BolgeXeber.Com » Gündəm » Benzin niyə bahalaşdı?

Benzin niyə bahalaşdı?

7-08-2014, 08:35
Oxunub: 2 908 Vüqar Bayramov: “Bu, sahibkarlar tərəfindən süni şəkildə artırılır”

Avqustun 6-sı gecəyarıdan etibarən ölkəmizdə benzinin qiymətində dəyişiklik olub. Belə ki, “Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Artıq Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda ”Premium" markalı benzin müştərilərə 97 qəpikdən satılır. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib. Şurasının benzinin bahalaşmağı ilə bağlı məlumatında qeyd olunur ki, ötən il dekabrın 2-də avtomobil benzininin pərakəndə satış qiymətləri Aİ-92 markalı benzin üçün 70 qəpik, Aİ-95 markalı benzin üçün 80 qəpik müəyyən olunub. Həmçinin Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, “Premium Avro-95" və ”Super Avro-98" benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Tanınmış iqtisadçı Vüqar Bayramov hesab edir ki, qiymətlərin artırılması ilə bağlı dövlət məsuliyyət daşımır: “Dünya markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bu olmadığına görə bazar tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Bu gün 95 markalı benzin tənzimlənən qiymətlər sırasında deyil. Faktiki olaraq, sahibkarlar bu markalı benzinin qiymətini müəyyənləşdirirlər. Qiymət müəyyən olunarkən dünya bazarındakı neftin bazar qiyməti, vergilər öz təsirini göstərir. Onu da qeyd edək ki, neftin bahalaşması nəqliyyatın qiymətinə təsir etmir. Əvvəlki xərclərlə benzin ölkəyə gətirilir. Ölkəmizdə vergilərdə dəyişiklik yoxdur. Azərbaycana gətirilən 95 markalı benzinin vergi xərcində də hər hansı bir dəyişiklik yoxdur. Dünya bazarında əks proses baş verir. ”Brend" markalı benzinin qiymətinin azalması müşahidə olunur. Bir ay əvvəl dünya bazarında “Brend” markalı benzin 110 dollara satılırdısa, hazırda bu qiymət 105 dollardır. Göründüyü kimi, bu, markalı benzinin qiyməti 5 dollar azalıb. Əslində dünya neft bazarında ciddi dəyişiklik müşahidə olunmur. 95 markalı benzinin xərc strukturunda da dəyişiklik yoxdur. Bu benzin əvvəlki maye dəyərində istehsal olunur. Azərbaycana da bu şəkildə gətirilir. Bu markalı benzində dəyişikliklər yoxdursa, deməli, bu süni artımdır. Bu baxımdan artım iqtisadi əsaslara malik deyil. Qiymət sahibkarlar tərəfindən artırılır. Dövlət bu artıma görə məsuliyyət daşımır".

Vüqar Bayramov qiymət artımının ölkə iqtisadiyyatına göstərə biləcəyi təsirdən də danışdı: “95 markalı benzinin qiymətinin artması digər məhsullara təsir etməyəcək. Çünki əsas istifadə olunan 92 markalı benzindir. Dizel yanacaqlarından da geniş istifadə olunur. Hazırda sənaye sektorunda daha çox 95 markalı benzin və dizel yanacağından geniş istifadə olunur. Nəzərə alsaq ki, 92 markalı benzinin qiyməti artmayıb. Bu benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurasının son məlumatında da 92 markalı benzinin qiymətinin artmayacağı göstərilib. O cümlədən dizel yanacağında da artım olmayacaq. Bunlar artmadığı üçün, yaxın zamanlarda da müşahidə edilmədiyinə görə digər ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti artmayacaq. Sadəcə 95 markalı benzinin qiyməti ondan istifadə edən sürücülər üçün əlavə xərc yaradacaq. Heç bir halda bu digər məhsulların artması üçün zəmin yaratmır. Qiyməti artan 95 markalı benzindən istifadə edənlərin sayı da azdır. Ona görə də bu, istər süni, istər iqtisadi, istərsə də, psixoloji olaraq, digər məhsulların artması üçün əsas yaratmır”.