BolgeXeber.Com » Gündəm » Mingəçevir təhsilini uçuruma kim yuvarlayır?

Mingəçevir təhsilini uçuruma kim yuvarlayır?

13-08-2014, 14:35
Oxunub: 3 708 Sahib Məmmədovun qanunsuzluğu davam edir

Ölkə başçısının təhsil sahəsinə ayırdığı diqqət və qayğıya baxmayaraq, bu sahədə geriləmə müşahidə olunur. Ona görə də təhsilin keyfiyyətindən danışmağa dəyməz. Qeyd edək ki, Mingəçevir təhsilinin səviyyəsi bərbad durumdadır. Sözügedən regionda çoxsaylı problemlər hələ də həllini tapmayıb. Bu acınacaqlı durumun yaranmasına səbəb isə Mingəçevir rayon Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun törətdiyi qeyri-qanuni əməllərdir.

Redaksiyamıza daxil olan məlumata görə, rayon təhsil şöbəsinin müdirinin fəaliyyətsizliyi ucbatından bir sıra orta məktəbdə direktor çatışmazlığı var. Bir neçə orta məktəb var ki, oraya müvəqqəti olaraq müəllim qoyublar. Bizdə olan məlumata görə, Sahib Məmmədov direktor yerlərinə təyinatı nəyinsə müqabilində həyata keçirir. Tələb olunan məbləğ yüksək olduğundan rayonda orta məktəblərə direktor olmaq istəyən yoxdur. Çünki şöbə müdiri direktorları cana yığıb. Sahib Məmmədov direktorlardan bütün il boyu nəsə tələb edir. Müxtəlif bəhanələrlə onlardan nəsə tələb edir. Vermədikdə isə iclaslarda həmin direktoru pisləyir və ona ağzından çıxanı deyir. Bütün rayon təhsil işçiləri arasında nüfuzdan salır. Bunlarla qarşılaşmamaq üçün direktorlar Sahib Məmmədovun tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar. Bundan başqa direktorları şantaj edir. Onları işdən çıxaracağı ilə hədələyir. "Şirinlik" verərək bu vəzifəyə gələn direktorlar isə belə tezliklə vəzifədən getmək istəmirlər. Yeni təyin olunan direktor isə RTŞ-ya verdiyini çıxarmaq üçün müəllim və şagirdlərdən istifadə edir. Təhsil Nazirliyinin rəsmi qadağasına baxmayaraq hələ də bütün məktəblərdən "fond pulu" yığılır. Bütün bunlar məktəb direktorlarının Sahib Məmmədovu razı salmasına yönəlik addımlardır. Təkcə şagirdlərdən "fond pulu" yığmaqla iş bitmir. Hətta müəllim kollektivi də bu işə cəlb olunub. Onların da müxtəlif bəhanələrlə maaşlarından tutulur. Nədənsə müəllim heyəti bu məsələdə susur. Görəsən, onların susmasına səbəb nədir? Bəlkə təhsil nazirinin son zamanlar üzərində dayandığı məsələ ilə əlaqədardır? Görünür, Mingəçevir məktəblərində saxta diplom daşıyıcıları həddən artıq çoxdur. Ona görə də məktəb direktorlarının qanunsuz tələblərinə baş əymələrinə məcbur olurlar. Məktəb direktorlarının əksəriyyəti 10-11-ci sinif şagirlərindən nəsə alaraq onların dərsə davamiyyətinə göz yumurlar. Demək olar ki, 10 və 11-ci sinif şagirdlərinin dərsə davamiyyəti sıfıra bərabər olur. Orta məktəb qapısını belə tanımırlar. Bu yolla da direktorlar öz mənafelərini güdürlər. Acı reallıq isə ondan ibarətdir ki, işləyən və yeni təyinat alan direktorların əksəriyyəti müəllimlərə gəlir mənbəyi kimi baxır. Necə deyərlər, dərs bölgüsü zamanı alver gedir. Direktoru "görən" müəllimlərin dərs yükü ilə bağlı heç bir problemi olmur.Vay o günə ki, bunu etməyəsən. Bax onda dərs tapılmır və bu zaman Təhsil şöbəsinə müraciət edib, "sinif almaq" lazım gəlir. İmkansız müəllimlər isə bir az danışdıqdan sonra "aza qane olmaq prinsipi"ni üstün tutmaqdan başqa ayrı çarə tapmır.

Bir çox müəllimlər arasında "ad günü və bayram xəstəliyi"nin hökm sürdüyü və bazar "qanunları"ilə idarə olunan Mingəçevir təhsili özünün ən çətin günlərini yaşayır.Unutmaq lazım deyil ki,ali və orta ixtisas məktəblərinə qəbul olan abituriyentlərin bu insanların fəaliyyətinə birmənalı şəkildə heç bir aidiyyətı yoxdur. Necə deyərlər, bu, aksiomadır. Maraqlıdır, görəsən, Mingəçevir təhsilinə rəhbərlik edən şəxslər şagird ordusu qarşısında danışarkən pul aldığı uşaqlardan hansı üzlə obyektivlik, düzlük, vicdan, xalqına və dövlətinə sədaqət tələb edə bilər? Bax bu sualın içərisində böyük bir faciə dayanır. Ədalət naminə deməliyik ki, dövlətimiz təhsilin bütün parametrlər üzrə inkişafı naminə kifayət qədər maliyyə vəsaiti ayırır və bu sahəni diqqət mərkəzində saxlayır.Amma yerlərdəki məmurların özbaşınalığı və hüquqpozmaları nəticəsində təhsilimiz uçuruma doğru gedir.