BolgeXeber.Com » Gündəm » Bakı Şəhər DYP-nin şöbə rəisi heç kimdən və heç nədən çəkinmir

Bakı Şəhər DYP-nin şöbə rəisi heç kimdən və heç nədən çəkinmir

27-08-2014, 10:45
Oxunub: 21 431 Yol Patrul Xidmətinin inspektoru İlqar İbrahimovun əmisi oğlu Misir Mərdanovun qohumudur

Söz verdiyimiz kimi bu dəfə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bir sıra yetkili şəxsləri, o cümlədən 18 avqust 2014-cü il tarixində saat 10:11 radələrində "Hilton" otelinin qarşısında Bakı şəhəri, Səbail rayonu "Mərdanov qardaşları" ev 12, mənzil 16-da qeydiyyatda olan Samidə Ağəli qızı Rəhimovanın idarə etdiyi 90-FK-555 dövlət nömrə nişanlı "BMW X6" markalı avtomobili saxlayan, həmin xanım sürücüyə qarşı nəzakətsiz hərəkətlər edən 10-YP-528 dövlət nömrə nişanlı "BMW" markalı avtomobildə xidmət edən Yol Patrul Xidmətinin İlqar İbrahimov adlı inspektoru və onun əmisi oğlu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi Malik İbrahimovla bağlı əldə etdiyimiz bir sıra ilginc məlumatları diqqətinizə çatdıracağıq.

Ötən sayımızda da qeyd etdiyimiz ki, Yol Patrul Xidmətinin inspektoru İlqar İbrahimov xanım sürücü ilə kobud rəftar edib və hətta Samidə Rəhimovaya qarşı güc tətbiq etməkdən belə çəkinməyib. Bununla da o, açıq-aşkar şəkildə qanunlara saymazyana yanaşdığını, heç kimdən və heç nədən çəkinmədiyini ortaya qoyub. Lakin nədənsə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri Yol Patrul Xidmətinin inspektorunun əməllərinə lazımi qiymət vermək, onun qanuna müvafiq formada cəzalandırılmasına şərait yaratmaq əvəzinə, israrla qarşı tərəfi - xanım sürücünü günahkar çıxarmağa çalışırlar. Halbuki xanım sürücünün aparıldığı 39-cu polis bölməsində də birmənalı şəkildə Samidə Rəhimovanın günahsız olduğu bildirilib. Buna baxmayaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov qəzetimizə verdiyi açıqlamasında dolayısıyla təmsil etdiyi qurumun yetkili şəxslərini müdafiə etməyə, özünü isə məsələdən kənarda saxlamağa çalışıb. Lakin bu baş tutan iş deyil. Çünki bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bəzi rəhbər şəxsləri, eləcə də bir sıra əməkdaşları ciddi neqativ hallara şərait yaradırlar. Misal kimi 10-YP-528 dövlət nömrə nişanlı "BMW" markalı avtomobildə xidmət edən Yol Patrul Xidmətinin inspektoru İlqar İbrahimovu, onun əmisi oğlu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi Malik İbrahimovu, 6-cı tağımın işçisi Zaur Piriyevi və onun əmisi, bir müddət öncəyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri olmuş polkovnik Nadir Piriyevi göstərmək olar. Xəbər agentliklərindən əldə etdiyimiz bilgilərə görə, adıçəkilən şəxslərin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Beləliklə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi Malik İbrahimovun arxasında məhz idarə rəisi Nuşirəvan Səfərovun dayandığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, BŞDYPİ-nin rəisinin bacısı oğlu, həmin idarənin sabiq əməkdaşı Namiq Kərimovun 30 illik yubileyi 2013-cü ilin avqust ayında Malik İbrahimov tərəfindən Türkiyənin Bələk şəhərində böyük təm-təraqla qeyd edilib: "Bundan başqa, 10-YP-528 dövlət nömrə nişanlı "BMW" markalı avtomobildə xidmət edən Yol Patrul Xidmətinin inspektoru İlqar İbrahimovun əmisi oğlu Malik İbrahimov ad günündə Nuşirəvan Səfərovun bacısı oğlu Namiq Kərimova 10 RK 500 nömrə ilə son model "BMW" hədiyyə edib". Malik İbrahimovun qardaşının da yol polisi sistemində çalışdığını vurğulayan məlumatlı şəxs iddia edir ki, İbrahimov qardaşlarının hər birinin Badamdar qəsəbəsində dörd mərtəbəli qoşa villaları var: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisinin daha bir dəbdəbəli villası isə Şamaxıda yerləşir. Həmçinin onun Bakının "Vorovski" kimi tanınan ərazisində çoxsaylı kommersiya obyektləri var. Bundan başqa, Malik İbrahimovun Nabranda yerləşən "Atlant" istirahət mərkəzinə şərik olması da bildirilir. Qeyd edim ki, mütəmadi olaraq təşkil etdiyi "reydlər"ə yalnız "Niva" markalı avtomobildə çıxan Malik İbrahimov əslində çox bahalı markalardan olan bir neçə avtomobilin sahibidir. Lakin o, bu avtomobillərin sükanları arxasına çox nadir hallarda əyləşir".

"Bizim dövr” qəzetinə istinadən verilən məlumata görə, o da bildirilir ki, Malik İbrahimovla tanınmış müğənni Xumar Qədimova yaxın dostluq münasibətlərinə malikdirlər. Bir müddət öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bacısı oğlu Namiq Kərimov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb: "Namiq Kərimov saxlanılan müddətə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edirmiş. Deyilənlərə görə, onun saxlanılmasına səbəb 2500 manat pul alarkən yaxalanmasıdır. Lakin onun saxlanılması cəmi bir gün davam edib. Dayısı Nuşirəvan Səfərov işə qarışaraq bacısı oğlunu həbsdən xilas edib. Amma bu zaman Namiq Kərimovun işdən çıxarılmasına dair əmr verilib. Onu da qeyd edim ki, Bakı şəhərində avtomaşınları zorla əllərindən alınan və barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən Malik İbrahimov özü nəzarət edir. Malik İbrahimov həmçinin, keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur". İndiyədək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisinin əməllərindən əziyyət çəkənlərin çox olduğunu söyləyən mənbə qeyd edir ki, Malik İbrahimovun qardaşı Etibar İbrahimov Sabirabad rayonunda çalışır və əsas trasa nəzarət edir: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisinin xüsusi adamları var. Həmin adamlar "VAZ 2107" markalı avtomobildə oturub yolda adama "ilişirlər". Nəticədə gənclər də sürəti artırmağa başlayırlar. Yarışa-yarışa gətirib Malik İbrahimovun yanına çıxarırlar, orada gənclərin cəriməsini kəsirlər. Malik İbrahimov əksər hallarda mülki geyimdə olur. Halbuki yol polis əməkdaşı mülki geyimdə sürücüləri saxlaya bilməz. Müvafiq qanunvericiliyə görə, yol polis əməkdaşının vəzifələrindən biri xüsusi geyim formasında olmalı, xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını) özündə saxlamaqdır. Ümumiyyətlə, yol polisinin mülki maşında vətəndaşı təqib etməsi qanunla yolverilməzdir".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S Yevlax trasına rəhbərlik edən Malik İbrahimovun qardaşı Etibar İbrahimov Nərimanov rayonunda yerləşən hündürmərtəbəli binada kimlərlə nəyi müzakirə edirlər? Sürücü Ağanın hansı xidmətləri var?

P.P.S Korrupsiyanın içində lövbər salan şəxslər kimləri vəkilləri ilə hədələyir? Vəkilə verilən 5000 manat haradan alınır?
gundelik-baku.com