BolgeXeber.Com » Gündəm » Apteklərə qiyməti diqtə edən inhisarçı kimdir?

Apteklərə qiyməti diqtə edən inhisarçı kimdir?

13-08-2014, 14:55
Oxunub: 3 324 Dərman biznesi bir əldə cəmləşir

Hazırda Azərbaycanda əczaçılıq fəaliyyəti ilə məşğul olan saysız-hesabsız apteklər var.Lakin əksər apteklərdə vəziyyət heç də qənaətbəxş deyil. Bu gün apteklərdə dərman preparatlarının qiymətləri həddən artıq yüksəkdir. Bir dərman ayrı-ayrı apteklərdə müxtəlif qiymətlərlə satışa çıxarılır. Məsələn, bir dərman bir aptekdə 3 manat, digər aptekdə 3 manat 50 qəpik, başqa birisində isə 4 manata satışa çıxarılır. Dərman preparatların qiymətinin yüksək olması vətəndaşların kəskin şəkildə narazılığına səbəb olur. Əsasən də yüksək qiymət firma dərmanlarına tətbiq olunur. Bu da hamıya bəllidir ki, hazırda həkimlərin əksəriyyəti pasiyentlərinə firma dərmanlarını məsləhət görür.

Bu isə maddi durumu pis olan pasiyenti çıxılmaz vəziyyətə salır. Xəstə ya ölməlidir, ya da borca girib həmin dərmanları əldə etməlidir. Ona görə də bu gün dərman preparatlarına qiymət tətbiq edərkən, aidiyyətı qurumlar sosial durumu zəif olan vətəndaşlar nəzərə almalıdırlar. Qiymətlərin dəyişik olmasını nəzarətə götürməlidir. Heç kəsə icazə verilməməlidir ki, cəmiyyət üçün çalışan bir qurumdan öz mülkləri kimi istifadə etsinlər. Öz qaydalarıyla iş görsünlər. Ona görə də dərman preparatlarına vahid qiymət tətbiq olunmalıdır. Baxmayaraq ki, Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirmişdi ki, dərman preparatlarının üzərində vahid qiymət olacaq, lakin hələ bu istiqamətdə heç bir iş görülməyib. Onu da qeyd edək ki, dünya praktikasına nəzər salsaq, görə bilərik ki, bir sıra Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Hətta İrana gedib- gələn xəstələr orada dərmanların "su" qiymətinə olduğunu deyirlər. İranda qiymətlərin stabil olduğu da qeyd olunur. Və bununla bağlı qərar da qəbul olunub. Orada hətta iranlı həkimlər azərbaycanlı xəstələrə bildiriblər ki, Azərbaycandakı dərmanlar insanları sağaltmaq əvəzinə öldürə bilər. Xəstələrə o dərmanlardan uzaq olmağı məsləhət görüblər. Ona görə də bu məsələnin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var.

Bundan başqa ölkəyə gətirilən dərmanların qimətlərinin yüksək olmasından başqa, keyfiyyəti də o qədər də yaxşı deyil. Eyni tərkibdə müxtəlif adlarla dərmanlar satışa çıxarılır. Əsasən də ölkəyə gətirilən firma dərmanları nəzarətə götürülməlidir. Ölkəyə eyni tərkibdə müxtəlif firmaların dərmanları gətirilir. Bu da rəqabəti artırır. Həkimlər də hansı firmayla işləyirlərsə, həmin firmanın dərmanlarını yazırlar. Xəstəyə isə möhkəm-möhkəm tapşırırlar ki, aptekdən sizə bunun əvəzedicisini təklif etsələr razı olmayın. Ona görə də həkimlərin firmayla işbirliyi xəstələrə baha başa gəlir.

Mütəxəssislər isə hesab edirlər ki, dərmanların, eləcə də digər məhsulların ölkəyə gətirilməsində inhisarçılıq olduğundan, daxil olan mal yalnız bir əldən keçdiyinə görə, bazarda rəqabət yaranmır. Respublikada istənilən məhsulun qiyməti real deyil, inhisar qiymətidir. Bu məsələləri tənzimləmək, nəzarət aparmaq və monopoliyanın qarşısını almaq üçün antiinhisar qanunları olmalı, süni qiymət artıran təsərrüfat subyektlərinə qarşı cərimələr tətbiq edilməli və cinayət işi açılmalıdır. Sivil dövlətlərdə azad bazar iqtisadiyyatı üçün bu kimi tədbirlər görüldüyü halda, bizdə bununla məşğul olmalı qurumlar hər şeyı görməzdən gəlirlər.

Oqtay Şirəliyevin müavini bu sahədə iş görmək istəyənlərin qarşısına ağır şərtlər qoyur. Ümumiyyətlə, ölkəmizdə dərman biznesi ilə məşğul olmaq asan başa gələn şey deyil.

Azərbaycanda aptek açıb işlətmək asan başa gələn şey deyil. Aptek açmaq istəyən şəxslər bir sıra maneələrlə üzləşirlər. Yəqin ki, çoxlarınız respublikanın dərman bazarının səhiyyə nazirinin müavini Elsevər Ağayevin inhisarında olduğunu bilirsiniz. Bu şəxsin icazəsi olmadan ölkənin istənilən yerində heç kim aptek işlədə bilməz. Aptek açmaq üçün Elsevər Ağayevin adamları elə qiymətdən danışırlar ki, bu da qanunla yolverilməzdir. Rüsumun şişirdilməsi bəzi amillərlə bağlıdır. Ən başlıcası isə odur ki, nazir müavini özünə məxsus olan apteklərdən başqa bazara digər apteklərin yol tapmasına imkan vermək istəmir. Qeyd edək ki, respublikanın müxtəlif bölgələrində hazırda aptek qıtlığı yaşanır. 100 mindən çox əhalisi olan rayon və qəsəbələrdə 1, ya da 2 aptek fəaliyyət göstərir ki, bu da anormal haldır. Dünyanın inkişaf etmiş ölkələrində aptek açmaq üçün bu qədər sənəd və rüsum tələb olunmur. Görəsən, nazir Oqtay Şirəliyev və

müavini Elsevər Ağayev niyə aptek sahibkarlığı ilə məşğul olmaq istəyən şəxslərin qarşısına ağır şərtlər qoyurlar? Çox istərdik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nazirliyin apteklərə nəzarət şöbəsinin işini dərindən araşdırsın və neqativ halları üzə çıxarsın.