BolgeXeber.Com » Gündəm » Reklamlarla özlərinə müştəri cəlb edən banklar

Reklamlarla özlərinə müştəri cəlb edən banklar

5-08-2014, 15:15
Oxunub: 3 167 Reklamlarla özlərinə müştəri cəlb edən banklar

Sovet dönəmində Azərbaycan əhalisi öz pullarını bankda saxlamağa daha çox üstünlük verirdi. Çünki o dövrdə inflyasiya olmadığından, pulun məzənnəsi stabil qalır, dəyərini itirmir, üzərinə normal faizlər gəlir, bank istiqrazları vasitəsilə iri uduşlar da əldə etmək olurdu. Lakin vahid iqtisadi sistemin dağılmasından sonra bank sektoru tənəzzülə uğradı, əmanətlərin taleyi isə qeyri-müəyyən qaldı.

Bu isə Azərbaycanın da daxil olduğu post-sovet məkanında əhalinin banklara olan inamına ağır zərbə vurmuş oldu. Hazırda əhalinin banklara olan etibarı uzun müddətdir bərpa olunmur. Təbii ki, bu istiqamətdə son vaxtlar baş verən bəzi hadisələr də mühüm rol oynayır. Məsələn, bir müddət əvvəl "Röyalbank" müflis olan zaman əmanətçilərin 30 faizə yaxını əmanətlərini ala bildi, 70 faizdən yuxarı isə pulunu itirdi. Bu vəziyyət Mərkəzi Bankın (MB) məlumatlarını təkzib edir. Lakin fakt, faktlığında qalır ki, vətəndaşlar qoyduqları əmanətləri ala bilmədilər. Ümumiyyətlə, hazırda fəaliyyət göstərən bankların durumu heç də qənaətbəxş deyil. Yalnız reklamlarda bankların daha sərfəli kreditlər təklif etdiklərini, faizlərin aşağı olmasını, çox asan şəkildə kreditlərin əldə edildiyini görürük. Amma banklara yaxınlaşdıqda, bu durumların hamısının yalan olduğu bəlli olur. Bu kimi durumlardan vətəndaşlar hər zaman şikayət edir, amma məcburiyyətdən bankların şərtləri ilə razılaşmalı olurlar. Məsələn, ən çox adı narazılıqlar içində hallanan banklardan biri "Access Bank"dır. Belə ki, "Access Bank" ən çox vətəndaşları aldadan, yalan reklamlarla reytinq yığmağa çalışan banklardan hesab olunur. Məlumat üçün qeyd edək ki, 2002-ci ildən fəaliyyətdə olan, Azərbaycan Mikromaliyyəşdirmə Bankı (AMMB), 2008-ci ilin sentyabr ayından etibarən brendini "AccessBank"a dəyişib. Altı illik fəaliyyətdən sonra bankın adının dəyişdirilməsi qaranlıq məqamlardan birincisidir. Bildiyimiz kimi, bankların müxtəlif rayonlar üzrə şöbələri fəaliyyət göstərir. Bu gün Yasamal rayonu ərazisində fəaliyyətdə olan, İnşaatçılar pr., 4a ünvanda yerləşən "AccessBank"ın Elmlər Akademiyası filialı vətəndaşların demək olar ki, ən çox şikayət etdiyi filialdır. Sözügedən filiala müraciət edən şəxslərin dediklərinə görə, burada bəlkə də, ən aşağı xidmət burada göstərilir. Vətəndaşlara göstərilən xidmət sıfıra bərabərdir. Reklamlarda deyildiyi kimi, edilən müraciətlər heç də asan və tez başa gəlmir. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməçiliklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarla növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Yüzlərlə insan növbədə dayanıb, öz növbəsinin çatmasını gözləyir. Vay o günə ki, nahar fasiləsinə düşəsən. O zaman bir xeyli də, gözləmək lazım gəlir. Göstərilən xidmətin aşağı olması ilə yanaşı, bankın yerləşdiyi ərazi də çox bərbad vəziyyətdədir. Burdan da, belə nəticəyə gəlmək olar ki, bank müştərilərini yox, yalnız öz şəxsi mənfəətini və yalnız pul qazanmağı düşünür. Sözün qısası "AccessBank"ın Elmlər Akademiyası filialına bir dəfə müraciət edən şəxs, bir daha ora ayaq basmaq belə, istəmir.

Bu kimi sadalanan durumlar sadəcə olaraq, insanların banklara olan etimadı, inamını bir daha heçə endirmiş olur.
gundelik-baku