BolgeXeber.Com » Gündəm » Tibb universitetinin oliqarxa çevrilmiş dekanı

Tibb universitetinin oliqarxa çevrilmiş dekanı

23-08-2014, 15:35
Oxunub: 2 119 İmtahanlar ərəfəsində isə o qədər yüksək məbləğ təyin edilir ki...

Etiraf etmək lazımdır ki, son bir neçə ildə Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyəti xeyli aşağı düşüb. Bunu yaradan amillər isə birbaşa universitet rəhbərlərinin xoşagəlməz fəaliyyəti ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, hazırda ali təhsil ocaqları arasında problemlərin daha çox yaşandığı müəssisələrdən biri də Azərbaycan Tibb Universitetidir. Redaksiyamıza daxil olan məlumatlarda da bu ali təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan çeşidli korrupsiya haları barədə müxtəlif açıqlamalar təqdim olunur. Belə ki, Tibb Universitetində baş verən rüşvət yığımları, bəzi müəllim və professorlar tərəfindən tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrinə, o cümlədən bizim qəzetimizə ünvanlanan şikayət məktublarında öz əksini tapır. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da qeyd olunduğu kimi universitetdə yol verilən qanun pozuntularından biri kimi dərs saatlarının yazılması ilə bağlı törədilən maxinasiyalar qeyd olunur. Bildirilir ki, Tibb Universitetində bəzi müəllimlər 1 və ya 2 qrupa dərs deyirlər. Bu isə illik dərs yükünün 100 və 200 saatını təşkil edir. Lakin jurnalda illik dərs yükü kimi 500 saat doldurulur. Göstərilən artıq saatları həmin qruplarda ya laborantlar dərs deməklə ödəyir, yaxud da başqa müəllimlər öz qurpları ilə birləşdirərək dərs keçirlər. Həmin müəllimlər əmək haqlarını normal alsalar da, onun 60-80 faizini kafedra müdirlərinə verirlər. Daha sonra məlumatlarda Tibb Universitetində sessiya imtahanlarının keçirilməsində korrupsiya hallarının geniş yer aldığı vurğulanır. Belə ki, mənbələrin iddialarına görə imtahandan xeyli əvvəl kafedra müdirləri və ya dekanlar qrup nümayəndələri ilə danışıqlar aparırlar. Belə şəxslərdən biri kimi də II-ci müalicə-profilaktika fakültəsinin dekanı Tariyel İsmayılovun adı çəkilir. Bildirilir ki, bu gün Tariyel müəllim tərəfindən tələbələrə müəyyən məbləğdə pul müqabilində bütün “problemlərin həlli” birbaşa təklif olunur. Bu isə tələbələri arxayın edir. Buna görə də tələbələrin hazırlıq səviyyələri aşağı olur. İmtahanlar ərəfəsində isə o qədər yüksək məbləğ təyin edilir ki, bu da tələbələri pis vəziyyətdə qoyur. Lakin dekana qarşı irəli sürülən ittihamlar bununla da bitmir. Məlumatlarda bildirilir ki, bəzi kafedralarda praktik məşğələlər aparmaq üçün xüsusi kitablar çap olunur. Onların da qiyməti üst-üstə 100 manat edir. Kafedra müdiri qruplara gedərək həmin kitabları tələbələrə göstərərək, deyir ki, bu kitabların hamısını alıb oxumalısınız. Əks halda, imtahan zamanı qiymət ala bilməyəcəksiniz. Təbii ki, bunda da yeganə məqsəd pul toplamaqdır. Maraqlıdır ki, Tariyel müəllim tələbələrə məcburi qaydada satılan bu kitab və vəsaitlərdən əksəriyyətinin müəllifidir. Daha sonra məlumatlarda T.İsmayılovun hazırda tutduğu vəzifəyə təyin olunmasında və indiyədək həmin vəzifəsində qalmasında Milli Məclisin sədri Oqtay Əsədovun nüfuzunun rol oynadığı bildirilir. Vurğulanır ki, Tariyel müəllim Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin vəsitəsilə spikerlə qohum olmuşdur. Elə T.İsmayılovun karyera inkişafını da bir çox mənbələr məhz bu qohumluq əlaqələri ilə izah edirlər. Yəqin elə Tibb Universitetində baş verən bütün bu özbaşınalıqların nəticəsidir ki, son illər Azərbaycanda olan imkanlı xəstələr müalicə və əməliyyat olunmaq üçün daha çox xarici ölkələrə üz tuturlar. Azərbaycan Tibb Universitetinin öz məzunlarına təqdim etdiyi diplomlar isə əksər xarici dövlətlərin səhiyyə müəssisələri tərəfindən heç də rəğbətlə qəbul olunmur...