BolgeXeber.Com » Gündəm » Sahibkar Gədədəyin icra başçıdan narazılıq edir - PROBLEM

Sahibkar Gədədəyin icra başçıdan narazılıq edir - PROBLEM

15-09-2014, 10:20
Oxunub: 5 229 Bu isə Gədədəy rayonunu iqtisadi tənəzzülə aparır

Son illər ölkəmizin əksər rayonunun bütün sahələrində əsaslı yüksəliş hiss edilir. Dinamik inkişaf özünü respublikamızın hər bir bölgəsində göstərir. Ən əsası isə odur ki, insanların əhval-ruhiyyəsi yüksəlib. Hər bir yerdə təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava mövcuddur. Bu da təsadüfi deyil: - azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Nəticədə son vaxtlar müxtəlif təyinatlı özəl müəssisələrin sayı xeyli çoxalıb. Hər bir şəhər və rayon üzrə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, demək olar ki, hamısı məhz özəl bölmənin payına düşür.

Bu məsələdə ilk növbədə, ölkə başçısı İlham Əliyevin respublikamızda azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik diqqət və qayğısını, imzaladığı fərman və sərəncamları xüsusilə qeyd etmək yerinə düşür. Amma təəssüf ki, ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı xoş sözləri Gədəbəy rayonu haqda demək olmur. Bunun da bir sıra səbəbləri var. Məsələ burasındadır ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli əhaliyə, xüsusən sahibkarlara ciddi problemlər yaradır. Rayonda sahibkarların, iş adamlarının azad, rahat və sərbəst fəaliyyəti üçün ciddi maneələr mövcuddur. Kim gücü, imkanı daxilində harada nə açmaq, yaratmaq istəyirsə, süni maneələr olmadan fəaliyyət göstərə bilmir. Gədəbəyin zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, hələ istifadə edilməmiş imkan və ehtiyat mənbələri var. Bu isə, heç şübhəsiz, azad sahibkarlığın sürətli inkişafı üçün olduqca münbit şərait yaradır. Amma təəssüf ki, rayonun icra orqanlarının bəzi nümayəndələri sahibkarların fəaliyyətinə təsir göstərir, özlərinin subyektiv maraqlarını təmin etməyə çalışırlar. Heç də təsadüfi deyildir ki, son vaxtlar Gədəbəydə müxtəlif təyinatlı emal müəssisələrinin, sanatoriya-kurort komplekslərinin sayı xeyli azalıb. Elə buna görə də, Ramiz Yediyarovun rəhbərlik etdiyi rayona dövlət büdcəsindən ayrılmalar xeyli çoxalıb. Çünki əks təqdirdə Gədəbəyi ciddi maliyyə problemləri gözləyə bilər.

Sahibkar üçün nə lazımdır? Əlbəttə, ilk növbədə müvafiq şərait, bir də diqqət və qayğı. Amma rayonda indiyə kimi sahibkarların işinə bir sıra yersiz müdaxilə və təzyiqlər edilib. Onlar bəzi maneələrlə rastlaşıblar. Hansı məsələ ilə bağlı müraciət ediblər, həmin məsələ öz müsbət həllini tapmayıb. Çünki rayona Ramiz Yediyarov və onun birinci müavini rəhbərlik edir. Məhz icra başçısının göstərişi ilə rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan olunub. Gədəbəy rayon Miskinli kənd sakini Oqtay Əliyev icra başçısı tərəfindən incidilir. Gədəbəyli sahibkar məmur qanunsuzluğu nəticəsində on minlərlə manat xərcə düşüb. Ötən ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gələn sahibkar həmin sərəncamla 2013-cü ilin iyulunda obyektin tikintisinə başlayıb. Lakin Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev ötən il tikintini dayandıraraq sahibkara deyib ki, icra başçısı onu gözləyir, görüşmək istəyir. İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşən sahibkara rayon rəsmisi deyib ki, Gədəbəydə abadlıq işləri gedir. Onlara rayonun abadlaşdırılması üçün köməklik göstərsin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün icra hakimiyyəti də ona kömək edəcək. Həmin vaxt sahibkar icra orqanının nümayəndələrinə 20 min dollar pul verib. Qəribədir, bəs Gədəbəyə büdcədən ayrılan pullar hara xərclənir? Bir də ki, axı rayonu dövlət və onun daxili imkanları gözəlləşdirir, abadlaşdırır. Axı nə vaxtdan sahibkarlar Gədəbəyin abadlaşdırılmasına yardım ediblər?

Oqtay Əliyevin obyektinin tikintisi ndə bir il imiş iş davam edirmiş. İşlər yekunlaşan vaxt Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev bu il iyulun 11-də yenidən işi dayandırıb. Bu, elə bir vaxt idi ki, işlər tam başa çatmışdı: "İyulun 25-də açılış etmək istəyirdik. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. Heç bir xəbərdarlıq etmədən obyektin bir hissəsini sökdülər. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırsam da, bunun qarşısını aldılar".

Beləcə, Ramiz Yediyarov sahibkarı 100 minlərlə manat ziyana salıb. Bütün bunlar onu göstərir ki, Gədədəyin icra başçısı sahibkarlığın inkişafını yubadır. Bu isə rayonu iqtisadi tənəzzülə aparmaq deməkdir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku