BolgeXeber.Com » Gündəm » 1 saylı Psixiatriya Xəstəxanasında açınacaqlı vəziyyət

1 saylı Psixiatriya Xəstəxanasında açınacaqlı vəziyyət

9-08-2014, 10:40
Oxunub: 4 810 Ağahəsən Rəsulov tibb müəssisəsini uçuruma sürükləyir

Bu gün səhiyyə sahəsində o qədər problem yaşanır ki, adam bilmir hansı problemi qabartsın. Bu gün problemlər içərisində çabalayan Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından söhbət açacıq. Bu xəstəxanada vəziyyət qənaətbəxş hesab olunmur. İlk öncə xəstəxananın təmirindən danışım. Burada xəstələr dözülməz şəraitdə yaşayırlar. Xəstəxananın tavanı az qala xəstələrin başına uçsun. Xəstəxanadakı səliqəsizlik ilk baxışda insanlara mənfi təsir göstərir. Buradakı dözülməz şərait xəstələrin vəziyyətini daha da pisləşdirir. Xəstəxananın əvvəlki vəziyyəti ilə müqayisə etsək, indiki durum daha bərbaddır. Əldə etdiyimiz məlumata görə, sözügedən tibb müəssisəsində qayda-qanun, işçilər arasında nizam-intizam yox səviyyəsindədir.

Xəstələrə diqqət və qayğı demək olar ki, göstərilmir. Orada çalışan həkimlər xəstələrə qarşı laqeyd münasibət bəsləyirlər. Onları vaxtlı-vaxtında müayinə etmirlər. Ona görə də xəstələrin durumu günü-gündən pisləşir. Onların təmizliyinə isə nəzarət demək olar ki, yox dərəcəsindədir. Həkimlər xəstələrlə qeyri-normal rəftar edir, bəzən isə onların düşdüyü vəziyyətdən istifadə edərək etikadan kənar ifadələr işlədirlər. Xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarına da göz dikirlər. Burda verilən yemək keyfiyyətli olmadığından ailə üzvləri hər gün xəstələrə yemək gətirirlər. Həkim məsuliyyətsizliyi ucbatından psixi problemi olan insanlar xəstəxanada çox qalmaq istəmirlər. Qeyd edək ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun bütün bunlardan xəbəri olsa da, heç bir tədbir görmür.

Xatırladaq ki, 1 saylı Psixiatriya Xəstəxanasında baş vermiş hadisə böyük səs-küy yaratmışdı. Sözügedən tibb ocağı nəzarətsiz buraxılıb. Xatırlayırsınızsa bu yaxınlarda dörd xəstə gecə qapını sındıraraq 1 saylı Psixiatriya Xəstəxanasından qaçmışdı. Xəstəxanadan 4 xəstənin gecə qaçması buradakı vəziyyətin ürəkaçan olmadığını göstərirdi. Bunu 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun özü də etiraf etmişdi. Baş həkim iddia etdi ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar. Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar. Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirdilər. Ruhi əsəb dispanserindən qaçmış və müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin axtarışı uzun müddət sonra nəticə verdi. Onların xəstəxanadan qaçma şəraitləri barədə qəzetimizə müxtəlif versiyalar daxil olmuşdu. Xəstəxanadan qaçmağa müvəffəq olan şəxslərdən biri Tural Abbasov Binəqədi rayonunun köhnə Pişəvəri, indiki Cavadxan küçəsindəki 4 saylı binada yaşayırmış. Qonşuların sözlərinə görə, oğlunun narkotik istifadəçisi olduğunu bilən Gülhüseyn Abbasovun səhhətində ciddi problemlər yaranır və o dünyasını dəyişib. Ailə bundan sonra binada onlara məxsus olan 2 mənzildən birini satıb, digərini isə kirayə verərək ərazidən köçür. Narkotik asılılığı isə Turalın sonrakı həyat yolunu bir sıra cinayətlərə qədər aparıb çıxarıb. Elə bu səbəbdən idi ki, o Cinayət Məcəlləsinin 4 maddəsi 177 - oğurluq, 178 - dələduzluq , 181 -quldurluq və 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə təqsirli bilindi. Ruhi əsəb dispanserindən qaçan digər şəxslər Razim Hacıyev və Yusif Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci quldurluq maddəsi ilə, Elvin Nəsrullayev oğurluq maddəsi ilə ittiham olunublar. Daha bir maraqlı məqam isə bu şəxslərin məhkəmə qərarı ilə təcridxanaya deyil, psixoloji dispanserə göndərilməsi idi. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası həmin şəxslərin dispanserə nə zaman və hansı psixoloji durumda gətirilməsi ilə bağlı hər hansı dolğun məlumat vermədi. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, digər ruhi əsəb dispanserlərindən fərqli olaraq, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ətraf mühit üçün təhlükə törədə bilən ruhi xəstələr eləcə də barəsində məhkəmə hökmü olmayan müqəssirlər və məhkəmə hökmü olan islah əmək müəssisələrində cəza çəkən cinayətkarlar müalicə olunurlar. Həmin cinayətkarların isə təcridxanadan dispanserə yerləşdirilməsi həkim-ekspertlər tərəfindən verilən rəy əsasında həyata keçirilir.

Qəzetimizə daxil olan xəbərlərə görə, ruhi xəstələrin qaçmasında 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının bəzi işçilərinin də əli olub. Hətta işçilərin səhlənkarlığa yol verməsi də istisna deyil. Xəstəxananın işçilərindən biri əməkdaşımıza bildirdi ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılıb, amma keyfiyyət yüksəldilməyib.