BolgeXeber.Com » Gündəm » Səfərbərlik Xidmətində islahatlar aparılmayınca itkilər qaçılmazdır

Səfərbərlik Xidmətində islahatlar aparılmayınca itkilər qaçılmazdır

28-08-2014, 11:25
Oxunub: 2 787 Arzu Rəhimov və komandası başqalarına problem yaradır
SHXÇDX-in rəhbərliyi yerində deyil.Müasir dövrdə hər bir dövlətin qüdrəti ilk növbədə onun iqtisadiyyatı və ordusunun gücü, döyüş hazırlığı ilə hesablanır. Şübhəsiz ki, bu gün iqtisadiyyatımız neft sektoru başda olmaqla sürətlə inkişaf edir və hər bir ölkə vətəndaşı bundan qürurlanır. Təəssüf ki, istəsək də belə, eyni sözləri Silahlı Qüvvələrlə bağlı demək qeyri-mümkündür. Açığı, son illər ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb, ciddi islahatlar reallaşdırılıb. Ancaq bütün bunlara baxmayaraq, hələ də ordumuzda əsgər ölümlərinə, yararsız çağırışçıların hərbi xidmətə cəlb olunması hallarına birdəfəlik son qoyulmayıb.

Sual olunur: - axı kimdir bunun günahkarı? Ölkəmizdə hansı qurum və konkret olaraq hansı şəxs bu cür hallara görə məsuliyyət daşıyır? -Şübhəsiz ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Amma sadaladıqlarımıza rəğmən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov deyəsən, hansısa nüfuzlu şəxslərə arxalandığı üçün özünü olduqca sərbəst aparır və rəhbərlik etdiyi qurumun əməllərini müxtəlif yollarla pərdələməyə səy göstərir. Söylədiklərimiz belə olmasaydı, onda vərəmli, nevroz və digər ağır xəstəliklərdən əziyyət çəkən şəxsləri ordu sıralarına cəlb etdikləri üçün Səfərbərlik Xidmətinin bəzi yetkili şəxsləri barəsində aidiyyəti qurumlar lazımi ölçü götürər, buna məsuliyyət daşıyanlar qanun qarşısında cavab verərdi. Amma bu baş vermədiyindən çoxlarında ciddi şübhələr ortaya çıxır...

Şübhəsiz ki, bu və buna bənzər digər sualların cavabı çox aydındır. Ona görə ki, bu gün həqiqi hərbi xidmət yaşı çatmış gəncləri müvafiq tibbi yoxlanışdan keçirib müxtəlif hərbi hissələrə istiqamətləndirən qurum general-leytenant Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Məhz buna görə də, qeyd olunan mənfi hallara, əsgər ölümlərinə, xəstə çağırışçıların ordu sıralarına cəlb olunmasına görə birbaşa məsuliyyəti məhz Səfərbərlik Xidməti və onun başında duran şəxslər daşıyırlar. Ancaq nədənsə aidiyyəti qurumlar, əsasən də hüquq-mühafizə orqanları sözügedən məsələyə bir o qədər də ciddi yanaşmır. Elə buna görə də "Gündəlik Bakı" qəzeti olaraq vərəmli əsgərlərin siyahısıyla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirik. Ümid edirik ki, qeyd olunan faktlardan sonra aidiyyəti orqanlar bu istiqamətdə zəruri tədbirlərə başlayacaqlar. Ona görə ki, itkilərlə ötən hər ötən gün ordumuzun və beləliklə də, ölkəmizin əleyhinə işləyir.

Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əksər rayon şöbələrində çox ciddi nöqsanlar, qanun pozuntuları mövcuddur. Həm qurumda çalışan bəzi işçilər, həm də bu strukturla bağlı məlumatlı şəxslər hesab edir ki, aidiyyəti qurumlar dərhal başda Arzu Rəhimov olmaqla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra vəzifəli şəxslərinin fəaliyyətini araşdırmalı, ayrı-ayrı vaxtlarda əsgər ölümlərinə rəvac vermiş, bu kimi halların artmasına şərait yaratmış şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ona görə ki, bu gün hərbi xidmətə yararsız olanların sağlam adı ilə hərbi xidmətə göndərilməsi, o cümlədən bunun əksi olaraq tam sağlam çağırışçıların hərbi xidmətdən qanunsuz yayınmaları hallarına hələ də rast gəlinir. Məsələ burasındadır ki, xidmətin yerli şöbələrinin rəisləri müəyyən maraq qarşılığında imkanlı çağrışçıları "xəstəlik" adı ilə hərbi xidmətdən yayındırır, onların yerinə hərbi xidmətə yararsız gəncləri çağırırlar.

Çoxlarına bəllidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində genişmiqyaslı və obyektiv yoxlamalar aparılsa, onda əksər komissarların bu tip "əməliyyat"dan külli miqdarda gəlir əldə etmələrini müəyyənləşdirmək mümkündür. Əgər yoxlamalar aparılsa məlum olacaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi məsul şəxsləri çağırışçılara öz doğma övladları kimi yanaşmaq əvəzinə, gələcək əsgərlərə ögey münasibət göstərirlər, onların sağlamlığının qeydinə qalmaq istəmirlər. Faktlar, habelə son baş verənlər göstərir ki, əgər hüquq-mühafizə orqanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırma aparsalar, SHXÇDX tərəfindən yol verilən nöqsanlar ictimailəşdirilə bilər. Ötən saylarımızda da xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq göstərişlərindən sonra general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ordu sıralarına cəlb olunmuş çağırışçılarla bağlı ciddi yoxlamalar həyata keçirilib. Məhz həmin yoxlamalar nəticəsində məlum oldu ki, Səfərbərlik Xidməti yüzlərlə xəstə çağırışçını yararlı adı altında müxtəlif hərbi hissələrə göndərib. Amma bundan cəmi bir neçə gün sonra həmin çağırışçılarda "sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi", "eksudativ plevlit" və digər ağır xəstəliklər müəyyən edildi. Baş verənlər bir daha onu təsdiqlədi ki, xəstə çağırışçılar sağlam kimi qeyddiyyata alınıb və nəticədə ordu sıralarına göndəriliblər. Həmin yoxlamalardan sonra isə onlar hərbi hissələrdən geri qaytarılıblar. Sözsüz ki, bütün bunlara görə məsuliyyəti Arzu Rəhimov və onun bəzi işçiləri daşıyırlar.

Tam məsuliyyət hissi ilə deyə bilərik ki, general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələri tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş çağırışçıların bir qismi qısa müddət sonra məhz səhhətində yaranmış problemlər üzündən tərxis olunublar. Toxunduğumuz faktlar bir daha onu təsdiqləyir ki, hazırda Səfərbərlik Xidmətində müxtəlif qanunsuzluqlar, mənfi hallar hökm sürür. Amma nədənsə hələ də adıçəkilən xidmətin rəhbərliyində təmsil olunan, əyrintilərə qol qoyan şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb edilməyiblər. Təəssüf ki, Arzu Rəhimov SHXÇDX-in rəhbəri kimi fəaliyyətə başladığı gündən orduda əsgər ölümlərinin sayı çoxaldı. Arzu Rəhimov və onun tabeliyində çalışan şəxslər buna görə birbaşa məsuliyyət daşıdıqlarından onlar hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir. Ona görə ki, hərbi çağırış sistemi və buna nəzarət, yəni əsgərlərin orduya yararlı olub-olmamasını müəyyənləşdirmək məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri daxilindədir. Məhz buna görə də, gənc əsgərlərin, xüsusən də çağırış günündən bir neçə gün sonra baş verən hərbçi ölümlərə görə ittiham olunmalı əsas qurum Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət qurumudur. "Gündəlik Bakı"nın toxunduğu problemin kökündə duran səbəbləri araşdırdıqda məlum olur ki, əsas və ən ciddi nöqsan SHXÇDX-nin strukturun qeyri-mükəmməldir. Qəzetimizin ötən, habelə bugünlərdəki saylarında sizə təqdim etdiyimiz faktlar da sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun və onun bəzi işçilərinin Silahlı Qüvvələrimizə vurduğu zərbələrin miqyası bitib, tükənmir. Başqa sözlə desək, ölkə başçısının 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunan general-leytenant SHXÇDX-nin rəhbəri vəzifəsinə təyinat aldıqdan sonra orduya xəstə çağırışçıların göndərilməsi halları daha da çoxaldı. Faktlar göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri vərəm xəstəsindən əziyyət çəkən, eləcə də digər səbəblər üzündən yararsız olan gənclərə "sağlam" diaqnozu qoyaraq ordu sıralarına göndərir. Halbuki Arzu Rəhimovun özünün də çox yaxşı bildiyi kimi, həmin gənclərin xidmət etdikləri hərbi hissələrdə keçirilən flüoroqrafik müayinələrdə gənc çağırışçılara müxtəlif diaqnozlar qoyulur. General-leytenantın bəzi işçilərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə göndərdiyi çağırışçıların sayının ildən-ilə artması Arzu Rəhimovun yerində olmadığını göstərir. Mübaliğəsiz demək olar ki, general-leytenantın birlikdə çalışdığı adamlar, Arzu Rəhimov və onun komandası başqalarına qarşı problemlər yaradır. General-leytenantın işçiləri orduya xəstə çağırışçıları göndərir. Bundan isə əziyyət çəkən valideynlər, Silahlı Qüvvələrimiz, habelə digər yarımhərbləşdirilmiş güc strukturlarımızdır.
gundelik-baku