BolgeXeber.Com » Gündəm » İsmayıllı Məşğulluq Mərkəzində qanunlara əməl olunmur

İsmayıllı Məşğulluq Mərkəzində qanunlara əməl olunmur

1-09-2014, 11:25
Oxunub: 3 457 Rüstəm Səmədovun rəhbərlik etdiyi qurumda əhaliyə göstərilən xidmət lazımi səviyyədə təşkil olunmayıb

İsmayıllı Rayon Məşğulluq Mərkəzində işsizliyə görə müavinətlərin verilməsində bir sıra neqativ hallar yaşanmaqdadır. Məsələ ilə bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, İsmayıllı rayonunda qeydiyyatda olan və məşğulluq mərkəzində işsiz kimi adı rəsmiləşdirilən şəxslərin bir qismi artıq bir müddətdir ki, işləmədiyi aylara görə müavinət ala bilmirlər. Bunun başlıca səbəbi kimi vəsait çatışmazlığının göstərildiyini deyən məlumatlı şəxs iddia edir ki, İsmayıllı Rayon Məşğulluq Mərkəzinin fəaliyyətindən şikayətçi olan vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, sözügedən problem aradan qaldırılmayıb.

Məlumat üçün bildirək ki, "Məşğulluq haqqında"Qanunda göstərilib ki, işi və qazancıolmayan, işə başlamağa hazır olub, rayon və şəhər məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Qanunda həmçinin, o da qeyd olunur ki, işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından, yəni şəhər və rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün ölkə üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz.

Gördüyünüz kimi, sözügedən qanunda işsiz statusu və buna görə təyin olunan müavinətlə bağlı bütün məqamlar aydın şəkildə öz əksini tapsa da, nədənsə İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov "Məşğulluq haqqında" Qanunun tələblərinə əməl etmir. Belə ki, məlumatlı şəxsin bildirdiyinə görə, İsmayıllı Rayon Məşğulluq Mərkəzində əhaliyə göstərilən xidmət lazımi səviyyədə təşkil olunmayıb: "İsmayıllı Rayon Məşğulluq Mərkəzində vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərilmir. Həmçinin gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərin təşkili, əmək yarmarkalarının təşkili, işsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi, əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili qanuna müvafiq qaydada aparılmır". İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədovun fəaliyyətinin qənaətbəxş olmadığını deyən məlumatlı şəxs iddia edir ki, adıçəkilən məşğulluq mərkəzinə iş tapmaq ümidilə gələn vətəndaşlara müxtəlif vədlər verilsə də, sonda onların heç biri özünü doğrultmur: "İsmayıllı Rayon Məşğulluq Mərkəzi tərəfindən vətəndaşlara təklif olunan iş siyahısında ali savadlı, təcrübəli və peşəkar kadrlar üçün normal iş tapmaq demək olar ki, mümkün deyil. Odur ki, formal xarakter daşıyan və daha çox xala-xətrin qalmasın deyə tərtib olunan həmin iş siyahılarına artıq heç kimin ümidi, etibarı qalmayıb. Çünki təqdim olunan normal iş yerləri ya həddən artıq ixtisaslaşmış, ya da əməkhaqqı çox aşağı olur". İsmayıllı Rayon Məşğulluq Mərkəzinin fəaliyyətinə dair ətraflı məlumat verən mənbənin sözlərinə görə, adıçəkilən qurumda işsizlərə təqdim edilən iş yerlərinin siyahısındakı vakant yerlər əslində həqiqqətə uyğun deyil: "Məsələn, dəfələrlə olub ki, real iş yeri kimi qeyd olunan ünvanla əlaqə saxladıqda, işgötürənə heç bir işçinin lazım odmadığı məlum olub. Yerli sahibkarlar özləri də dəfələrlə qeyd ediblər ki, məlumatları İsmayıllı Rayon Məşğulluq Mərkəzində yerləşdirməyə onları icra hakimiyyətindən və digər qurumlardan məcbur edirlər. Buna etiraz edənlər isə təbii ki, müəyyən problemlərlə üzləşməli olur. Odur ki, sahibkarlar məcburiyyət qarşısında qalıb məşğulluq mərkəzinin təklifinə "hə" deməli olur". Maraqlıdır, görəsən, bütün bunlardan Dövlət Məşğulluq Xidmətinin xəbəri var?..

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku