BolgeXeber.Com » Gündəm » “Binə” ticarət mərkəzində etiraz aksiyası olub

“Binə” ticarət mərkəzində etiraz aksiyası olub

13-11-2011, 22:55
Oxunub: 4 587 Bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində etiraz aksiyası olub.


Belə ki, “Binə”də yeni açılan “Baku City Mall” ticarət mərkəzində çalışan 30-a yaxın sahibkar Kəbirə Məmmədovanın ofisi qarşısında yığışaraq ticarət mərkəzində yer haqlarının qaldırılamsına etiraz ediblər.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, sahibkarlar Kəbirə Məmmədovanın çölə çıxaraq onlara açıqlama verməsini tələb etsələr də, müdir xanım görünməyib. Sahibkarlar “qiymətlər endirilsin” şüarları səsləndirən zaman əraziyə 20-ə yaxın polis əməkdaşı çağrılıb.

Qəzet əməkdaşları hadisə yerinə çatanda artıq sahibkarların əksəriyyətinin mallarını yığışdırıb, mağazaları bağlayıb çıxıb getdiklərini yazıblar. “Baku City Mall” ticarət mərkəzində çalışan digər sahibkarlardan isə hadisənin təffərrüatları barədə məlumat alıblar.

Ticarət mərkəzinin 7-ci korpusunda çalışan Əmiraslan Hüseynov adlı sahibkar qeyd etdi ki, mağaza sahiblərinin obyektlərinin bağlamasına səbəb yer pullarının 25 faiz qaldırılması olub: “Burda bir çox sahibkarın öz obyekti var. Məsələn, mən Kəbirə xanıma 45 min manat pul verib obyekt almışam. Buna baxmayaraq hər ay məndən 800 manat yer haqqı tələb edir. Dünən mağazamıza bildiriş vurdular ki, sabahdan ofisə yaxınlaşıb yer haqlarına görə 900 manat ödəyək. Əvvəlcə elə bildik ki, bu rəqəmdə nəsə səhvlik var. Lakin kassaya yaxınlaşıb yer haqlarını köçürmək istəyəndə bizdən 900 manat tələb etdilər. Bir çox sahibkar bu məbləği ödəməyərək, qiymət artımına etiraz etdi. Bu gün səhər də onsuz da keçən sezon malları əllərində qalan 30-dan çox sahibkar Kəbirə Məmmədovanın qəbuluna düşüb, bu əməllərinə son qoymağı tələb etmək istədi. Lakin onları polis gücünə ofisin qarşısından uzaqlaşdırdılar”.
Sözügedən ticarət mərkəzinin 6-cı korpusundakı mağazaların birində işləyən Tuqay Hüseynov adlı paytaxt sakini isə K. Məmmədovanın mağazalarda yer haqlarının niyə görə artırmasına aydınlıq gətirdi: “Keçən həftə bir neçə auditor mağazaları gəzərək gündə nə qədər qazandığımızla bağlı sorğu keçirdi. Bu il qışın erkən gəlməsi “Binə” bazarında isti geyimlərə olan təlabatı artırıb. Şükür Allaha, malımız əlimizdə qalmır. Satışımız çox yaxşıdır. Kəbirə xanım da bundan istfadə edib qiymətləri qaldırdı”.

Sahibkar deyib ki, Kəbirə Məmmədova dükanlarda quraşdırılan sayğacın göstəricisi ilə maraqlanmadan hər kvadratmetr üçün 1 manat pul ödənilməsini tələb edir: “Bu da o deməkdir ki, 30 metrlik yeri olan 30 manat, 80 metr yeri olan isə 80 manat ödəməlidir. Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Həm də hər bir dükanda sayğac var, Kəbirə Məmmədova da deyir ki, onu sayğac maraqlandırmır”.