BolgeXeber.Com » Gündəm » Sığorta bazarında məmur inhisarı

Sığorta bazarında məmur inhisarı

9-08-2014, 12:45
Oxunub: 3 134 Bəzi oliqarxların maraqları bu sahənin sürətli inkişafını əngəlləyir

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta - bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətəndaşların şəxsi həyatları ilə əlaqədar olan hadisələr zamanı onlara maliyyə yardımlarının edilməsi ilə yaradılan məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir.

Azərbaycanda sığorta əsasən öz inkişafını 3 mərhələdə keçmişdir: 1917-ci il oktyabr inqilabından əvvəlki, inqilabdan sonrakı (1917-90) və 1990-cı ildən başlayaraq müasir dövr.
Ekspertlər hazırda Azərbaycanın sığorta bazarının inkişafını zəif qiymətləndirirlər. Bunun bir çox səbəbləri var. Söhbət sığorta bazarında bəzi iri məmurların pay sahibi olmasından tutmuş sığortaya vətəndaş etimadının hədsiz az olmasının bir çox obyektiv və subyektiv səbəblərindən gedir.
Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanın sığorta bazarının 75%-nə 10 sığorta şirkəti, 25%-nə isə 18 sığorta şirkəti nəzarət edir. Altı sığorta şirkətinin yığımları isə hər biri üzrə 1 milyon manata çatmır, bu şirkətlər birlikdə bazarın cəmi 0,7%-nə nəzarət edirlər.
Sığorta bazarında pay sahibi olan bəzi oliqarxların adı isə heç də gizli deyil. Vaxtilə bu bazarda ən üstün mövqe sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus idi. Sonradan onun vəzifəsini itirməsi ilə ölkədəki biznesinin əhəmiyyətli hissəsi də əlindən alındı. Bura Babayevin sığorta bazarındakı gəlirləri də daxildir.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun da sığorta bazarında mövqeyi olduğu məlumdur. Söhbət "AZAL Sığorta"dan gedir. Bu ASC-nin lisenziyası cəmiyyətin yeni adına "İpək Yolu Sığorta" ASC-nin adına rəsmiləşdirilib. "Azal Sığorta" 1995-ci ildə yaradılıb. Bu isə Əsgərovun sığorta bazarındakı mövqeyinin uzun illər əvvələ dayandığını deməyə əsas verir.
Nəqliyyat naziri Ziya Məmmədovun sığorta bazarındakı payı isə "Qarant Sığorta" şirkəti ilə müəyyənləşir. Bu şirkət nazirə məxsus "Qarant Holdinq"ə daxildir. Ziya Məmmədovun sözügedən şirkəti sığorta bazarının ən iri oyunçularından sayılır.
Ekspertlərin fikrincə, özəl sektoru təmsil edən xırda sığorta şirkətləri müştərilərə daha sərfəli xidmət təklif etsələr də, yenə də rəqabəti qazana bilmir. Çünki sağlam rəqabət yoxdur. Müşahidəçilər hesab edir ki, sağlam rəqabəti təsəvvür etmək belə mümkün deyil. Hətta sığorta şirkətləri arasında tender elan edənlər də onlara daha sərfəlilərinin xidmətindən istifadə etməkdən boyun qaçırmalı olur. Bu həm sahibkarları, həm də sığorta şirkətlərini çətin vəziyyətə qoyur.
Bir sözlə, bəzi oliqarxların sığorta bazarındakı mövqeləri bu sahənin Azərbaycanda daha sürətli, dinamik, şəffaf və etibarlı inkişafını əngəlləyir. (unikal)