BolgeXeber.Com » Gündəm » Komitə sədri Elman Rüstəmova qarşı

Komitə sədri Elman Rüstəmova qarşı

24-07-2014, 13:45
Oxunub: 2 840 Komitə sədri «Planet» şadlıq sarayını yoxlatdıra bilər

Gundelik-baku.com-un məlumatına görə MB rəhbərinin obyektində standartlara əməl edilmir.Mübarək Ramazan ayını yaşadığımız bu günlərdə toylara bir müddətliyinə fasilə verilib. Lakin bir neçə gündən sonra toy mövsümü yenidən start götürəcək. Fikir vermisinizsə, paytaxt ərazisində şadlıq saraylarının sayı durmadan artır. Özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər münasib yer tapan kimi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə əlaqəyə girib alqı-satqını reallaşdırırlar. Təbii ki, bu cür obyektlərin tikintisi əksər hallarda yaşıllıqların məhv olması ilə nəticələnir.

Daha çox yol kənarında inşa edilən şadlıq evlərinin tikintisi zamanı yüzlərlə, hətta minlərlə ağac kəsilir ki, bu da ekoloji mühitə mənfi təsir göstərir. Bayaq da qeyd etdiyimiz kimi, bir neçə gündən sonra toy mövsümü açıq elan ediləcək. Toylara dəvət alan vətəndaşlar, həmçinin övladına, yaxınına, doğmasına toy etmək istəyən insanların diqqətli olması məsləhətdir.

Çünki xarici görkəminə görə bizi özünə cəlb edən şadlıq saraylarının bir çoxunda standartlara əməl edilmir, bu azmış kimi qonaqlara köhnə və keyfiyyətsiz yeməklər verilir. Sanitar normaların gözlənmədiyi obyektlərdən biri də Nizami rayonunun ərazisində yerləşən «Planet» şadlıq sarayıdır. Məlumat üçün qeyd edək ki, paytaxtın ən məşhur məkanlarından biri kimi tanınan «Planet»in Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun olduğu iddia edilir. Şadlıq evinin faktiki müdiri isə Talıb adlı şəxsdir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza sızdırılan informasiyaya görə, şadlıq evinin müdiriyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 yanvar 2013-cü il tarixdən müəyyən etdiyi standartlara əməl etmir: «Komitə sədri Ramiz Həsənovun təsdiq etdiyi standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Sənədə əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı, bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır.

Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın dörddə biri qədər, yəni orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m sahəni tutmalıdır. Standartda həmçinin şadlıq saraylarının qarderobuna, barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər müəyyənləşdirilib. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyə olunur. «Planet»də bu standartların demək olar ki, heç birinə əməl edilmir.

Şadlıq sarayının mətbəxində vəziyyət acınacaqlı həddə çatıb. Standarta əsasən sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir, amma belə deyil. Mətbəxdə soyuq qəlyanaltıları və manqal yeməklərini hazırlamaq üçün ayrıca yer yoxdur. Havalandırma sistemi normal işləmir. Ət məhsullarının qəbulu məsələsində də bəzi nöqsanlar mövcuddur. Belə ki, ətin haradan gətirildiyi məlum deyil və baytar həkimlərin nəzarətindən keçirilmir. Nə bilmək olar, camaata bəlkə də ölmüş heyvanların, yaxud at, eşşək əti yedizdirilir. Ümumi sanitariya norma və qaydalarına, xammalların anbarda saxlanmasına da düzgün riayət olunmur.

Digər tərəfdən, standarta əsasən səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın və salondakı səs 85 dB(A)-dən yüksək olmamalıdır. «Planet» şadlıq sarayında keçirilən toy mərasimlərində səsdən adamın beyni tutulur. Müştərilərə təqdim olunan yeməklərdən isə danışmağa dəyməz. Salatların çoxu köhnə olur. Bir toydan qalan salatları növbəti toylarda müştərilərin qabağına qoyurlar. Ki, bu da bəzən toy iştirakçılarının kütləvi zəhərlənməsinə səbəb olur». İddialara görə, sanitariya və epidemiologiya stansiyası tərəfindən şadlıq evində yoxlama aparılsa da, mövcud nöqsanlara göz yumulur: «Şadlıq evinin rəhbərliyi stansiya işçilərini razı yola salır. Buna görə də mövcud problemlərin üstü ört-basdır edilir». Xatırladaq ki, Ramiz Həsənovun rəhbəri olduğu komitə bir müddət əvvəl müdafiə sənayesi naziri Yavər Camalova məxsus olan "Niaqara” restoranında yoxlama aparmışdı. Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu, bağırsaq çöpü aşkarlanmışdı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinə məsləhət görərdik ki, Elman Rüstəmova aid olduğu deyilən «Planet» şadlıq sarayında yoxlama aparsınlar. Maraqlıdır, görəsən, Ramiz Həsənov Mərkəzi Bank rəhbərinin obyektinə bata biləcəkmi?

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.