BolgeXeber.Com » Gündəm » Paytaxtın cəzbedici, amma "saxta endirimlər"i

Paytaxtın cəzbedici, amma "saxta endirimlər"i

29-08-2014, 14:15
Oxunub: 5 874 "Saxta endirimlər" problemi son illərin ən çox diqqətiçəkən məsələlərindəndir

Vitrinlərə cazibəli formada "geyimlərə 30-50-80 faiz endirim", "hər nə alsan, 10 manat", "2 al+bir hədiyyə" yazılmış endirim kampaniyası lövhələri əvvəllər əgər bayramlar ərəfəsində özünü daha çox göstərirdisə, indi bu, adi hala çevrilib. Belə ki, indi mərkəzdə olan bütün mağazaların şüşələrini belə elanlar bəzəyir. Adətən bayramlar öncəsi və il sonunda mağazalar endirim kampaniyaları ilə müştərilərini sevindirmək istəyirlər.

Təbii ki, bu, çox dəyərli işdir və insanların sosial rifahı naminə atılan addımdır. Lakin çox alış-veriş edərkən bir çox mağazaların bu tip kampaniyaların saxtalığını, məkrli niyyətini dərhal hiss edirsən. Hazırda şəhərin əksər dükanlarında endirim olduğunu göstərən yazılara rast gəlinir. Araşdırmalar göstərir ki, bu kampaniyalar zamanı tez-tez müştərilərin hüquqlarının pozulması halları baş verir. Məsələn, bəzi mağazalarda malların üzərindəki etiketlərdə yalnız endirimli qiymətlər öz əksini tapır. Endirimdən əvvəlki qiymətə isə rast gəlinmir. Belə olan halda müştəri aldığı məhsulun qiymətində həqiqətən endirim olub-olmadığını dəqiqləşdirə bilmir. Bu da istehlakçı hüququnun birbaşa pozulması faktıdır. İstehlakçı hüquqlarının qorunmasına dair Qanunda birmənalı olaraq qeyd edilir ki, satılan bütün malların üzərində maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədi və sertifikatı olmalıdır. Bu yoxdursa demək, orada müştərinin aldadılması faktları mövcuddur. Eyni zamanda, həmin sənədləri müştərinin tələb etmək hüququ vardır. Digər tərəfdən, mağaza sahiblərinin müştərilərin mağazaya olan etibarından istifadə edərək onları aldatmalarını dələduzluq da adlandırmaq olar. Hətta belə işlərə görə cinayət məsuliyyətinə cəlb edilmə də mümkündür. O səbəbdən ki, əgər yarlıqda endirimdən əvvəlki qiymətlər deyil, ancaq yeni, endirimli qiymətlər göstərilirsə, bu, istehlakçı hüquqları haqqında Qanunun pozulmasıdır. Belə halda müştəri hüququnun pozulması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edə, onu aldadan mağazanı məhkəməyə verə bilər. Ölkəmizdə ən ciddi problemlərdən biri də istehlakçıların öz hüquqlarını bilməməsidir. Onlar hüquqları barədə məlumatlandırılmalıdırlar ki, ondan yararlana bilsinlər. Xüsusən, mağazalarda müştərilərin hüquq və vəzifələri haqda məlumat bölmələri olmalıdır. Digər tərəfdən, mağazaların saxta endirim kampaniyaları ədalətli rəqabətin meydanını daraldır və inhisarçılığa geniş meydan verir. Bu isə yenə də ciddi qanun pozuntusu hesab olunur.

Əslində, endirim kampaniyalarının saxtalığı ilk baxışdan hiss edilir. Ona görə ki, malların qiymətini birdən-birə 70 faiz endirən mağaza sahibi ilk baxışdaca "qarğa mən də qoz var" atalar sözünü yada salır.

Belə ki, əgər bir mağaza mallarının satış qiymətində birdən-birə 70 faiz endirim edirsə, demək, endrimdən öncə o bu malları çox baha qiymətə satmaqla, həm sözün həqiqi mənasında soyğunçuluq edirmiş, həm də vergidən yayınma hallarına şərait yaradırmış. Ümumiyyətlə, "saxta endirimlər" problemi son illərin ən çox diqqətiçəkən məsələlərindəndir. Zaman-zaman aparılan montorinqlər göstərir ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu, sadəcə, alıcıları cəlb etmək məqsədilə həyata keçirilir. Məsələn, bir sıra mağazalarda aparılan monitorinqlərin nəticələrinə baxdıqda bəlli olur ki, 50-60 faiz qiymət endirimləri elan edilsə də, reallıqda azalma 10-15 faiz olur, bəzilərində isə real qiymət endirimləri ümumiyyətlə, baş vermir. Bildiyimiz kimi, hazırda şəhərin mərkəzində ikinci əl geyim mağazalarına çox rast gəlmək mümkündür. "Avropadan geyimlər", "Hindistan geyimləri", "Pakistan malları" adlı mağazalarda əksər mallar "second hand", yəni ikinci əl geyimlər olur. İmkansız adamların əksəriyyəti bu tip mağazalardan alış-veriş edir. Bu cür mağazalarda geyilmiş mallar olduğundan, qiymətlər hədsiz ucuz olur. Alıcılar isə buradakı mallar və qiymətlərdən razı olurlar. Bu da onu göstərir ki, digər mağazalarda hətta endirim şəraitində qiymətlərin yüksək olması müştəriləri ikinci əl geyim mağazalarına daha çox meylləndirir. Əksər hallarda qiymətlərin daha baha olduğu mağazalar radio, televiziya, jurnal, qəzet və digər kütləvi informasiya vasitələrində gedən reklamlarla özlərinə müştəri toplamağa çalışırlar. Bu fonda müəyyən dövrlərdə endirim kampaniyaları başlansa da, qeyd olunduğu kimi, onlar çox vaxt həqiqəti əks etdirmir. Yəni belə mağazalarda malların qiyməti yenə də yüksək olur.