BolgeXeber.Com » Gündəm » Vicdanınızın səsini dinləyirsinizmi?

Vicdanınızın səsini dinləyirsinizmi?

4-09-2014, 12:15
Oxunub: 1 778 Allahın razılığını qazanmaq insana xoşbəxtlik və rahatlıq verən yeganə yoldur

Bu mövzu ilə bağlı yazmağıma səbəb müxtəlif insanlarla söhbətlərim və onların dünyada çox önəmli hesab etdiyi məsələlər barədə fikirləri oldu. Adətən, “dünyada ən əhəmiyyətli hesab etdiyiniz məsələ nədir?” sualının cavabı dünyəvi məsələlər, yəni ya işləri, ya ailələri, ya da övladları oldu. İnsanların əksəriyyəti üçün dünyəvi dəyərlər yaşantılarının ən vacib məsələsi sayılır. Özlərini dərk etdiyi zamandan etibarən bütün həyatlarını bu dünyəvi istək və ideallarını həyata keçirib reallaşdırmaq üçün sürdürürlər.
Amma unutduğu və vacib hesab etdikləri şeylərdən daha vacib bir məsələ var: Allahı tanımaq və Allaha yaxınlaşmaq.
Vicdanla düşünən hər kəs Allahı tanımağın və Allaha yaxınlaşmağın ən vacib məsələ olduğunu anlayar. Allahı tanımağın vicdana nə aidiyyətinin olduğunu deyirsinizsə, bir az düşünün:
Ətrafınıza baxın, hər şey bizim ehtiyacımıza uyğun yaradılıb. Sadəcə bədənimiz və orqanlarımız haqqında düşünmək belə Yaradıcının gücünü görməyə bəs edir. Ürəyimiz doğulduğumuz andan ölənə kimi heç bir müdaxiləmiz olmadan işləyir, beynimiz bədənimizə qüsursuz şəkildə nəzarət edir, orqanların fəaliyyətini tənzimləyir. Düşünün, ürəyimizin döyünməsinə nəzarət etmək bizim ixtiyarımıza verilsəydi, bütün işimiz ancaq ürəyin döyünməsinə nəzarət etməkdən ibarət olardı.
Yeməyimiz üçün lazım olan bütün qida maddələri ilə dünyamız təmin olunub. Nəfəs almağımız üçün lazım olan oksigen miqdarı tam lazım olduğu nisbətdə atmosferdə var: nə azdır, nə də çox. Oksigen reaktiv elementdir, əgər atmosferdə lazım olduğundan 1% çox olarsa, ən kiçik qığılcımda böyük yanğınlar meydana gələr. Bundan başqa, 4 əsas qüvvə elə tarazlanıb ki, rahat şəkildə hərəkət edə bilirik. Məsələn, Yerin cazibə qüvvəsi indikindən bir az zəif olsaydı, addım atanda başımız tavana dəyərdi. Yaşamağımız üçün önəmli olan bu tarazlıqlardan əlavə, bir də duyğu üzvlərinə sahibik. Müxtəlif dadları, qoxuları hiss edirik; gördüyümüz mənzərələrdən, filmlərdən zövq alırıq və bunun üçün bizə şüur da verilib. Təbii ki, bütün bunları yaradan üstün güc sahibi bir Yaradanı var.
Bu sadaladıqlarım Allahın yaratdığı nemətlərdən sadəcə bir neçəsidir. Nümunələrin sayını çoxaltmaq olar və vicdan sahibi hər kəs bu nümunələrdən yalnız biri üzərində belə səmimi şəkildə təfəkkür etsə, Yaradanın sənətini görə bilər. Həyatın təsadüfən meydana gəlmədiyinin, çox nizamlı bir yaradılış olduğunun fərqinə varar.

Amma təəssüf ki, çox az insan bu incəliklər üzərində düşünür və Yaradanın gücünü təqdir edir. Əslində, bu mükəmməl yaradılışı görən vicdanlı hər insan özünə verdiyi bu nemətlərə görə Allaha şükür etməlidir. Necə ki, bizə bir yaxşılıq edən şəxsə minnətdarlıq etməyi özümüzə borc biliriksə, bizi yaradan, bizə saysız nemətlər bəxş edən Yaradanımıza qarşı da eyni diqqətlə təşəkkürümüzü çatdırmalıyıq.
Bunun əksini etmiş insanın halı necə olur? İnsanların gözündə yüksəlmək üçün hər şeyi edir, onların razılığını qazanmaq üçün ciddi səy göstərir və bunun üçün müxtəlif yollar düşünür. Amma özünü yoxdan yaradan Rəbbimizin razılığını qazanmaq və Ona yaxınlaşmaq haqqında heç düşünmür.

Allahın razılığını qazanmaq insana xoşbəxtlik və rahatlıq verən yeganə yoldur. Allahı unudub başqa insanların razılığını axtaranlar və ya bunun kimi boş hədəflərə qapılanlar, əsla rahat və xoşbəxt ola bilmirlər.
Hadisələrə öz maraqlarımıza görə deyil, vicdanımızın səsi ilə yanaşdığımızda rahat ola bilərik. Hər kəsin qəlbində onu həmişə xeyrə, gözəlliyə səsləyən bir səs vardır, məhz vicdanlı insanlar bu səsə qulaq asır və bu şəkildə gözəl əxlaq göstərirlər. Gözəl əxlaqda isə məqsədləri insanların gözünə girmək, onlardan tərif gözləmək deyil, Allahın razılığını axtarmaq olur. Bu da öz növbəsində hər zaman Allahı düşünməyi, Ona yönəlməyi, Ona dua edərək hər şeyi Ondan istəməyi təmin edir.
Aysel Vəlizadə