BolgeXeber.Com » Gündəm » Arif Əsgərovun “korrupsiya qatarı”nda tarakanlar yuvası...-FOTOLAR

Arif Əsgərovun “korrupsiya qatarı”nda tarakanlar yuvası...-FOTOLAR

11-08-2014, 08:50
Oxunub: 8 245 Dövlət büdcəsindən yeni vaqonların alınmasına ayrılan vəsaitlər çırpışdırılıb, Dəmir Yol İdarəsinin əmri havaya gedib; Bakı-Astara qatarında rüsvayçılıqdır...

Təsəvvür edin ki, sizi katorqaya göndərirlər, ya da Ağcaqum düzünə və yaxud Quantanamoya... Heç bir fərq etməz - oradakı cəhənnəm əzabı ilə Bakı-Astara qatarındakı vəziyyət bir-birinə mütənasibdir. Çox uzağa getməyə gərək də yox, qonşu İranda, Türkiyədə qatarlar ildırım sürəti ilə hərəkət edir, salonlar, kupelər müasirləşdirilib, yeni vaqonlar, lüks şərait, səliqə-sahman və... qısa vaxtda mənzil başına çatırsan.
Avropa və dünyanın inkişafda olan ölkələrini nümunə gətirməyə zərurət yoxdur. Təkcə qonşu ölkələrə baxanda yetərli olur ki, Qafqazın lider dövlətində sərnişin qatarları nə gündədir. Bakı-Astara qatarı isə cəhənnəmin tən ortasıdır. Elə bir iyrənc mənzərə var ki, bir minən ikinci dəfə bu qatarı seçməz.

Vaqonlardakı dözülməz şəraitsizlik, səliqəsizlik, üfunət iyi, natəmizlik yay-qış hökm sürür. Hələ bu nədir ki, siz olduğunuz kupe və ya plaskartda həşəratlar, böcəklər, cücülər, tarakanlarla yan-yana getsəniz təəccüblənməyin. Onlar Bakı-Astara qatarının daimi “sərnişin”ləridir.

Hərçənd, ölkənin şimal-qərb istiqamətinə yeni qatarlar hərəkət edir. Cənub zonası marşrutunda isə hələ də Xruşşov dövründən qalma vaqonlar istifadədədir.
Şimal-qərb bölgəsinə hərəkət edən qatarların vaqonları çox təmiz, səliqəli, komfort, genişdir. Ancaq nədənsə Bakı-Astara qatarını yeni vaqonlarla təchiz etmək istəmirlər. Bu istiqamətdə tam bir fəlakət yaşanır; havasızlıq, köhnə oturacaqlar, natəmiz tualet, darısqallıq, tarakanların gəzintisi sərnişinlərə işgəncə verir.

Son səfərimdə yaşadıqlarımızı təsvir etmək mümkün deyil. Tualeti, perronu bərbad vəziyyətdə, döşək üzləri saralmış, soluxmuş... həşəratlar da ki, yan-yörədə gəzişir. Hətta bunlar bir yana, qatar 350-400 kilometrlik yolu təxminən 9-10 saata gedir. Bu müddətə Avropanın şərqindən qərbinə gedirlər.

* * *
Əslində bir neçə il əvvələ qədər bu istiqamətə elektrik qatarları hərəkət edirdi. Xatırlayırsınızsa sərnişinlər də çox məmnun idilər. Bu sətirlərin müəllifi də dəfələrlə həmin elektrik qatarı ilə yola düşüb. İçərisi təmiz, oturacaqlar yeni idi, sərnişinlər üçün televizor qoyulmuşdu, çay və şirniyyat verilirdi. İnsafən, hələ belə qatar görünməmişdi. Üstəlik, 6 saata Bakıdan Lənkərana, yarım saat sonra isə Astaraya çatmaq olurdu.

Çox təəssüflər ki, elektrik qatarını tələbat azlığı adı ilə ləğv etdilər. Halbuki tələbat böyük idi. Əvəzində isə köhnə-küşkül, pəncərələri bağlı, sürgünə göndərilən dustaqların aparıldığı bir qatarın ümidinə qaldı sərnişinlər. Hələ bu bərbad şəraitin qarşılığında kupeyə bilet 7 manatdır. Bircə sevindirici hal odur ki, qatarın hərəkət sürəti artdıqca kondisioner işlək vəziyyətə gəlir. Qatar da tərpənənə qədər havasızlıqdan sərnişinlər boğulmaq həddinə çatırlar.

“İstər metro qatarı olsun, istərsə də dəmiryol qatarı. Mən hələ içi üfunət iyi verən, divarlarında, döşəklərində, tavanında tarakanlar, böcəklər gəzişən qatara rast gəlməmişdim. Bu vəziyyətdə olan kupedə yatmaq mümkün deyil. Səhərə qədər oyaq qalmalısan. Bəs bu qədər pullar hara gedir? Necə olur ki, hər şeyə pul xərcləyirlər, 10-15 təzə vaqon gətirmirlər. İndi hansı dövrdür ki, belə vaqonda gedəsən. Avropada qatarlarda ”vi-fi" internet sistemi quraşdırılıb, sərnişinlərin rahatlığı üçün hər şərait var. Biz orta əsrlərdə qalmışıq," - deyə qonşu kupenin sərnişini bizimlə söhbətində şikayətlənir.

Onun sözlərinə görə, kupelərdə balaca uşaqlar dözülməz havasızlıqdan ağlayırlar: “Gürcüstanda belə qatarlar ola bilməz. Bu nə biabırçılıqdır? Bunun adı işgəncədir, vallah. Belə vaqonlar xətdən çıxarılmalıdır, onları söküb satsınlar. Ən adi problemdir bunu həll etmək. Təzə vaqonlar almaq üçün Azərbaycanın pulu var”.

Digər sərnişinlər də bir ağızdan şikayətlənirlər. Ancaq onların bu giley-güzarını yalnız bələdçi eşidə bilir ki, onun da nə bir səlahiyyəti, nə də şəraiti dəyişmək imkanı var. Beləcə sərnişinlər 9 saat həşəratların yuva saldığı qatarda getməyə məhkumdurlar. Bələdçi sərnişinlərə çay təklif etsə də, bu şəraitdə adam çay içməyə də iyrənir.
Qeyd edək ki, dövlət büdcəsindən son illərdə bu sahəyə 800 milyon manata yaxın vəsait (1 milyard dollar) ayrılıb. İnfrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı yeyintilərin olduğuna əminlik yaradır.

Xaricdən yeni adı ilə alınan vaqon və teplovozlar əslində köhnədir. “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin rəhbərliyi onları yeni adı altında sənədləşdirərək külli miqdarda vəsaiti öz büdcələrinə daxil edir.

QSC rəhbəri Arif Əsgərov bir müddət əvvəl “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb.
Əmrə əsasən, vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Görünür, özləri üçün şəxsi qatarlar alıblar. Əsas onların rahatlığıdır, sərnişinlər bir az da gözləyə, bir müddət də tarakanlarla bir yerdə gedə bilərlər...
musavat.com