BolgeXeber.Com » Gündəm » Bəs bu özbaşınalıqları kimin ayağına yazaq, Arzu Rəhimov?

Bəs bu özbaşınalıqları kimin ayağına yazaq, Arzu Rəhimov?

7-08-2014, 15:15
Oxunub: 3 751 Bəs bu özbaşınalıqları kimin ayağına yazaq, Arzu Rəhimov?



Qanunvericiliyə uyğun olaraq çağırışçıların hərbi xidmətə yola salınmasında, habelə səfərbərlik məsələlərindəki ciddi nöqsanların hələ də aradan qaldırılmaması üzündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun gələcək karyerası getdikcə daha da ağırlaşmaqdadır. Məsələ burasındadır ki, dövlət xidmətinin yaradılmasından az qala 3 ilə yaxın vaxt keçsə də, Arzu Rəhimov bu günə qədər rəhbəri olduğu SHXÇDX-in fəaliyyətində hələ ciddi nizam-intizam, dönüş yarada bilməyib. 2012-ci ilin fevralında yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir sıra struktur islahatları həyata keçirilsə də, qanunsuzluqlar, özbaşınalıqlar, çatışmazlıqlar bitib-tükənmək bilmir.

Özü də Arzu Rəhimovun bəzi işçilərinin qanunsuzluqları ölkəmizin ən mühüm güc strukturunun - ordumuzun fəaliyyətinə təsir göstərir. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov xidmətə yararsızları geri çağırıb. Müdafiə nazirinin göstərişinə əsasən, hərbi xidmətə çağırılanların dərinləşdirilmiş müayinəyə cəlb olunması və hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçının geri qaytarılması nəticəsində, çağırışçıların ilkin tibbi müayinəsində yol verilmiş səhvlərə görə tərxis olunanların sayı cari ilin 6 ayında 38 faizə qədər azalıb. Hazırda gənc əsgərlərin arasında xəstələrin seçilməsi davam etdirilir. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyevin sözlərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi həkim kontingenti qarşısında əsas tövsiyə və tələbi ondan ibarətdir ki, sırada dayanan hərbi qulluqçu sağlam olmalıdır. Əgər hərbi çağırışçıda patologiya aşkar edilibsə, ona orduya tam yararlılığı sübut edilənə qədər hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Bu məqsədlə ordu birliklərində gənc əsgərlərin təkrar tibbi müayinədən keçirilməsi tərəfimizdən təmin edilir. Hər bir əsgər müasir flüoqrafiya aparatından, bundan əlavə elektrokardioqrafiya və ultrasəs müayinəsindən keçir. Terapevt, cərrah, psixo-nevroloq, stomatoloq, laborant, rentgenoloq və s. ixtisaslar üzrə həkim heyəti gənc əsgərin hərbi xidmətə yararlığına əmin olduqdan sonra həmin əsgər ordumuzda hərbi xidmətə qəbul edilir".

Burada əsas yalnız sağlam gənclərin Azərbaycan Ordusunda xidmətini təmin etməkdir: "Azərbaycan müharibə şəraitindədir və düşmənlə təmas xəttində yerləşən hərbi bölmələrin şəxsi heyəti ağır coğrafi iqlim şəraitində döyüş tapşırıqlarını icra edir. Məhz belə şərait yalnız sağlam və mənəvi-psixoloji baxımdan hazırlıqlı əsgərlərin hərbi xidmətə cəlb edilməsini sövq edir".

Belə olan halda cavabını Arzu Rəhimovun verməli olduğu sual ortaya çıxır: - cənab general-leytenant, əgər çağırışçıların sağlamlığını, orduya yararlı olub-olmadığın Müdafiə Nazirliyi təkrar yoxlayırsa, bəs onda siz və rəhbərlik etdiyiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nə üçündür? Belə çıxır ki, hərbi çağırış prosesi xəstə, yararsız gənclərin ordu sıralarına göndərilmələri, Müdafiə Nazirliyinin isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrinin bu özbaşınalıqlarını aşkarlayıb qanunsuzluqları aradan qaldırmaqdan ibarətdir? Orduya göndərilən 205 yararsız çağırışçıya görə məsuliyyəti kim daşıyır Arzu Rəhimov? Mətbuatla şərəf və ləyaqət məhkəmə çəkişməsini aparan general-leytenant, bəs valideynlər 205 nəfər xəstə çağırıçsının ordu sıralarına göndərilməsinə görə şərəf və ləyaqət davasını kiminlə aparsınlar? Lütfən daha deməyin ki, orduya sağlam gəncləri göndəririk, xəstə çağırışçıların ordu sıralarına göndərilmələrinə göz yumulmur.

P.S Rayon hərbi komissarlarının nəzərinə: İşlərinizi tam səhmana salın, heç kimdən rüşvət almayın. Sağlamları "niqodnıy” etməyin. Aydın Namazovu yadınıza salın.

P.P.S. Təhqiqatın rəisi Yunus müəllim rayonlara ezam olunub. Görəsən, kimin evi yıxılacaq? Komissarlar sözü bir yerə qoyub, rüşvətə yox deyə bilərlər. Hamını işdən çıxarmayacaqlar ki?gundelik-baku