BolgeXeber.Com » Gündəm » İcra başçısı 7 saylı poliklinika ilə bağlı şikayətlərə əhəmiyyət vermir

İcra başçısı 7 saylı poliklinika ilə bağlı şikayətlərə əhəmiyyət vermir

19-08-2014, 15:05
Oxunub: 27 539 Şəlalə Səfərova Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ciddi şəkildə müdafiə olunur



Xətai rayonu, Məzahir Rüstəmov 1 ünvanında yerələşən 7 saylı şəhər poliklinikasında xəstələrə lazımi tibbi xidmət göstərilmir. Bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxs qeyd edir ki, poliklinikanın baş həkimi Şəlalə Zakir qızı Səfərova sağlamlıq kağızından bir xeyli gəlir əldə edib. 7 saylı poliklinikada neqativ halların Şəlalə Səfərovanın bu müəssisəyə baş həkim gəlməsindən sonra çiçəklənməyə, daha geniş vüsət almağa başladığını deyən məlumatlı şəxsin sözlərinə görə, hazırda adıçəkilən tibb ocağında vəziyyət həddindən artıq acınacaqlıdır: "Son zamanlar poliklinikada olduqca qəribə vəziyyət yaranıb. Belə ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlər pulsuz olunmalı olduğu halda, 7 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamı xəstələrdən nəsə umur.

Tibb personalının maraqlarını təmin etməyən xəstələr nə əməlli-başlı müayinədən keçə bilir, nə də onlara doğru-dürüst müalicə təyin olunur. Halbuki Şəlalə Səfərova baş həkim vəzifəsinə gələnə qədər 7 saylı şəhər poliklinikası Xətai rayonunun ən nümunəvi tibb müəssisələrindən biri kimi tanınırdı. Lakin Şəlalə Səfərovanın poliklinikanın rəhbəri vəzifəsinə gəlişi əldə olunmuş bütün uğurları yerlə-yeksan etdi. Belə ki, o, yarıtmaz fəaliyyətilə qısa müddət ərzində poliklinikanı rayon sakinlərinin gözündən salmağa nail oldu".

Uzun müddətdir ki, 7 saylı şəhər poliklinikasında arayışların müəyyən maraq qarşılığında verildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, Şəlalə Səfərova müayinə üçün müraciət edən vətəndaşlara rəhbərlik etdiyi tibb ocağının rentgen şöbəsinin möhürü ilə arayışlar verir: "Halbuki rentgen şöbəsi arayış verilən tarixdə mövcud olmayıb. Olmayan, fəaliyyət göstərməyən bir şöbənin adından arayışlar verən və bu arayışlara 7 saylı poliklinikanın rentgen şöbəsinin möhürünü vuran baş həkim bununla da vətəndaşın adıçəkilən poliklinikanın rentgen şöbəsindən keçdiyini təsdiqləyir. Ümumiyyətlə, poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsl kommersiya fəaliyyətinə çevrilib. Nəzərinizə çatdırım ki, bu tibbi arayışlar vətəndaşa qeydiyyatda olduğu tibbi müəssisə tərəfindən verilməli olduğu halda, 7 saylı şəhər poliklinikasında paytaxtın istənilən rayonunda yaşayan və qeydiyyatda olan şəxs sağlamlıq haqqında arayış ala bilər. Həm də bu arayışların standart müəyyən edilmiş qiyməti vardır ki, bu da 40 manat təşkil edir. Bu arayışlar daha çox dövlət qurumlarında texniki işçi vəzifəsində çalışmaq istəyənlərə lazım olur".

7 saylı şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərovanın Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın adamlarından olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim icra başçısına arxalandığı üçün rəhbərlik etdiyi tibb müəssisəsini gəlir obyektinə çevirib: "Rayon sakinləri bir neçə dəfə 7 saylı poliklinika ilə bağlı, orda baş verən qanunsuzluqlarla əlaqədar icra hakimiyyətinə müraciət ediblər. Lakin icra hakimiyyətindən hələ bir dəfə də olsun Şəlalə Səfərovaya irad tutulmayıb. Çünki baş həkim Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ciddi şəkildə müdafiə olunur. Məhz elə bu səbəbdən də Şəlalə Səfərova ilə bağlı bütün şikayətlər araşdırılmamış qalır".

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.