BolgeXeber.Com » Gündəm » Şəkidə sakinlərin suyu kəsilərək otellərə verilib - (Fotolar)

Şəkidə sakinlərin suyu kəsilərək otellərə verilib - (Fotolar)

8-09-2014, 00:40
Oxunub: 3 907 Şəkidə su problemi var

Sakinlərin sözlərinə görə, problemin yaranma səbəbi yaşayış evlərinə gələn suyun kəsilərək yaxınlıqda olan “Sheki Palace” və “Karvansaray” otellərinə verilməsidir.

“Şəkinin Vidadi küçəsi və Axundzadə prospekti yaxınlığında yerləşən evlərin hamısı susuz qalıb. Bəzi küçələrdə ötən ilin aprel ayından, bəzilərində isə bu ilin aprelindən etibarən içməli suyun verilməsi dayandırılıb” - deyə yerli sakinlər virtualaz.org saytının müxbiri ilə söhbətlərində bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Axundzadə prospektindəki “Sheki Palace” və “Karvansaray” otellərinin yaxınlığında yerləşən yaşayış evləri ötən ilin aprel ayından suya həsrətdir. Vidadi küçəsində yerləşən evlərin suyu isə bu ilin aprelindən kəsilib.

Sakinlər iddia edir ki, onlara verilməli olan su kəsilərək yaxınlıqdakı otellərə verilib.

“Bizim içməli suyumuz yoxdur. Amma 100-150 metr məsafədə olan otellərin su problemi heç vaxt olmur. Əvvəllər də quraqlıqla əlaqədar su problemimiz olurdu. Bu il isə su kökündən kəsildi. Builki quraqlıqdan qat-qat artıq quraqlıq olan zamanlar olub. Ancaq heç vaxt belə olmurdu. Nə oldusa, bu otellər tikiləndən və təmir ediləndən sonra oldu” - deyə sakinlər şikayətlənir.

Onlar deyir ki, hazırda su ilə təmin olunurlar, amma...: “Şəki Şəhər İcra Hakimiyyətinin ayırdığı maşınlarla 2-3 gündən bir yaşayış evlərinə su paylanır. Nə vaxta qədər belə olacaq? Quraqlıq necə olur ki, qışda da olur? Və necə olur ki, ancaq bu otellərə yaxın olan məhəllələrə su verilmir?”

Sakinlərin bu narazılığı ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Tərlan Nəsibov da virtualaz.org saytına açıqlamasında su probleminin səbəbinin quraqlıq olduğunu bildirdi.

T.Nəsibovun sözlərinə görə, bölgədə bu il havaların quraqlıq keçməsindən sonra ciddi şəkildə su problemi yaşanıb. T.Nəsibov qeyd etdi ki, bununla bağlı olaraq icra başçısı Elxan Usubovun tapşırığı ilə qərargah yaradılıb. Sakinlərin su probleminin həll edilməsi üçün su maşınları ayrılıb.

Suyun evlərə qrafiklə paylandığını deyən T.Nəsibov yaranan problemin səbəbinin yalnız quraqlıq olduğunu bildirdi və səsləndirilən digər iddiaları əsassız adlandırdı.