzinə, “Makro-market” mağazalar şəbəkəsinə şərikdir. Onun bir vaxtlar Novxanı qəsəbəsində özü və sabiq Təhsil naziri Misir Mərdanov üçün inşa etdirdiyi və “əkiz villalar” kimi tanınan qonşu mülkləri isə H.Məmmədovun həqiqətən böyük sərvət sahibi olmasına daha bir əyani sübutdur...Bununla belə məlumatlarda qeyd edilir ki, işin içindən çıxmaq üçün indidən qabaqlayıcı tədbirlər görmək istəyən ATU-nun rektoru bir müddət əvvəl özünə yaxın prorektor və dekanları bir araya gətirərək, onlarla müzakirələr aparıb. Mənbənin verdiyi məlumatda deyilir ki, həmin iclasda bir sıra məsələlər müzakirə olunub. Vurğulanır ki, Havar Məmmədov öz yaxınlarına universitetin təmiri ilə əlaqədar ona çatacaq külli miqdarda pulun tez bir zamanda toplanılaraq, ona çatdırılmasını istəyib. Üstəlik, tərəfdarlarına xəbərdarlıq edib ki, rektorluqdan getsə də, ona daha münasib vəzifə veriləcək. Ona görə də, kimsə cəsarət edib yeyinti və saxta diplomlarla bağlı bir kəlmə də danışmamalıdır.