BolgeXeber.Com » Gündəm » Hər il 800 min manat hara gedir? – Sıgorta şirkətləri…

Hər il 800 min manat hara gedir? – Sıgorta şirkətləri…

7-09-2014, 11:15
Oxunub: 3 822 Qanunun həm sığortaçılar, həm də cəmiyyət üçün çox faydalı olan müddəaları yaddan çıxıb

Avtomobillərin sığortası ilə bağlı müxtəlif problemlərin olduğu heç kimə sirr deyil. Bu problemlərin əksəriyyəti təcrübi xarakterlidir və sığorta işinə dair müəyyən normaların düzgün tətbiq edilməməsindən irəli gəlir. Lakin sığorta qanunvericiliyində elə müddəalar var ki, onlar ümumiyyətlə, tətbiq olunmur. Bəlkə də belə müddəaların olduğu heç kəsin yadına da düşmür, yaxud həmin müddəalar sərf etmədiyindən “unudulub”. Özü də söhbət həm sığortaçılar, həm də cəmiyyət üçün çox faydalı olan müddəadan gedir.
Sığorta fəaliyyətində yaddan çıxmış belə normalardan biri «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun qarşısıalınma tədbirləri barədə müddəalardır. Adı çəkilən Qanunun 26.1-ci maddəsində deyilir ki, sığortaçı baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn lazımi xərclərin ödənilməsi üçün bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq məcburi ayırmalar hesabına qarşısıalınma tədbirləri fondunu formalaşdırmalıdır. Qanunun 12.2-ci maddəsindən aydın olur ki, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından qarşısıalınma tədbirləri fonduna 1% həcmində məcburi ayırmalar həyata keçirilməlidir. Həmin Qanunun 26.2-ci maddəsində isə deyilir ki, qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlər bu Qanunda nəzərdə tutulmuş hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanmalı və sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən təyinatlar üzrə istifadə olunmalıdır.
Beləliklə, «İcbari sığortalar haqqında» Qanunun istinad etdiyimiz normalarını birgə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından yığılan sığorta haqlarının 1%-i qarşısıalınma tədbirləri fonduna keçirilməlidir. Söhbət kifayət qədər sanballı məbləğdən gedir. Belə ki, hazırda ölkəmizdə 1,2 milyon mexaniki nəqliyyat vasitəsi mövcuddur. Bunların hər birinə görə sahibinin mülki məsuliyyəti icbari sığorta olunmalıdır. Nəqliyyat vasitələrinin növündən və mühərrikinin iş həcmindən asılı olaraq sığorta haqları 50-300 manat arasında dəyişir (bonus-malus sisteminin tətbiqi nəticəsində daha yüksək sığorta haqlarının alınması da mümkündür). Rəsmi statistika ölkəmizdə nəqliyyat vasitələrinin təxminən 70-80%-nin icbari sığortaya cəlb olunduğunu deyir. Bu isə o deməkdir ki, ölkəmizdə nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından 1 il ərzində ən azı 80 milyon manat haqq yığılır. Bu məbləğin 1%-i isə 800 min manat deməkdir.
Deməli, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qarşısıalınma tədbirləri fonduna hər il təxminən 800 min manat vəsait daxil olur. Qanun həmin vəsaitin xərclənmə təyinatını da kifayət qədər aydın müəyyən edir: sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn lazımi xərclərin ödənilməsi. Başqa sözlə, sığorta şirkətlərinin göstərilən fondda topladıqları 800 min manat vəsait ölkəmizdə yol-nəqliyyat hadisələrinin azaldılmasına yönəlməlidir. Çünki nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeganə sığorta hadisəsi qismində müxtəlif xarakterli yol-nəqliyyat hadisələri – bizim hər gün gördüyümüz qəzalar çıxış edir.
Yol-nəqliyyat hadisələrinin qarşısını almağa yönələn tədbirlər sırasına ilk növbədə yol hərəkəti iştirakçılarının müasir texnologiyaların köməyi ilə maarifləndirilməsi, mümkün qəza risklərinin tədqiq edilərək aşkar olunması, cəmiyyətin, xüsusən sürücülərin diqqətinin həmin risk amillərinə yönəldilməsi, bu risk amillərinin aradan qaldırılması üçün əməli tədbirlər görülməsi və s. aid edilə bilər.
Açığı, şəxsən mən hər hansı sığorta şirkətinin, yaxud Maliyyə Nazirliyi tərkibində olan sığorta nəzarəti orqanının bu məzmunlu hər hansı tədbiri həyata keçirməsinin və ya belə tədbiri maliyyələşdirməsinin şahidi olmamışam. Amma bu işin həyata keçirilməsi, yəni qarşısıalınma tədbirləri fonduna yığılmış vəsaitlərin birbaşa təyinatı üzrə istifadə edilməsi ilk növbədə həmin sığorta şirkətləri üçün faydalı olardı. Axı bu tədbirlərin məqsədi yol-nəqliyyat hadisələrinin, yəni sığorta hadisələrinin azaldılmasıdır. Bu hadisələrin azaldılması isə sığortaçının həmin hadisəyə görə sığorta ödənişindən azad olması, yəni sığorta haqqı kimi yığdığı vəsaiti özündə saxlayaraq daha böyük gəlir əldə etməsi deməkdir.
Digər tərəfdən, bu tədbirlər cəmiyyət üçün də faydalı olar. Çünki cəmiyyətin ümumi sosial bəlasına çevrilmiş yol-nəqliyyat hadisələrini azaltmaq hər kəsi düşündürən problemdir. Bu problemin həllinə kömək edə biləcək hər bir iş böyük əhəmiyyətə malikdir və ondan mütləq faydalanmaq lazımdır.
Hesab edirəm ki, bütövlükdə cəmiyyətimiz, o cümlədən sığorta şirkətləri və sığorta nəzarəti orqanı qaldırdığımız bu məsələyə yetərincə diqqət ayırmalı, qanunda nəzərdə tutulan, özü də həyata keçirilməsi mümkün olan belə tədbirlərin icrasına ləngitmədən başlamalıdır. Bu işdə gecikməyimiz həm cəmiyyətə, həm də sığorta şirkətlərinə ziyan vurmaqdan başqa bir şey deyildir.
Qeyd: Növbəti yazılarımızda sığorta sahəsindəki digər çatışmazlıqlarla bağlı maraqlı məlumatları oxucularımızla bölüşəcəyik.
Ərşad Hüseynov