BolgeXeber.Com » Gündəm » Ağdamda Əhməd Əhmədzadənin kadrı qanunları saymır?

Ağdamda Əhməd Əhmədzadənin kadrı qanunları saymır?

25-07-2014, 13:40
Oxunub: 3 023 Drenlərin və kanalların cari təmiri üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hara xərclənir?

Bölgələrdə əkin sahələrinin suvarılması ilə bağlı olan vəziyyət göz qabağındadır. Aidiyyəti dövlət qurumlarının qarşıya qoyulan tapşırıqları lazımi səviyyədə həyata keçirə bilməmələri kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsi ilə nəticələnib. Yəni əkin sahələri vaxtında suvarılmadığından fermerlər istənilən nəticəni əldə edə bilmirlər. Nəzərinizə çatdıraq ki, ölkəmizdə meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi, 1925-ci ildə isə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı İdarəsi yaradılıb.

İdarə 1941-ci ildən Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılıb. 2006-cı ilin fevralından isə bütün səhmləri dövlətə məxsus olan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Bu qurum pespublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsini həyata keçirir. Dövlət büdcəsindən meliorasiya və su təsərrüfatı sektorunun inkişaf etdirilməsi məqsədilə iri həcmdə vəsaitlər ayrılsa da, yerlərdə fəaliyyət göstərən bəzi kadrlar mənfi işlərlə məşğul olurlar. Bunlardan biri də Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadədir. Qeyd etmək istəyirik ki, adıçəkilən məmurun fəaliyyətindəki qüsurlarla bağlı mətbuat səhifələrində dəfələrlə tənqidi məlumatlar verilib. Lakin idarə rəhbəri tənqidlərdən nəticə çıxara bilməyib. Mötəbər qaynaqlardan aldığımız bilgilərə görə, balansında 365 km suvarma kanalı, 27 km dren-kollektor, 130 hidrotexniki qurğu, 4 suyığıcı göl, 11 kəhriz və çoxlu sayda qaynama suları olan Ağdam Suvarma Sistemləri İdarəsində özbaşınalıq pik həddə çatıb: "İdarənin balansındakı kanallar, kollektor və hidrotexniki qurğuları, o cümlədən digər obyektləri saxlamaq və təmir etmək məqsədi ilə hər il dövlət büdcəsindən Ağdam Suvarma Sistemləri İdarəsinə böyük məbləğdə vəsait ayrılır. Hafiz Əzimzadə isə həmin vəsaitləri idarənin öhdəliyində olan işlərin həyata keçirilməsindən ötrü yox şəxsi məqsədləri üçün xərcləyir. Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlər 5 ilə yaxındır təmizlənmir. Hafiz müəllim hər il bu drenlərin təmizlənməsi və təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq şəxsi büdcəsinə keçirir. Ağdamda kənd təsərrüfatına yararlı ərazilərin suvarılması məqsədilə nəzərdə tutulan su kanalları vaxtında lildən təmizlənmir. Buna görə də kənd təsərrüfatı ilə məşğul olan insanlar əkin sahələrini lazım olan qaydada suvara bilmirlər. Müdirin qanunsuz işlərinin sayı-hesabı yoxdur. Hafiz Əzimzadə idarədə "ölü can" saxlayaraq adı olub özü olmayan işçilərin əməkhaqlarını alıb öz maraqlarına qurban verir. Bu adam tutduğu vəzifəyə sanki gəlir mənbəyi kimi baxır. Ağdam Suvarma Sistemləri İdarəsində ştat üzrə 170 nəfər işçi var, amma onların yarıdan çoxu işə gəlmir. İdarənin balansında olan texnikalar Ergi adlanan ərazidə xüsusi təsərrüfat sahibləri üçün iş görürlər. Həmin texnikaların gördüyü işlərin maddi qarşılığı Suvarma Sistemləri İdarəsinin rəhbərinə çatır. Texnikalar üçün dövlətdən ayrılan yanacaq başqa şəxslərə satılır. Ağdam Suvarma Sistemləri İdarəsinin balansında olan kanalların, drenlərin və hidro qurğuların il boyu cari təmiri, tikintisi işlərindən böyük miqdarda vəsaitlər mənimsənilir. Belə ki, drenlərin və kanalların cari təmiri üçün dövlət büdcəsindən ayrılan vəsaitlər məlum şəxslər tərəfindən silinir ki, nəticədə büdcəyə ziyan dəyir. İdarənin balansındakı kanalların, drenlərin və hidroqurğuların böyük əksəriyyəti bərbad vəziyyətdədir. Bir sözlə, idarə müdiri qanunları ayaq altına ataraq öz bildiyi kimi hərəkət edir". Məlumatda idarə tərəfindən keçirilən tenderlər zamanı yol verilən qanunsuzluqlardan da söz açılır. Mənbə deyir ki, bu il ərzində əsaslı və cari təmir işlərini yerinə yetirmək üçün mal-materialların və ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender elan edilib: "Tender nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin, əsaslı və cari təmir işlərində lazım olan mal-materialların satın alınması üçün nəzərdə tutulub. Bu kimi tenderlərin əsas qalibi Hafiz Əzimzadəyə yaxın olan şəxslərin şirkətləridir. O özünə yaxın olan şirkətləri tenderlərin qalibi etməklə müəyyən maraqlarını həyata keçirir". Qarşı tərəfin münasibətini öyrənmək cəhdlərimiz heç bir nəticə vermədi. Hər halda, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin məsələyə münasibət bildirməsi vacibdir və o, Ağdamdakı kadrının fəaliyyətini dərhal yoxlamalıdır.

Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.