BolgeXeber.Com » Gündəm » "Təzə Bazar"xəstəlik mənbəyinə çevirib

"Təzə Bazar"xəstəlik mənbəyinə çevirib

13-09-2014, 09:20
Oxunub: 3 013 Anti-sanitariyaya və mənşəyi bilinməyən ət məhsullarının satılmasına niyə göz yumulur?

Bu gün bazarların mövcud durumu hər kəsə məlumdur. Bazar bəzən məcazi mənada qarışıqlıq anlamında da işlədilir. Xoş söz olmasa da, bu gün paytaxt Bakıda elə bazarlar var ki, sözün həqiqi mənasında "bazar"dır. Hazırda marketlərdə meyvə-tərəvəz olsa da, vətəndaşlar çox zaman bazarlara üz tuturlar ki, heç olmasa bir az ucuz məhsullar əldə edə bilsinlər. Lakin son günlər kənd təsərrüfatı məhsullarının qiymətində sürətli artım müşahidə edilir. Belə ki, Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etməsindən sonra Azərbaycandan ərzaq idxalını artırması yerli bazarlarda gözlənildiyindən daha çox bahalaşmaya səbəb olub.

Paytaxt Bakıda ərzaq bazarında meyvə-tərəvəzdə qiymət artımı idarəolunmaz həddə çatıb. Son bir həftə ərzində isə, bəzi məhsulların qiyməti iki dəfə artıb. Qiymətlərin baha olması ilə yanaşı, bu gün əksər bazarlarda anti-sanitar vəziyyət pik həddə çatır. Belə bazarlar sırasında ilk yeri isə Məmmədağa İbrahimovun rəhbəri olduğu "Təzə Bazar" MMC tutur. Belə ki, Məmmədağa İbrahimovun direktoru olduğu "Təzə Bazar" MMC-də artıq uzun müddətdir ki, anti-sanitariya, natəmizlik hökm sürür. Səliqə-sahman bir yana, bazara daxil olduqda, nəyin harada satıldığını müəyyənləşdirmək üçün hələ bir müddət müşahidə aparmaq lazım gəlir. Çünki, təmizliyə nəzarətin zəif olması səbəbindən, məhsulu kim harda gəldi, necə istədi satır. Bazarda anti-sanitariya hökm sürsə də, piştaxta arxasında dayanan satıcılar burada dayanmağın onlara çox baha başa gəldiyini vurğulayırlar. Bununla yanaşı, adıçəkilən şəxsin rəhbəri olduğu bazara daxil olarkən diqqəti ilk öncə asfalt örtüyü çəkir. Bazarın içindəki yollar elə bərbad durumdadır ki, yeriyərkən nə qədər ehtiyatlı olsan da, hər an ayağın büdrəyə bilər. Hələ payız və qış aylarında, yağışlı və qarlı günlərdə isə vəziyyət daha acınacaqlı olur. (Bir-iki yeri çıxmaq şərtilə). Adı "Təzə Bazar" MMC olsa da, Məmmədağa İbrahimovun bazarında təzə heç bir məhsul tapmaq olmur. Deyilənə görə, bazara daxil olan ətin baytar-sanitariya ekspertizaya qədər saxlanması üçün soyuducu kameralar belə, quraşdırılmayıb. Digər bir məlumata görə, bu gün əksər rayonlardan gətirilən ətlər məhz Məmmədağa İbrahimovun bazarında satışa çıxarılır. Və ehtimal olunur ki, həmin ətlər rayonlarda kütləvi şəkildə ölmüş heyvan ətləridir. İddia edilir ki, bazarda keyfiyyətli, sağlam dana və qoyun adı altında at, eşşək, camış və ölmüş heyvanların əti satılır. Elə məhz bu səbəbdən, həmin ətlər M. İbrahimovun bazarına məhz gecə saat iki radələrindən sonra gətirilir. Ümumiyyətlə, bazara daxil olan zaman ətlər satılan sıraya yaxınlaşmamış, elə üfunət iyi gəlir ki, bunu izah etmək çox çətindir. Hələ ətlərin üstündəki milçəklər, üzərilərinə atılmış bezləri gördükdə, nəinki həmin ətləri almaq, ümumiyyətlə, insanda ətə qarşı allergiya baş qaldırır. Bundan başqa bazarda yalnız ət problemi hökm sürmür. Digər bir problem isə ovlanması qadağan olunan və nəsli kəsilməkdə olan çöl quşlarının bazarın piştaxtalarında yer almasıdır. Belə ki, həmin quşların ovlanması qadağan olunsa da, lakin Məmmədağa İbrahimovun rəhbəri olduğu "Təzə Bazar"da həmin quşların satışı açıq-aşkar həyata keçirilir. Bu faktları adi vətəndaşlar bazara daxil olan zaman görürlərsə, bəs görəsən, baytarlıq idarəsinin əməkdaşları bu durumdan xəbərsizdirlər, yoxsa özləri göz yumub şərait yaradırlar ki, həmin nəsli kəsilməkdə və qadağan olunmuş quşlar satışa çıxarılsın?

Bazarın daxilindəki bərbad durum, anti-sanitariya, piştaxtaların çox olması azmış kimi, burada bir də, çörək bişirilməsi üçün təndirlər fəaliyyət göstərir. Həmin təndirlərin texniki şərti olmayan qazla çalışmaları səbəbindən müvafiq qurumlar qazın verilişini dayandırıblar. Lakin buna baxmayaraq, çörək bişirilməsi üçün nəzərdə tutulan həmin təndirlər fəaliyyətini bu gün də, davam etdirir. Amma mavi yanacaqla yox, odunla. Əldə etdiyimiz məlumatlara görə, Məmmədağa İbrahimov tapşırıq verib ki, təndirxanalar fəaliyyətini dayandırmasın və odundan istifadə etsinlər. Onu da qeyd edək ki, bu cür təndirlərin bazarın daxilində fəaliyyət göstərməsi olduqca təhlükəlidir. Çünki orada çörək bişirilən zaman hər an yanğın hadisəsi baş verə bilər. Onu da qeyd edək ki, "Təzə Bazar" MMC-nin daxilində fəaliyyət göstərən təndirxanaların ətrafında plastik və tikinti materialları satılır. Bu isə onu göstərir ki, əgər yanğın hadisəsi baş verərsə, ciddi fəsadlar ortaya çıxa bilər. Belə bir olayın yaşanmaması üçün isə aidiyyəti qurumların məsələ ilə bağlı ciddi tədbirlər görməsi qaçılmazdır. gundelik-baku