BolgeXeber.Com » Gündəm » Dövlət büdcəsinə ziyan vuran idarə rəhbərini həbs təhlükəsi gözləyir

Dövlət büdcəsinə ziyan vuran idarə rəhbərini həbs təhlükəsi gözləyir

5-09-2014, 11:10
Oxunub: 13 408 Qərib Dadaşov üçün dramatik son

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC)"Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyətində (ASC) neqativ hallar səngimir ki, səngimir. Şaiq Əfəndiyevin rəhbərlik etdiyi qurum "Bakı Metropoliteni" QSC-nin tabeliyinə veriləndən sonra bir sıra kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Və cəmiyyət sədri Zaur Hüseynovun "Azərtunelmetrotikinti"nin bəzi idarə rəislərini hədəfə aldığı vurğulandı. Qəzetimizin keçən saylarında da qeyd etdiyimiz kimi, Metropoliten rəhbərinin işdən çıxarmağı fikirləşdiyi şəxslər arasında "Azərtunelmetrotikinti" ASC-nin tikinti idarəsinin rəisi Qərib Dadaşovun adı başda çəkilir. Çox güman ki, çoxları bu şəxsin kim olması və hansı əməllərə imza atmasından xəbərsizdir. Qısaca qeyd edək ki, Qərib Dadaşov uzun müddətdir tikinti idarəsinin rəisi postunda çalışır. Metropolitenin sabiq şefi Tağı Əhmədovla yaxın münasibətlərə malik olan idarə rəisi onun sayəsində vəzifə pillələrində xeyli irəliləyə bilib. Hələ bu azmış kimi, dövlət büdcəsindən metro tikintisinə ayrılan irihəcmli vəsaitlərin müəyyən hissəsini sənəd üzərində ustalıqla silərək maliyyə imkanlarını yaxşılaşdırıb. Qısa müddət ərzində birdən-birə varlanan Qərib Dadaşov belə desək özünün, ailə üzvlərinin gələcəyi üçün də "gün ağlayıb". Belə ki, idarə rəisi qanundan kənar yollarla əldə etdiyi gəlirlər hesabına Sumqayıtda böyük biznes şəbəkəsi yaradıb. Bizə çatan xəbərlərə əsasən, Sumqayıt şəhərindəki əzəmətli "Nur" şadlıq sarayı, onun yaxınlığındakı böyük avtoservis və bir neçə kommersiya obyekti Qərib Dadaşova məxsusdur. Bundan başqa onun paytaxtda da bir neçə obyektinin və mənzillərinin olduğu bildirilir. Qərib Dadaşovun nə qədər malı-mülkü varsa özünə qismət olsun. Bizim onun varidatında gözümüz yoxdur. Sadəcə, idarə rəisinin bütün bunları hansı pullarla əldə etdiyi maraqlıdır. Onun aylıq vəzifə məvacibi ilə dəyəri milyonlara bərabər olan "Nur" şadlıq sarayını inşa etdirməsi heç cür inandırıcı görünmür. Yazının əvvəlində bildirdik ki, Zaur Hüseynov Qərib Dadaşovu tutduğu vəzifədən çıxarmaq istəyir. Qeyd edək ki, bu haqda neçə aydır söz-söhbət getsə də, ortada konkret nəticə yoxdur. "Azərtunelmetrotikinti" ASC-nin tikinti idarəsinin rəisi isə vəzifədən uzaqlaşdırılmadığını görərək özbaşına işlərinin sayını bir qədər də artırıb. Mötəbər qaynaqlardan redaksiyamıza ötürülən məlumatlara görə, Qərib Dadaşov hazırda tikinti işləri davam etdirilən layihələrdən böyük miqdarda gəlir götürür: "Qərib Dadaşovun hələ də vəzifəsində saxlanması Şaiq Əfəndiyevin rəhbəri olduğu qurumun işini bərbad vəziyyətə salıb. İdarə rəisinin həyata keçirdiyi qanunsuz əməllər Şaiq müəllimin karyerasını təhlükə qarşısında qoyub. Zaur Hüseynovun gözləmə mövqeyi tutması və idarə rəhbərinə güzəştə getməsi səbəbsiz deyil. Çoxları Metropoliten rəisinin kimlərisə nəyinsə qarşılığında vəzifədə saxlayacağını düşünür. Amma belə deyil. Zaur Hüseynov Qərib Dadaşovu daha ciddi yeyinti faktı ilə işdən xaric etmək istəyir. Buna görə də ona qanunsuz maliyyə əməliyyatlarını rahat görə bilməsi üçün real şərait yaradıb. İdarə rəisi bundan istifadə edərək qurumun büdcəsinə ağır zərbə vurur. Onun cəzalandırılacağı gün elə də uzaqda deyil. Bu ayın sonlarına kimi "Azərtunelmetrotikinti" ASC-də kadr islahatlarına start veriləcək. Əsas hədəf isə birmənalı olaraq Qərib Dadaşovdur. Ona görə ki, bu müəssisədə dövlət büdcəsinə onun qədər ziyan vuran ikinci şəxs yoxdur. Hətta idarə rəisinin həbs olunmaq təhlükəsi də var". Mənbənin dediklərini ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, Qərib Dadaşov artıq vəzifəsi ilə vidalaşmaq üzrədir. Fikrimizcə, Maliyyə Nazirliyinin və Hesablama Palatasının əməkdaşları "Azərtunelmetrotikinti" ASC-nin tikinti idarəsinə ayrılan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyini araşdırıb Qərib Dadaşovun qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməlidir.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
gundelik-baku