BolgeXeber.Com » Gündəm » Zərdab Rayon Xəstəxanasında özbaşınalıq

Zərdab Rayon Xəstəxanasında özbaşınalıq

12-09-2014, 10:05
Oxunub: 3 839 Ruslan Nemətovun rəhbərlik etdiyi tibb ocağında pulsuz səhiyyə xidmətləri göstərilmir

Zərdab rayon səhiyyəsi hər ötən gün bir qədər də geriləyir. Çünki rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov əsas diqqətini tamam başqa məsələlərə yönəldib. Bu və digər məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsindən Zərdab səhiyyəsinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir.

Belə ki, məlumatlı şəxs iddia edir ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov adıçəkilən tiibb müəssisəsini özünəməxsus şəkildə idarə etdiyinə görə, çox ciddi və həlli müşkülə çevrilən problemlər ortaya çıxıb: "Ölkə rəhbərliyi bu əhəmiyyətli sahənin yenidən qurulması, buradakı qanunsuzluq hallarının aradan qaldırılması üçün ciddi addımlar atmaqdadır. Lakin hazırda Zərdab rayon səhiyyəsində ciddi problemlər yaşanır. Baş həkim rayon mərkəzi xəstəxanasını elə vəziyyətə qoyub ki, artıq vətəndaşlar bura pənah gətirməyə qorxurlar. Çünki Ruslan Nemətovun rəhbərlik etdiyi tibb müəssisəsində pulsuz səhiyyə xidmətləri göstərilmir. İş o yerə çatıb ki, artıq Zərdab Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinin bir qismi də Ruslan Nemətovun əməllərindən beziblər. Lakin olan işlərini itirmək təhlükəsilə üz-üzə qala biləcəklərindən ehtiyat etdikləri üçün bu barədə düşüncələrini açıq şəkildə bəyan edə bilmir, narazı qaldıqları məqamlarla bağlı ancaq öz aralarında danışırlar. Onu da qeyd edim ki, xəstəxanaya müayinəyə gələn vətəndaşlar ilk növbədə, həkimlərin "xüsusi buraxılış məntəqəsi"ndən keçməlidirlər. Burdan keçə bilənlərə tibbi xidmət göstərilir. Lakin kim ki, qanundan danışır, haqqını tələb edirsə, həmin insanları incidirlər. Hətta dəfələrlə baş həkim pulsuz tibbi xidmətdən yararlanmaq istəyənlərə "gedin hara şikayət edirsiniz, edin" deyib".

Bu arada, Zərdab rayon sakinləri də bildirirlər ki, Ruslan Nemətov rayon səhiyyəsini məhv etməklə məşğuldur: "Baş həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən 20-25 manat alsınlar. Ruslan Nemətovun xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib çıxdığının hesabını aparırlar və həmin hesabatlar baş həkimə təqdim olunur". Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən Zərdab sakinləri qeyd edirlər ki, rayondan ağır xəstələrin Bakıya gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov ağır xəstələrin paytaxta gətirilməsi üçün böyük məbləğdə pul tələb edir: "Baş həkim xəstələrin Təcili Tibbi Yardım maşınları ilə paytaxta gətirilməsi üçün xəstə yaxınlarından irəli sürülən "şərt"ə əməl etməyi tələb edir. Əgər baş həkimin "tələb"inə öncədən əməl olunmasa, o zaman xəstənin vəziyyətindən asılı olmayaraq onun Bakıya gətirilməsi süni əngəllərlə yubadılır. Ümumiyyətlə, Zərdab Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb".

Əldə etdiyimiz məlumatlara görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi elan olunmuş tenderlər sayəsində də maraqlarını təmin etməyi bacarır. Belə ki, Ruslan Nemətovun paytaxtın müxtəlif yerlərində bir neçə mənzilinin olduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, o, bir müddət öncə "Moran-67" MMC-nin əlilə yumşaq inventarların satın alınması üçün ayrılmış 36 min manatın bir hissəsinin təyinatdankənar istiqamətə xərclənməsinə nail olub: "İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması adı altında "Zahiroğlu-BC" MMC ilə birlikdə həyata keçirilən "əməliyyat" isə 20 min manat xeyir gətirib. Digər alışlar və xidmətlərin satın alınması prosesində "Kainat-SS" MMC ilə şəriklik nəticədə 3 min manat qazanc əldə olunub. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üçün nəzərdə tutulan 49 min manat isə "Mədinə-F" MMC ilə birlikdə "xərc"lənib. Görəsən, rayon rəhbərliyinin bunlardan xəbəri var?.."

Mövzu ilə əlaqədar qarşı tərəfi də dinləyə bilərik.