BolgeXeber.Com » Gündəm » Texniki Humanitar Liseydə rüşvətxorluq hökm sürür

Texniki Humanitar Liseydə rüşvətxorluq hökm sürür

2-08-2014, 17:30
Oxunub: 4 740 Simuzər Əliyeva niyə istefa vermir?

Hazırda ölkənin təhsil sistemi daxil olmaqla, bir sıra sahələr problemlə üz-üzədir. Bu gün problemlə qarşı-qarşı duran təhsil qurumlarından biri Texniki Humanitar Liseyidir. Qeyd edək ki, Nəsimi rayon Texniki-Humanitar lisey 2000-ci ildə fəaliyyətə başlayıb. Hazırda direktoru Simuzər Əliyevadır. Son bir neçə ayda liseyə direktor təyin olunan Simuzər Əliyeva liseydə apardığı islahatlar şagirdlər tərəfindən müsbət qarşılanmadı. Onun təyinindən sonra dəfələrlə liseydə etiraz aksiyası keçirildi. Şagirdlər yeni direktorun liseyi ödənişli etməsinə qarşı etiraz nümayiş etdirdilər. Qəzetimizə daxil olan məlumata görə liseyin əvvəlki direktoru təhsil müəssisəsini necə qoyub getmişdisə, yeni direktor da vəziyyəti daha da pisləşdirib. Öz aləmində islahat apardığını düşünən Simuzər Əliyeva əksinə yol verdiyi nöqsanlarla liseydə tədrisi, eyni zamanda təlim-tərbiyə prosesinin səmərəliliyini minimuma endirib.

Qəzetimizə daxil olan məlumata görə, Texniki Humanitar Liseydə vəziyyət çox acınacaqlıdır. Burada özbaşınalıq, qanunsuzluq və rüşvətxorluq hökm sürür. O səbəbdən də təhsilin səviyyəsi yox dərəcəsindədir. Şagirdlərin dərsə davamiyyəti sıfıra bərabərdir. Xüsusilə də 10-11-ci sinif şagirdləri repititor yanına getdiyinə görə demək olar ki, dərslərdə iştirak etmirlər. Nəyinsə müqabilində dərslərdən yayınırlar. Sözsüz ki, rüşvət olan yerdə nə təhsilin keyfiyyətindən, nə də şagirdlərin dərsə davamiyyətindən söhbət gedə bilməz. Liseyə lazım olan texniki avadanlıqlar sıradan çıxıb. Tələbələrin köhnə, istifadəyə yararsız avadanlıqlardan istifadə etdiyini deyən etibarlı mənbənin sözlərinə görə, dəfələrlə bununla bağlı Simuzər Əliyevaya iradlarını bildirsələr də, lisey rəhbəri müəyyən bəhanələrlə maliyyə çatışmazlığını əsas gətirərək, şagirdləri buna inandırmağa çalışır. Lakin hamıya bəllidir ki, dövlət tərəfindən bu liseyə müəyyən miqdarda maliyyə vəsaiti ayrılır. Bu isə onu göstərir ki, lisey rəhbəri bütün dövlət vəsaitini mənimsəyir. Bundan başqa o, bir sıra qanun pozuntusuna yol verib. Liseyin texniki avadanlıqlarının əksəriyyətini satışa çıxarıb. Bir sözlə, sözügedən lisey özbaşınalığın, rüşvətxorluğun, qanunsuzluğun qurbanına çevrilib. Etibarlı mənbələrin verdiyi məlumata görə, adıçəkilən liseydə şagirdlərin təqaüdləri mənimsənilir.Qeyd olunur ki, bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Eyni zamanda şagirdlər də pul verərək aylarla dərsə gəlmirlər. Bu da müəllimlərin narazılığına səbəb olur. Bir sözlə, bütün bunlar ciddi qanun pozuntusu kimi qiymətləndirilməli və müvafiq qurumlar tərəfindən dərhal araşdırılmalıdır. Bundan başqa adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Elə şagird də var ki, adı jurnalda yoxdur. Amma dərslərdə iştirak edir. Söhbətin nədən getdiyi isə hamıya bəlli oldu.

Bundan başqa sözügedən lisey çox baxımsız durumdadır. Liseydə müəllim-tələbə heyəti üçün lazımı şərait yoxdur. Qışda bu təhsil müəssisəsində dərslərdə oturmaq mümkün deyil. Şagirdlər üşüdüklərinə görə otaqlarda üst geyimlərini çıxarmadan otururlar. Şagirdlərin əksəriyyəti havanın soyuq olmasına görə dərsə gəlmirlər. Bu kimi problemlərə görə təhsilə olan maraq azalıb. Ortaya belə bir sual çıxır. Bəs, dövlət büdcəsindən ayrılan vəsaiti Simuzər Əliyeva hara xərcləyib? Bütün bunlar göstərir ki, lisey direktoru dövlətin ayırdığı vəsaitin arxasına keçib. Bu isə dövlətə və dövlətçiliyə xəyanət hesab olunur.

Məktubda qeyd olunur ki, tədrisin səviyyəsi də çox aşağıdır. Hər dəfə şikayət etmələrinə baxmayaraq, vəziyyət olduğu kimi qalıb. Elə fənn var ki, tədris olunmayıb. Lakin imtahan salınır. İmtahanlar zamanı isə heç keçmədikləri dərslərdən suallar tərtib olunur. Belə olan halda şagird bu imtahandan necə keçə bilər. Tədris olunan dərslərin də çoxusu keyfiyyətsiz keçirilir.

Bir sözlə, bütün bunları təhsil naziri də nəzərə alsa, yaxşı olar. Çünki bu gün Texniki Humanitar Liseyində digər peşə məktəblərində də yaşanır. Ona görə də təhsil naziri bütün peşə məktəblərində baş verən neqativ halları araşdırmalı və bununla bağlı ölçü götürməlidir. Əks halda təhsil sistemi daha da ağır duruma düşəcək.

Qeyd edək ki, bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) BŞTİ Texniki Humanitar liseydə monitorinq keçirmişdi. Keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb. Nəticədə müəyyən sualların proqramdan kənar olması aşkarlanıb və monitorinqin nəticələri ləğv edilib.