BolgeXeber.Com » Gündəm » Bakı Texniki kollecinda özbaşınalıq

Bakı Texniki kollecinda özbaşınalıq

22-08-2014, 11:55
Oxunub: 4 045 “Kollecimizdə rüşvət baş alıb gedir, bir də bu qanunsuzluqlar bizi boğaza yığıb"

Hələ bir neçə ay bundan əvvəl redaksiyamıza Bakı Texniki Kollecinin tələbələri və bəzi müəllimləri tərəfindən, bu təhsil müəssisəsində baş alıb gedən neqativ hallara dair məlumatlar təqdim olunmuşdu. Məlumatlarda qeyd edilirdi ki, bu kolecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də ümumi məbləğdən paylarına düşəni götürüb qalan hissəni şöbə müdirlərinə verirlər. Onlar isə öz növbələrində, həmin pulları kollecin direktoru Ramazan Məmmədova təqdim edirlər. Bundan başqa isə kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunurdu ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Orta hesabla bir tələbə semestri 350-500 manat xərclə başa vurur.Qeyd etmək lazımdır ki, bu ilin əvvəlindən Bakı Texniki Kollecinin idarəçiliyi direktorun müavini Fərrux Məmmədovun əllərində idi. Ramazan müəllim uzun müddət səhhətində olan problemlərlə bağlı “bülletendə” olduğuna görə, onun vəzifələrini müavini icra edirdi. Son aldığımız məlumatlarda isə bildirilir ki, artıq iki aya yaxın bir müddətdir ki, kollecin direktoru tutduğu vəzifədən azad olunub. Bakı Texniki Kollecinin direktor əvəzi isə yenə də Fərrux Məmmədovdur. Mənbələr bildirirlər ki, bu dəyişiklik kollecin işinə heç bir müsbət təsir göstərməyib. Əksinə, qeyd olunur ki, təhsil müəssisəsinin fəaliyyətində yer almış qanun pozuntularının sayı bir qədər də artıb. Məlumatlara görə, Fərrux Məmmədov öz vəzifəsindən sui-istifadə edərək kollecin bir hissəsini qanunsuz şəkildə icarəyə verib. İcarə verilən ərazidə isə avtomobil təmiri və avtoyuyucu kimi obyektlər işlədilir. Ən pisi də budur ki, bu obyektlərdə kollecin tələbələri də qanunsuz əmək fəaliyyətinə cəlb olunurlar. Bu xüsusda tələbələrin mətbuata verdikləri açıqlamalarda deyilir: “Bilmirik təhsil almağa gəlimişik, yoxsa avtomobil təmiri dərsləri almağa. Bilmirik kimə şikayət edək, dərdimizi kimə danışaq. Səsimizi çıxara bilmirik, sizə danışdığımızı bilsələr, bizi kollecdən çıxararlar. Kollecin direktorunun bu obyektdən guya xəbəri yoxdur? Onlardan aylıq pul aldığını da eşitmişik, pulsuz olası deyil ki...” Bundan başqa tələbələr bildirirlər ki, Bakı Texniki Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır: “Kollecimizdə rüşvət baş alıb gedir, bir də bu qanunsuzluqlar bizi boğaza yığıb. Görün, hansı vəziyyətdir ki, biri-birimizlə dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimə nə qədər rüşvət verəcəyimizdən danışırıq. Hər imtahanda pul verməkdən nə cibimizdə bir qəpik pul qalıb, nə də valideyinlərimizdən pul istəməyə üzümüz. Pul almaq üçün başımıza min oyun açırlar. İmtahanlar zamanı, vaxtın bitməsinə 30 dəqiqə qalmasına baxmayaraq, imtahan vərəqələri əlimizdən alınır ki, yaza bilməyək. Kəsirə düşməmək üçün biz də məcbur pul verək...” Tələbələr deyirlər ki, Fərrux Məmmədov onlardan pul qoparmaq üçün hər cür yollara əl atır. Hətta məktəbin koridorunda imtahan belə keçirir. Lakin pulu təkcə Fərrux müəllim almır, ondan başqaları da var. Kollecin şöbə müdiri Raziyyə xanım və daha bir neçə müəllim pulları yığıb, Fərrux müəllimə verirlər. Bu arada isə kollecdəki mənbələr direktor əvəzinin bu vəzifədə təsdiqlənməsi üçün ciddi cəhdlər göstərdiyini vurğulayırlar. Fərrux Məmmədovun bu səylərini müşahidə edənlər isə, Təhsil Nazirliyi tərəfindən veriləcək qərarla əslində Bakı Texniki Kollecinin ölüm-qalım məsələsinin həll olunacağını deyirlər. Mənbələr birmənalı olaraq təsdiq edirlər ki, Fərrux Məmmədovun direktor vəzifəsinə təyin olunacağı halda, kollecin onsuz da bərbad durumda olan fəaliyyəti böyük ehtimalla iflic vəziyyətə düşəcək...