BolgeXeber.Com » Gündəm » Baş redaktordan sərt etiraz gəldi

Baş redaktordan sərt etiraz gəldi

10-11-2011, 08:55
Oxunub: 4 803 Vasif Turan: «İstintaq orqanlarından tələb edirəm ki, baş vermiş faciə ilə bağlı araşdırma aparılıb, qısa müddət ərzində həqiqətləri ortaya çıxarsınlar»

Xəbər verildiyi kimi, bolgexeber.com saytının rəhbəri Vasif Turan oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki uşağını itirib. Həmin müddətdən artıq bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də istintaq orqanları baş vermiş faciə ilə bağlı heç bir tutarlı araşdırma aparmayıblar.

Bununla bağlı TİA.AZ-a açıqlama verən Vasif Turan bildirib ki, istintaqın hərəkətsizliyindən narazıdır və bununla bağlı dəfələrlə həmin qurumlara xəbərdarlığını edib. «Sonuncu dəfə FHN-in Əməliyyat İstintaq İdarəsində oldum və orada baş müstəntiqlə söhbət etdim. Qəhrəman Məmmədovla görüş zamanı bütün bildiklərini və şübhəli məqamları bir daha diqqətini çatdırdım. Amma artıq hadisənin üzərindən 40 günə yaxın vaxt keçir və heç bir nəticə yoxdur».

Baş redaktor deyib ki, istintaqın hərəkətsizliyi onun hiddətinə səbəb olub. Onun sözlərinə görə, bu günə qədər nə evin yanma səbəbləri barədə ona məlumat verilib, nə də uşaqlarının ölümü ilə bağlı ekspertiza rəyini ala bilir. «40 gündür evimin yanmasının səbəblərini tutarlı şəkildə əsaslandıra biləcək bir sənəd ortaya qoymayıblar. Bunun mənə qarşı törədilmiş qəsd olduğu dəqiqdir. Amma istintaq heç bir araşdırma aparmaq istəmir. Abşeron polisi isə yaxasını tamamilə kənara çəkib və onlara verdiyim şübhələndiyim adamları belə çağıraraq ifadələrini almırlar. Bu azmış kimi, morqdan da uşaqlarımın ölüm səbəbləri ilə bağlı ekspertiza rəyini ala bilmirəm. Hətta həmin sənəd istintaqa belə təqdim olunmayıb. Halbuki bu sənəd ən geci üç gün ərzində istintaqa təqdim olunmalıydı».

Hal hazırda iki körpəsinin 40 mərasiminə hazırlaşan və bu səbəbdən də başının qarışıq olduğunu bildirən Vasif Turan mərasimi yola verdikdən sonra mətbuat konfransı keçirməyi düşünür. O deyib ki, bu günlərdə morqdan ekspertizanın kağızını almağa çalışacaq. «Əgər onlar sənədi mənə verməsələr, məhkəməyə müraciət edəcəm. İstintaqla bağlı məsələyə gəldikdə isə bununla da bağlı düşündüklərim var. Bu barədə yaxın günlərdə keçirəcəyim mətbuat konfransında geniş açıqlama verəcəm».

Vasif Turan sonda onu da deyib ki, istintaqın indiyə qədər nəticəsiz hərəkətlərə yol verməsi səbəbindən tələb edir ki, qısa müddət ərzində araşdırmaları intensivləşdirilməlidir. «Tələb edirəm ki, polis və FHN-in nəzarətində olan istintaq üzrə araşdırmalar intensivləşdirilsin. Mən uşaqlarımın başına gələn bu müsibətin səbəblərini bilmək haqqına sahibəm və ona görə də, bunun tezliklə üzə çıxmasını tələb edirəm».

Vasıf Turan sonda onu da deyib ki, məsələ ilə bağlı həm özü, həm də mətbuat nümayəndələri prezident İlham Əliyevə müraciət edib. O bildirib ki, ünvanladıqları müraciətin dövlət başçısına çatdığına inanmır. “Mən Prezidentə inanıram. Əminəm ki, əgər müraciətim birbaşa ona çatsaydı, hər hansı bir tədbirin görülməsi ilə bağlı dərhal göstəriş verərdi”.