BolgeXeber.Com » Gündəm » Bəzi məmurlar təşviş içində...

Bəzi məmurlar təşviş içində...

7-08-2014, 15:20
Oxunub: 2 054 Müharibə qorxusundan onlar övladları ilə bərabər sərvətlərini də xaricə qaçırırlar



Son günlər ölkədə cəbhə xəttində baş verən insidentlər sadə vətəndaşdan tutmuş məmurlara qədər hamıda təşviş yaradıb. Müharibənin başlayacağını istisna etmirlər. Müharibə övladın atasız, ananın övladsız, ailələrin başsız qalması deməkdir. Amma bu da var ki, torpaqlarımız işğal altındadır. Və 20 ildən artıqdır ki, sülh yolu ilə azad olunmur. Ona görə də müharibədən başqa yolun olmadığı bildirilir. Lakin bu gün bəzi məmurlar müharibə qorxusundan əməlli-başlı hərəkətə keçiblər. Əldə etdiyimiz məlumata görə, bəzi məmurlar Gədəbəy, Tovuz, Qazax, Goranboyda yerləşən əmlaklarını paytaxta yaxın yerlərə köçürməyə başlayıblar. Belə ki, buradakı pullarını xarici banklara köçürürlər.

Bundan başqa istirahət adı ilə öz övladlarını xaricə göndərirlər. Bizə verilən məlumata görə, inanılmaz dərəcədə maraqlı önləyici tədbirlər görən məmurlar var. Bu gün bəzi oliqarxlar orduda övladlarının cəbhə bölgələrinə cəlb olunmaması üçün əllərindən gələni etməkdə davam edirlər. Konstitusiyamızda göstərilir ki, hamı qanun qarşısında bərabərdir. Lakin bir sıra vəzifəli şəxslər Konstitusiyamızın bu maddəsinə məhəl qoymurlar. Ordudan yayınırlar. Ölkənin belə bir durumunda isə ölkədən qaçmağa çalışırlar. Bu hansı vicdana sığar? Nəyə görə cəbhə bölgəsində yalnız kasıb-kusubun uşağı olmalıdır. Axı onlar da bir ananın, bir atanın övladıdır. Ümumiyyətlə, qanunlar niyə elə sadə vətəndaşlara tətbiq olunmalıdır? Hər bir Azərbaycan vətəndaşı kimliyindən asılı olmayaraq, Vətən qarşısında olan borcunu yerinə yetirməlidir. Siravi vətəndaşdan tutmuş ali baş komandana kimi hər bir şəxs Vətən qarşısında üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Atalarının, analarının, doğmalarının hesabına bu dövlətdən kifayət qədər bəhrələnən, bu dövlətin maddi naz-nemətindən yararlanan məmur övladları ön cərgədə olmalıdır. Onlar bu işdə ikinci planda olmamalıdırlar. Onlar fəallıq göstərməlidirlər. Çünki onların fəallığı digərlərinə də yaxşı bir nümunə olacaq ki, sabah komandirlər və yaxud da rəislər hər hansı bir məmur, hər hansı bir nazir müavini, şirkət rəhbəri övladının vətənin ağır günündə ön cəbhədə olmasını həm bir nümunə kimi göstərə bilər, həm də ki, mənəvi cəhətdən onların bu ifadəni işlətməyə haqqı olar ki, bizdə hamı qanun qarşısında bərabərdir. Hər bir Azərbaycan kişisi düşmənə sipər olmağa hazırdır. Əvvəlki illərdə belə nümunələr var idi. Bizim məmur övladları da öz mənliyini göstərsinlər, özlərinin sürdükləri qayğısız həyatdan müvəqqəti də olsa ayrılsınlar və hər bir əsgərin, hər bir Azərbaycan kişisinin yerinə yetirə biləcəyi bir işin altına girsinlər. Müxtəlif bəhanələr altında aradan çıxmasınlar. Çünki bu gün üzdə olan xeyli məmur övladı var ki, böyük-böyük vəzifələrdədir. Bilirsiniz ki, səhiyyə sahəsində çalışan böyük bir məmurun övladı bankirdir. Digər bir polis sistemində çalışan məmurun övladı biznesmendir. Hərbi sahədə çalışanın övladı ölkədə tanınmış vergi mütəxəssisidir. Hərbi sahədə çalışan bir məmurun övladı prokurorluq sistemində çalışır. Siyahını uzatmaq da olar. Amma istənilən halda hər bir gənc öz kişilik borcunu Vətən qarşısında layiqincə yerinə yetirməlidir. Onu da qeyd edək ki, son vaxtlar bəzi məmur övladları həqiqətən öz həddlərini aşıblar. Onlar xalqı aşağılayır, təhqir edir, hər cür özbaşınalıqlara yol verirlər. Eyni zamanda onların özləri, övladları qudurğanlıq edir, kriminallar törədir və əhalini təhqir edən hərəkətlərə yol verirlər. Qubada, İsmayıllıda baş verən hadisələr bunun bariz nümunəsi sayıla bilər.

Diqqət etsəniz görərsiniz ki, müharibə ilə bağlı yayılan informasiyalardan sonra şəhərdə bahalı maşınlar gözə dəymir, yollarda tıxaclar əhəmiyyətli dərəcədə azalıb, avtoxuliqanlıq edənlər yoxa çıxıb. Məsələ ondadır ki, əksər vəzifəli şəxslər övladlarını istirahət adı altında xarici ölkələrə göndəriblər. Hətta şəhərdə bir qayda olaraq zəngin məmurların övladlarının yığışıb əyləndiyi bir sıra elit gecə klubları da fəaliyyətini dayandırıb. Məmurlar onları ən azı cəbhə bölgəsində sakitlik yaranana qədər xarici ölkələrə yollamaqla başlarına gələ biləcək hadisələrdən sığortalanmağa çalışırlar.

Mənbəmiz deyir ki, bəzi məmurlar hazırda bərk təşviş içindədir: "Onlar hər an müharibənin başlamasından narahatlıq keçirirlər. Bu üzdən də önləyici tədbirər görməyə başlayıblar".

Bundan başqa bir sıra məmurlar var ki, övladlarını ölkədən xaricdə işə düzəlmələrinə yardım ediblər. Əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlıdır. Əldə etdiyimiz məlumata görə, Baş Qərargah rəisinin iki oğlu Azərbaycanın müxtəlif dövlətlərdəki səfirliklərində çalışırlar.

Ümumiyyətlə isə Azərbaycanın əksər səfirlik və konsulluqlarında məmur uşaqlarının çalışdığına dair faktlarla rastlaşmaq mümkündür.

Bütün bunlar onu deməyə əsas verir ki, bəzi çoxbilmiş məmurlar bu yolla övladlarını hərtərəfli təhlükələrdən qorumuş hesab edirlər. Görünür, kimlərsə ölkədə siyasi situasiya dəyişəndən sonra övladlarının karyera və təhlükəsizliyinə təminat almaq üçün onları Azərbaycandan qıraqda tutmağa üstünlük verirlər.gundelik-baku