BolgeXeber.Com » Gündəm » Vəzifədən uzaqlaşdırılmağın astanasında

Vəzifədən uzaqlaşdırılmağın astanasında

22-08-2014, 16:20
Oxunub: 3 141 Arzu Rəhimovu bir sıra ağır çətinliklər gözləyir



İstefaya göndərilməsi general üçün ən yaxşı variant olardı



Gənc çağırışçıların müəmmalı ölümü, bir sıra gənclərdə vərəm, ürək xəstəliklərinin müəyyən edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun bəzi işçilərinin çağırışçıların hərbi xidmətə yola salınması, habelə səfərbərlik məsələlərindəki ciddi nöqsanların hələ də aradan qaldırmamaları, bu sahədəki kobud nöqsanların mövcudluğu onu göstərir ki, SHXÇDX-də ciddi kadr islahatlarının həyata keçirilməli, başlıcası isə Arzu Rəhimovun vaxtından əvvəl istefaya göndərilməlidir. Əks təqdirdə cəmiyyət hələ neçə-neçə vərəmli çağırışçının ordu sıralarından azad edilməsinin, neçə-neçə gənc əsgərin hərbi xidmətə başlamasından bir neçə gün sonra ölməsinin, onlarla, yüzlərlə imkanlı ailədən olan çağırışçıların əsgərlikdən yayındırılmalarının şahidi olacaq. İlk öncə qeyd edək ki, məlum problemlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinin gələcək karyerasını sual altına qoyub.

Çünki dövlət xidmətinin yaradılmasından illər keçsə də, Arzu Rəhimov bu günə qədər rəhbəri olduğu SHXÇDX-in fəaliyyətində hələ ciddi nizam-intizam, dönüş yaratmağa müvəffəq olmayıb. 2012-ci ilin fevralında yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir sıra struktur islahatları həyata keçirilsə də, çatışmazlıqlar, bəzi nöqsanlar, hətta qanun pozuntuları belə mövcuddur. Çağırışçılarda xəstəliklərin aşkarlanması onu göstərir ki, dövlət strukturunun işi olduqca qeyri-kafidir. Qəzetimizin ötən saylarında açıqladığımız faktlara müvafiq olaraq söyləmək olar ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı işçilərinin rüşvət və korrupsiya əməllərinə görə həbs edilmələri, yüzlərlə çağırışçıda vərəm, habelə digər xəstəliklərin aşkarlanması Arzu Rəhimovun vəzifədən kənarlaşdırılması məsələsini gündəmə gətirir. Hətta bunu günün aktual mövzusuna çevirir. İki ildən artıq zaman göstərdi ki, komissarlıq sisteminin ləğv edilib yerində başqa strukturun qurulması ənənəsi özünü doğrultmadı. Əksinə, bunun fəsadları daha ağır oldu. Bəlkə də baş verənlərin kökündə general-leytenant Arzu Rəhimovun bu sahəyə yad kadr olması, habelə bəzi işçilərinin öhdəsindən gələ bilməməsidir.

Hal-hazırda o, istefası gündəmdə olan yeganə generaldır. Bütün bunlar bir yana, qısa müddət ərzində Arzu Rəhimovun nöqsanlı fəaliyyəti ilə özünə qarşı yeni rəqiblər də ortaya çıxardı. Bununla bağlı əldə etdiyimiz məlumata görə hazırda Arzu Rəhimov üçün ən ciddi problem nazirlərdən birinin olduqca şəffaf işləməsi, onun sözünü yerə salmasıdır. Əldə etdiyimiz məlumatlara görə, həmin general bütün korpus komandirlərinə konkret tapşırıq verib ki, hərbi xidmətə çağırılan, amma xəstə olan əsgərləri müəyyənləşdirib, onların adlarını müvafiq qurumlara təqdim etsinlər. Hələ bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin onlarla bölmə rəisi haqqında istintaq işlərinə başlanıldı. Bununla bağlı Respublika Hərbi Prokurorluğun rəsmilərindən biri də maraqlı açıqlama ilə gündəmə gəldi. Bildirildi ki, Respublika Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin işlər üzrə ittiham hökmü çıxarılıb. Qeyd edək ki, bu yoxlamalardan və istintaq hərəkətlərindən bir müddət keçsə də, apreldə - bu ilin ikinci çağırış mövsümündə, habelə iyulda da, əvvəlki mövsümlərdə yanvarda olduğu kimi, hərbi xidmətə çağırılma və səfərbərlik məsələlərində bir sıra qanunsuz halların mövcudluğu ortaya çıxdı. Məlum oldu ki, bir sıra çağırışçılarda vərəm, eləcə də digər ağır xəstəliklər aşkarlanıb. Qeyd edək ki, Arzu Rəhimovun bəzi işçilərinin bu cür əməlləri ilə bağlı "Gündəlik Bakı" qəzetinin ötən saylarında ətraflı məlumatlar vermişdik deyə, aprel çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi şöbələrində üzə çıxmış qanunsuzluqlarla bağlı təkrarçılığa varmaq istəmirik. Amma faktlar göstərir ki, ötən illərin çağırış mövsümlərində yoxsul ailələrdən olan yüzlərlə xəstə gəncin ordu sıralarına göndərilmələri, bəzi çağırışçıların isə Silahlı Qüvvələrdə xidmətdən yayındırılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işində ciddi nöqsanların olduğunu sübut edir. Bütün bunlar bir daha sübut edir ki, Arzu Rəhimov vəzifəsindən dərhal uzaqlaşdırımalıdır.gundelik-baku