BolgeXeber.Com » Gündəm » Təhsil Nazirliyi: “Tut gətir, tədbir görək...”

Təhsil Nazirliyi: “Tut gətir, tədbir görək...”

29-09-2014, 15:20
Oxunub: 2 754 Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Hər ilin bu günü ərəfəsində məktəblərdə müəllimləri təbrik etmək üçün şagirdlərdən pul yığılır.

Virtualaz.org saytına valideynlər tərəfindən edilən çoxsaylı müraciətlərdən bəlli olur ki, əsası “qədim Misir erası”nda qoyulan məcburi pul yığımı ənənəsi hələ də davam edir.

Valideynlərin sözlərinə görə, artıq məktəblərdə şagirdlərdən məcburi şəkildə pul yığılmasına başlanıb: “Məktəb direktoru sinif müəllimlərinə pul yığılması üçün göstəriş verib. Onlar isə valideyn komitəsinin köməyi ilə pul yığırlar. Etiraz edənlərə tapşırığın “yuxarıdan” gəldiyini deyirlər”.

Şikayətdə onu da qeyd edirlər ki, şagirdlərdən pul yığmağa etiraz edən sinif rəhbərləri direktorların sərt təpkisi ilə qarşılaşırlar: “Etiraz edən sinif rəhbərlərinin maaşından pul çıxırlar. Buna görə də sinif rəhbərləri direktorla mübahisə etmək, işlərini və ya onsuz da çörəkpuluna güclə çatan məvaciblərini itirmək istəmirlər”.

Müəllimlər günü üçün yığılan pulun məbləğinə gəldikdə isə bu rəqəm şəhərin mərkəzində yerləşən məktəblərdə 50-100 manat, Suraxanı, Xətai, Sabunçu, Binəqədi məktəblərində isə 15-40 manat həddində müəyyənləşdirilib.

Şikayətçilərin dediyinə görə, yığılan pullar “nərdivan üsulu” ilə müəllimdən direktora, direktordan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qədər yol qət edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə pulun hara getdiyini yəqin ki, Təhsil Nazirliyi açıqlayacaq.

Təhsil Nazirliyi də Müəllimlər gününə görə pul yığılması məsələsinə aydınlıq gətirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov virtualaz.org saytına dedi ki, valideynlər pul yığımı ilə bağlı nazirliyə müraciət etməlidir: “Şikayətlər anonim olanda tədbir görmək mümkün olmur. Buna görə də məktəbdə hansı müəllimin pul istədiyini, valideynin adını söyləmək lazımdır. Ünvan göstərilərsə, biz də tədbir görəcəyik”.

Bəs nazirlik bu problemlə bağlı hansısa addım atacaqmı, məktəblərə xüsusi tapşırıqlar veriləcəkmi?

C.Valehov bildirdi ki, müəllimlər günündə pul yığılmaması ilə bağlı əlavə tapşırığa ehtiyac yoxdur: “Müəllimlər and içirlər. Onlara “pul yığmayın” kimi tapşırıq və ya nəsə deməyə ehtiyac duymuruq. Hazırda Azərbaycanda 1 milyon 300 minə yaxın şagird var. Biz anonim müraciətləri araşdıra bilmərik”.

Nazirlik rəsmisi hansısa məktəbdə pul yığılması ilə bağlı iddialara inanmır.
Bolgexeber.com