BolgeXeber.Com » Gündəm » Çimərliklərin əksəriyyəti xəstəlik mənbəyidir

Çimərliklərin əksəriyyəti xəstəlik mənbəyidir

31-07-2014, 16:20
Oxunub: 3 433 Təmizliyə nə sahibkarlar, nə də ora dincəlməyə gələn insanlar əməl edir



Bu gün bəzi sahibkarlar çimərlikləri natəmiz şəkildə istifadəyə veriblər. Aparılan müşahidələr göstərir ki, bir sıra çimərliklərdə sahilboyu antisanitariya hökm sürür. Çimərliklərdəki təmizliyə nə sahibkarlar, nə də ora dincəlməyə gələn insanlar əməl edirlər. Çimərliyin sahili pampers, plastik su qabları, sellofan, qarpız, yemiş qabıqları və sair tullantılarla zibillənir. Bu isə antisanitariyaya səbəb olur. Antisanitariya isə bir çox xəstəliklərə yol açır. Bir sözlə, öz əlimizlə özümüzə xəstəlik qazandırırıq. Bu mənzərədən ürəyi açılanlar da var, bulananlar da. Tullanıtların hara və necə gəldi atılması bir kənara, üstəlik üfunət iyi də ora dincəlməyə gələnləri təmiz havadan məhrum edib. Digər çimərlik sahələri özəlləşdirildiyi üçün məcbur olub bu şəraitdə istirahət edirlər. Bu cür çimərliklərdə təhlükəsizlik qaydalarına riayət olunmur və suda boğulma halları ən çox həmin ərazilərdə qeydə alınır.

Qeyd edək ki, suda boğulma hallarının qarşısını almaq üçün çimərliklərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları nəzarət edir.

Xidmət tərəfindən günün 24 saatı işlər aparırlar. Səhər saat 9-dan axşam saat 21-dək gücləşdirilmiş rejimdə işləyən xidmət əməkdaşları suyun içərisində və sahilboyu müəyyən olunmuş xətt üzrə insanları müşahidə altında saxlayırlar.

Ancaq təəssüf ki, nəzarət olunmayan ərazilərdə boğulma faktları qeydə alınır. Hadisələrin baş verməməsi üçün yerli icra orqanları müəyyən işlər görməli, insanları maarifləndirməlidir.

Ümumi çimərliklərdə yerli icra hakimiyyəti orqanları təhlükəsizlik üçün minimum təmizləmə işləri görməli, oranı təhlükəsizlik qaydalarına cavab verən çimərlik halına salmalıdır.

Qeyd edək ki, bu il mövsüm başlanandan təcili yardım briqadaları Bakının 15 çimərliyində vətəndaşlara xidmət göstərir. Bunlara Bilgəh, Şıx-2, Zaqulba, Buzovna, Hövsan, Pirşağı, Nardaran-1, Nardaran-2, Novxanı, Türkan, Fatmayı, Qobustan, Qaradağ-1, Mərdəkandakı Sahil-1, Lökbatan çimərlikləri daxildir. Çimərliklərin hamısı qanuni çimərliklərdir və insanlar rahat şəkildə buradan istifadə edə bilərlər. Həmin çimərliklərə insanlar daha çox müraciət etdiyi üçün onları "ümumi çimərliklər" də hesab etmək olar.

Çimərliklərə girişin pullu və pulsuz olmasına gəlincə, sahil boyu hasarlanan ərazilərdə insanlardan giriş üçün pul istənilməsi qanunla qadağandır və hər bir vətəndaş belə hallara qarşı mübarizə aparmalıdır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı var, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb, özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmətə görə pul ödəyə bilər. Məlumat üçün bildirək ki, 2011-ci il tarixli sərəncamına əsasən, paytaxtda bütün çimərliklərə giriş birmənalı olaraq pulsuzdur. Bakı şəhər İcra Hakimiyyəti rəhbərinin 2011-ci il tarixli sərəncamına əsasən, paytaxtda bütün çimərliklərə giriş birmənalı olaraq pulsuzdur. Lakin buna baxmayaraq, hələ də pullu çimərliklər fəaliyyət göstərir. Bu sərəncam həm dövlət, həm də özəlləşdirilmiş çimərliklərə aiddir. Bu məsələylə bağlı şikayəti olan hər bir vətəndaş Bakı Şəhər İcra hakimiyyətinə müraciət edə bilər. Öz növbəsində paytaxtın İH-in mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar şikayət üçün çimərliyin ərazisində yerləşdiyi yerli icra hakimiyyətinə müraciət etməlidir. Pullu çimərliklərdə xidmət haqları həddən artıq yüksəkdir. Bu çimərliklərdən hər kəs istifadə edə bilmir. Bəzi çimərliklər özəlləşdirildiyinə görə, kim nə istəyir onu da edir. Yəni istədikləri qiyməti tətbiq edirlər. Bu da istirahət etmək istəyən vətəndaşların narazılığına səbəb olur.