BolgeXeber.Com » Gündəm » Direktor müavininin 30 manatlıq şikayətinin axırı “zorlama” ya gedib çıxdı

Direktor müavininin 30 manatlıq şikayətinin axırı “zorlama” ya gedib çıxdı

26-08-2014, 16:25
Oxunub: 4 908 Göygöl sakini, Yenizod kənd orta məktəbində direktor müavini işləmiş Firizman Bağırov virtualaz.org saytına Gəncə polisindən və Gəncə prokurorluğundan şikayət edib.

Şikayətçi deyir ki, ondan 30 manat alıb qaytarmayan Gəncə sakinindən polisə şikayət edib, ancaq bu şikayətlə 30 manatının qaytarılmasına nail olsa da başı əməlli-başlı dərdə girib...

F.Bağırov deyir: “Gəncə sakini Vüsal Qurbanov mənim 30 manatımı qaytarmadığına görə Gəncə Şəhər Polis İdarəsinə şikayət etdim. Etibar adlı təhqiqatçı bildirdi ki, borc məsələsi olduğuna görə şikayəti məhkəməyə etməlisən. Ancaq sənə kömək etmək üçün belə edə bilərik ki, sən həmin adamın 30 manatı əlindən alıb qaçması barədə şikayət yazasan. O zaman artıq iş bizlik olacaq. Mən onu polisə çağıra biləcəyəm. Mən də onun dediyi ərizəni yazdım. Təhqiqatçı Vüsala zəng vurub idarəyə çağırdı, mənim 30 manatım özümə qaytarıldı. Bundan sonra təhqiqatçı dedi ki, indi ərizə yaz ki, Vüsal pulu zarafatla əlimdən alıb qaçıb və şikayətim yoxdur. Belə yazsam, cinayət işi başlanmayacaqdı. Mən də onun dediyini yazdım. Əvvəlki ərizəmi cırıb atdı, dedi, gedə bilərsən”.

Firizman Bağırov deyir, 10 gündən sonra onu Gəncənin prokuroru Adil Vəliyev yanına çağırıb. Direktor müavini prokurorun çağırışına gedəndə həmin Etibar adlı tədqiqatçının da orada olduğunu görüb. “Prokuror soruşdu ki, bu nə məsələdir. Mən də hər şeyi olduğu kimi danışdım. Təhqiqatçıya hirsləndi, dedi, bu necə iş aparmaqdır. Necə yəni, əlimdən zarafatla alıb qaçıb. Məni kabinetdən çıxartdı. Təhqiqatçıyla nə danışdısa, 10 dəqiqədən sonra yenə kabinetə dəvət etdi. Dedi, birinci dəfə yazdığın ərizəni təzədən yaz. Yaz ki, əlimdən alıb qaçıb və şikayətçiyəm. Mən razılaşmadım, bildirdim ki, adam pulu qaytarıb, söhbət bitib. Nə kömək etmisinizsə, çox sağ olun. Prokuror hirsləndi, dedi, sənə nə deyirəm onu da et. Mən sona qədər razılaşmadım və çıxıb getdim”.

Ertəsi gün Firizmani təhsil şöbəsinə çağırıblar. Orada ona deyiblər ki, prokuror zəng vurub, “müəllimə deyin, özünü ağıllı aparsın” deyib. Bir neçə gün sonra prokuror yenidən F.Bağırovu yanına çağırıb: “Dedi, sənə sonuncu dəfə təklif edirəm ki, ərizə yaz, o adamdan şikayətçi olduğunu göstər.O adam keçmiş yol polisinin oğludur, narkomandır, avaradır. Sənin ona niyə ürəyin yanır? Dediyimi etməsən, sənin özünə “bilə bilə yalan xəbərçilik etmə” maddəsi ilə cinayət işi açacam. Öz başına iş açmısan, indi altından çıx”.

Firizman Bağırovun sözlərinə görə, prokurorun ondan israrla ərizə yazmağı tələb etməsinin səbəbi qarşı tərəfdən “pul qoparmaq” olub. Dediyinə görə hətta prokurorun köməkçisi təklif edib ki, əgər deyilən ərizəni yazsa alınan puldan min manat da ona verəcəklər.

F.Bağırov çarəni Bakıya şikayətə gəlməkdə görüb. O, Baş prokurorluqda olub, təzyiqlərə məruz qaldığını bildirib. Bundan sonra Bakıdan Gəncə prokurorluğuna yoxlama göndərilib, məsələ araşdırılıb. Ancaq Gəncə prokurorunun təzyiqləri bitməyib. “Onlar gedəndən sonra prokuror dedi ki, sən məni yoxlatdırdın, indi gör başına nə oyun açacam” F.Bağırov bildirir.

Bundan sonra A.Vəliyev onu növbəti dəfə çağırıb və tələb olunan ərizəni yazmaq barədə sonuncu xəbərdarlığını edib. F.Bağırov bu dəfə də imtina edəndə növbəti dəfə onu prokurorluğa başqa iş üçün çağırıblar. “Məlum oldu ki, polislə əlbir olan, hamının polisin işverəni kimi tanıdığı bir insan alverçisini üzümə qoyublar. Guya mən ona qarşı seksual hərəkətlər etmişəm, onu döymüşəm. Prokuror eksperti çağırıb tapşırıq vermişdi ki, qadının bədənində guya xəsarət izləri olması ilə bağlı rəy versin. Saxta rəylərlə mənə Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri və 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə cinayət işi açdılar. Bir də xəbər tutdum ki, işi Gəncə şəhəri, Nizami rayon Məhkəməsinə göndəriblər”.

Frizman Bağırov deyir, prokuror yerli təhsil şöbəsinə onunla bağlı qərar göndərib və onu direktor müavini işlədiyi məktəbdən qovublar.

F. Bağırov sözügedən cinayət işi üzrə məhkəmə baxışına hazırlıq iclası olduğunu deyib:”Avqustun 22-də Nizami rayon məhkəməsində məhkəmənin hazırlıq iclası oldu. Məhkəmə baxışı avqustun 28-ə təyin olunub. Bir daha deyirəm ki, mənə qarşı irəli sürülən bu ittihamlar hamısı saxtadır. İşdə adı çəkilən həmin o qadın (Qahirə Süleymanova) insan alveri ilə məşğul olan birisidir. Bu ittiham başdan-başa absurddur. Hüquqlarımın qorunması üçün vəkilə ehtiyacım var. Amma maddi imkanım olmadığından vəkil tuta bilmirəm. Bəlkə də avqustun 28-də məni tutacaqlar, elə məhkəmə zalında həbs edəcəklər, bilmirəm. Anamdan başqa mənə dəstək olacaq kimsəm yoxdur. Mənə köməklik etmənizi xahiş edirəm. Baş prokurordan, daxili işlər nazirindən, ölkə başçısından kömək istəyirəm”.