BolgeXeber.Com » Gündəm » Xətaidəki əxlaqsızlıq yuvaları niyə dağıdılmır?

Xətaidəki əxlaqsızlıq yuvaları niyə dağıdılmır?

30-09-2014, 15:10
Oxunub: 5 055 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov qadın ticarətçilərinin fəaliyyətini görməzdən gəlir

"Araz", "Elvin" saunaları və "Günəşli" hotelində azyaşlı qızların cinsi istismarı utancverici həddə çatıb

Paytaxtın Xətai rayonunun ərazisində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarında vəziyyət gərgin olaraq qalır. Yadınızdadırsa, qəzetimizin ötən saylarında "Araz", "Elvin" saunaları və "Günəşli" hotelində cərəyan edən iyrənc hadisələr haqqında böyük yazılar dərc etmişdik. Təəssüf ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəhbərliyi, konkret olaraq rəis Zaur Məmmədov sözügedən əxlaqsızlıq yuvalarında reyd təşkil etmədi. Elə bu səbəbdəndir ki, "Araz", "Elvin" saunası və "Günəşli" hotelində yetkinlik yaşına çatmayan qızların cinsi istismarı davam edir.

Burda baş verən xoşagəlməz olayları canlı müşahidə etmək üçün bazar günü həmin əxlaqsızlıq yuvalarına yollandım. Keçən dəfə olduğu kimi, bu dəfə də özümü müştəri qismində təqdim edib yüngül həyat tərzi keçirən qızlara yaxınlaşdım. "Araz" saunasının giriş qapısında dayanan təxminən 20-25 yaşlı xanıma yaxınlaşıb bəzi suallar ünvanlayıram:

- Salam xanım. Narahat etmirəm ki?

- Salam, yox burda dayanmışamsa nə narahatçılıq ola bilər.

- Görüşmək istəyirəm. Bir saat üçün nə qədər istəyirsiniz?

- Baxıram cavan oğlansan, danışığın normaldır. 25 manat saunanın puludur, 20 manat da mənə verərsən. Narahat olma təhlükəsizliyə tam zəmanət verirəm. Heç kim buranı "vura" bilməz. Neçə ildir "Araz"da işləyirəm, amma polis bura girə bilmir. Görüşmək istəyirsənsə gəl gedək. Qiymətin baha olduğunu bəhanə gətirərək xanımın yanından uzaqlaşdım. Bir neçə metr irəli gedib başqa qıza yaxınlaşıram. Özünü Gülay kimi təqdim edən xanım 60 manata görüşdüyünü və müştərilərin istəyi ilə onlara istənilən intim xidmətləri göstərdiyini bildirdi. Xanımı bir qədər söhbətə tutub bu yola necə düşdüyünü soruşdum. Əvvəlcə cavab vermək istəmədi və nalayiq ifadə işlətdi. Amma sonradan nədənsə fikrini dəyişdi və başına gələnlərdən söz açdı: "Mənim 19 yaşım var. Əslində, bu yola düşməyimin səbəbkarı ailəm oldu. Maddi vəziyyətimiz çox pis idi. Anam, atam məni bezdirirdi ki, get işlə evə pul gətir. Rayonda normal iş yeri yox idi. Valideynlərimin iradlarından bezib evdən qaçdım və Bakıya gəldim. Burda heç kimi tanımırdım qalmağa yerim yox idi. Bir neçə gün parkda gecələdim. Günlərin birində "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında cavan oğlan mənə yaxınlaşdı. Ona iş axtardığımı deyəndə məni yaxşı işə düzəldəcəyinə söz verdi. Amma hardan biləydim ki, həmin gənc "Araz" saunasına qız yığırmış. İş ümidi ilə obyektə gəldim. Üstündən bir həftə keçəndən sonra məni 400 manat pulun qarşılığında müştəriyə satdılar. Həmin gün bütün dünya başıma yıxıldı, bakirəliyimi itirdim. Özümü öldürmək istəyirdim. Beləcə, bu yolun yolçusuna çevrildim. Həyatım alt-üst oldu. Artıq üç ildir ki, bədənimi satıram. Bu vəziyyətə düşməyimin digər səbəbkarı "Araz"ın rəhbərliyi oldu. Onlar hər gün məni müxtəlif müştərilərlə görüşdürərək pul qazanırlar. Həmin pulun çox cüzi hissəsi mənə çatır. Buna məcburam. Saunanın rəhbərliyi deyir ki, əgər burdan qırağa bir addım atsan səni yaşatmarıq. Deyəsən, söhbət uzun oldu. Fikrin konkretdirsə görüşək. Görüşən deyilsənsə xahiş edirəm vaxtımı alma". Azyaşlı qədim peşə sahibi ilə söhbəti başa vurub "Araz" saunası ilə üzbəüz yerləşən "Elvin"ə istiqamət alıram. Saunanın qarşısı əsl qələbəlik idi. Gənc və orta yaşlı müştərilər qızlara yaxınlaşıb onlarla qiymət söhbəti edirdi. Qızların dediyi məbləğ müştərilərin cibinə uyğun gəlirdisə razılaşıb saunanın otaqlarına keçirdilər. Müştəri ilə cinsi əlaqədə olub işini sona çatdıran xanımlar isə üst-başlarını səliqəyə salıb başqa müştəri axtarırdılar. Öyrənirəm ki, saunada "işləyən" yüngül həyat tərzi keçirən qızlar gün ərzində ən azı 10-15 nəfərlə cinsi əlaqədə olurlar. Ki, bu da müxtəlif cinsi xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır. Necə ki, "Elvin" saunasında bədənini satan qızların bir hissəsi artıq cinsi xəstəliklərin daşıyıcısına çevriliblər. Lakin müştərilərin bundan xəbəri yoxdur. Qədim peşə sahibləri xəstəliklərini müştərilərdən gizlədirlər. "Elvin"dəki müşahidələrimi başa vurub qızların çox olduğu "Günəşli" hotelə tərəf irəliləyirəm. Əxlaqsızlıq yuvasının qarşısında adam əlindən boş yer yox idi. Hərə bir qızı kənara çəkib söhbət edirdi. Hotelin qapısına çatmışdım ki, 30-35 yaş arasında olan xanım "canım görüşmək istəyirsənsə buyur gəl" dedi: "Qiymət problem deyil. 30 manat mənə verərsən, 30 manat da kabinetə. 1 saat sənə unudulmaz anlar yaşadaram. Söz verirəm ki, səni peşman etmərəm. Razısan?" Qədim peşə sahibinin təklifini rədd edib bir kənara çəkildim və baş verənləri müşahidə etməyə başladım. Yarım saatlıq müşahidəm ərzində hotelə bəlkə də yüzdən çox müştəri gəldi. Onlardan çoxu əxlaqsız qızlarla birgə otaqlara keçib məlum işlə məşğul olurdular. Adını çəkdiyimiz çirkab yuvalarında qeydə alınan biabırçı mənzərələri bu ətrafda yaşayan insanların hamısı görür, bircə 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədovdan başqa. Biz Zaur müəllimə demək istəyirik ki, "Araz", "Elvin" saunaları və "Günəşli" hotelində dəhşətli vəziyyət yaranıb. Əgər bu əxlaqsızlıq yuvalarının fəaliyyətinə yaxın günlərdə xitam verilməsə, o zaman milli-mənəvi dəyərlərimizin məhvinə razı olmalıyıq. Daxili İşlər Nazirliyinin rəhbər şəxslərindən xahiş edirik ki, əxlaqsızlığı təbliğ edən, qadın ticarətinin məskəninə çevrilən bu obyektləri bağlasınlar. Gələn saylarımızda adı qeyd olunan əxlaqsızlıq yuvalarından geniş reportaj hazırlayacağıq. Bizi izləyin.

P.S. Eşitdim baştutanlar "çp” axtarırlar, tapa bilməzsiniz. Mən də bəzi məsələləri açacağam.
gundelik-baku