BolgeXeber.Com » Gündəm » Məmurun törətdiyi qəza necə ört-basdır edilir

Məmurun törətdiyi qəza necə ört-basdır edilir

22-08-2014, 16:15
Oxunub: 3 318 Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin törətdiyi qəza tədricən, özü də məqsədli şəkildə gündəmdən çıxarıldı. Avtoqəza ilə bağlı məlumatı olmayan oxucularımız üçün xatırladaq ki, bir neçə ay öncə Salyan şossesində yüksək sürətlə hərəkətdə olan "10-AS-509" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan Misir Şirinov hadisə yerində dünyasını dəyişdi, iki nəfər isə Şəhər Kliniki Xəstəxanasına çatdırıldı. Xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılov idi.

Bundan bir neçə gün sonra daha bir nəfər Zəfər Xəlilov da xəstəxanada vəfat etdi. Qeyd edək ki, qəzaya səbəb olan avtomobil yüksək sürətlə, 140-160-la hərəkət etdiyi üçün vurduğu piyadalardan ikisi zərbənin təsirindən bir neçə metr hündürə qalxıb və yolun kənarındakı reklam lövhəsinə dəymişdi. Zərbə o qədər güclü olmuşdu ki, reklam lövhəsi cırılmışdı. Şahidlərin sözlərinə görə, hadisə yerində dünyasını dəyişən piyadanın başı reklam dirəyinə çırpılmışdı və boynu dirəyin dəmir parçasına ilişdiyi üçün elə oradaca ölmüşdü. Digər piyadanın isə başı zərbə ilə reklam lövhəsinə dəyərək yerə düşmüşdü. Xəstəxanada ölən də elə həmin piyada idi. Ağır yaralanmış digər piyada isə xəstəxanada müalicə olunaraq sonradan evə buraxıldı. Qəzetimizin ötən saylarında apardığımız araşdırmalardan sonra müəyyən etdik ki, hadisəni törədən "Hyundai" markalı avtomobil Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevə məxsus imiş. Məlum oldu ki, nömrə sənədlə "QAZ 3110" avtomobilinə aiddir. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində (MMX) "10-AS-509" dövlət nömrə nişanı ilə bağlı axtarış aparıldıqda "QAZ-3110" markalı nəqliyyat vasitəsi üzə çıxır. Yəni həmin nömrə rəsmi olaraq "QAZ-3110"a aiddir. Lakin icra hakimiyyətində bu nömrəni "Hyundai" markalı avtomobilə bağlayıblar. Əslində isə "QAZ-3110" markalı avtomobil mövcud deyilmiş. Həmin avtomobil çıxdaş edilərək Səbail RİH-in balansından silinib. Bu, birinci qanunsuzluq.

İkincisi, bir neçə nəfərin dünyasını dəyişməsi ilə nəticələnən qəzaya görə, Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov elə həmin qəzadan sonra saxlanıldı. Hadisə şahidləri isə qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildirirdilər. Deyilənə görə, sürücü sonradan hadisə yerinə çağırılıb. Amma nəyəsə görə məmuru yox, sürücüsünü məsuliyyətə cəlb etdilər. İcra başçısının müavini qəza baş verərkən sükan arxasında əyləşmədiyini iddia etsə də, sürücünün heç bir xəsarət almaması bəzi şübhələr yaradır. Nəzərinizə çatdıraq ki, Yavər Allahverdiyev qəza qeydə alınan gündən sonra bir neçə gün işə çıxmadı. Qəzetimizə verilən məlumatda bildirilir ki, "10 AS 509" nömrə nişanlı "Hyundai Grandeur" markalı avtomobillə törədilən və iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən qəzadan sonra sükan arxasında sürücünün olduğu deyilsə və sürücü həbs olunsa da, xəsarət alan Yavər Allahverdiyev imiş. Çünki avtomobili də o özü idarə edirmiş. Mənbəmizin sözlərinə görə, qəza zamanı icra başçısının müavini xəsarət aldığından bir neçə gün işə çıxa bilməyib. Amma sonradan müəyyən vacib tədbirlərdə iştirak etməyə başlayıb. Bu iştirakı zəruri edən səbəblərdən biri də məhz sükan arxasında özünün olmadığına hamını inandırmaqdan irəli gəlirdi. Qəzetimizə verilən məlumata görə, qəza zamanı özü də zədələnən Yavər Allahverdiyev işə 12-13 gün sonra - iyunun əvvəllərində çıxa bilib. Məmur özünün törətdiyi qəza zamanı xəsarətlər aldığından yaralarını gizləmək üçün işə gəlməmək variantını əsas tutub. Nəzərinizə çatdıraq ki, elə qəza zamanı xəsarət alanların sözləri də hadisə günü avtomobilin Yavər Allahverdiyev tərəfindən idarə olunduğunu göstərir. "Bizi hadisə günü vuran Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev olub" - Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən "10 AS 509" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin mayın 11-də yol kənarı ilə hərəkət edərkən vurduğu 3 piyadadan biri - Xalid Cəbrayılovun bu sözləri də sübut edir ki, avtomobili məmurun idarə etməsi ilə bağlı söylənilənlər doğrudur. Onun dediyinə görə, hadisədən sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib, bu da çox cüzi olub. Sonradan müalicəsini evində davam etdirən Xalid Cəbrayılov hadisəni danışarkən maşının çox sürətlə gəlib onları arxadan vurduğunu və sürücünün heç əyləci də basmadığını qeyd etmişdi: "Mən özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər".

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, qəzadan bir neçə dəqiqə sonra hadisə yerinə bir neçə "JEEP" gəlib. Onların arasında "909" nömrəli "Land Cruiser" markalı avtomobil də olub. Avtomobildə gələnlər maşının üzərindəki nömrəni açıblar və Yavər Allahverdiyevi götürərək oradan uzaqlaşdırıblar. Deyilənə görə, hətta onlardan biri hadisə yerinə gələn polislə mübahisə də edib. "Gündəlik Bakı"ya daxil olan ən son xəbərlərdə vurğulanır ki, bu qəzada sürücü faktoru önə çəkildiyindən o da həbs edilib. Yavər Allahverdiyevin həbsi məsələsi isə tədricən gündəmdən çıxarılıb. Bütün bunlar bir yana, qəzadan sonra zərərçəkənlərə yardım edən də olmayıb. Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini bircə dəfə də olsa, yaralılarla maraqlanmayıb. Yalnız müəyyən miqdarda xəstəxana xərclərini ödəmək üçün yardım olunub. Hətta verilən məbləğ bütün müayinə xərclərini ödəməyə yetməyib. Zərərçəkənlər bir çox hallarda xəstəxana xərclərini ciblərindən ödəməli olublar. Qəzada xəsarət alanlara hadisəni törədənin öncə Yavər Allahverdiyev olduğunu deyiblər. İcra başçısının müavininin adamları bir neçə gün sonra zərərçəkənlərə baş çəkməyə gəliblər. Onda da çox az miqdarda xəstəxana xərclərini ödəyiblər.

Əldə etdiyimiz digər xəbərlərə görə, istintaq işi Səbail Rayon Polis İdarəsindən alınaraq Respublika Prokurorluğuna verilib. Mətbuatda qəzanı törədənin Yavər Allahverdiyevin özünün olduğu yazılsa da, bu günə qədər adı çəkilən şəxsin hər hansı təkzib xarakterli çıxış etməməsi söylənilənlərin həqiqətə yaxın olduğunu göstərir. Qəribədir, kiçik hadisə baş verəndə, sadə vətəndaş öz avtomobili ilə hansısa piyadanı vuranda onu dərhal həbs edirlər. Belə isə nə üçün məmurun adı keçən avtomobil qəzası ilə bağlı müəmmalara birdəfəlik son qoyulmur?
gundelik-baku