BolgeXeber.Com » Gündəm » “Tikinti maqnatı Əlizamin Bayramov əmək müfəttişini də saymır”

“Tikinti maqnatı Əlizamin Bayramov əmək müfəttişini də saymır”

2-10-2014, 08:35
Oxunub: 3 495 Milyonçu iş adamı fəhlələri aldatmaqda davam edir

“Azərsənayeinşaat”MMC sahibi Əlizamin Bayramovun yüzlərlə fəhləni işlədib əmək haqlarını verməməsi haqda yazmışdıq. Redaksiyamıza Ə.Bayramovun və oğlu Rüfət Bayramovun dövlət qurumlarını da aldatmaları haqda daha bir məktub daxil olub. Həmin məktubu imzalayan fəhlələr yazır: “Biz MMC-nin obyektlərində işləyib, amma pullarını ala bilməyən yüzlərlə işçiyik.

Pulumuzu verməyən MMC-nin direktoru Rüfət və atası Əlizamin Bayramovlardır. Mətbuata əvvəlki məktubumuzda bildirmişdik ki, bir çox ünvanlara şikayət etsək də, nəticə olmayıb. Bizimlə əmək müqaviləsi bağlanmadan qul kimi işlədiblər. Pulumuzu da vermirlər. Ona görə də Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdik. Şikayətimizi yerində araşdırmaq üçün MMC-yə müfəttiş yolladılar. Müfəttiş gəldi, amma onu da aldatdılar. O, məsələni dövlətin qanunlarının yerinə yetirilməsinə nəzarət edən məmur kimi deyil, aradüzəldən kimi həll etməyə səy göstərdi. Rüfət Bayramov Əmək Müfəttişliyinə 1 sentyabr 2014-cü ildə məktub yazaraq işçilərin pulunu sentyabrın sonuna qədər verəcəyi barədə söz verdi. Müfəttiş də bizimlə hər görüşündə bir ay boyunca bu məktubu əsas tutaraq deyirdi ki, kişi söz verib, yazılı yazıb, gözləyin, ayın axırı gəlsin, pullarınızı alacaqsınız. Sentyabrın 29-da müfəttişə zəng elədik. “Sabah ayın sonudur, pullarımızı verəcəklərmi” soruşduq. Müfəttiş bizə dedi ki, arxayın olun, bu boyda yalan olmaz, Bayramovlarla danışmışam, sabah pullarınızı alacaqsınız".

Məktub müəllifləri yazır ki, müfəttişə Bayramovların yalan danışdıqlarını, pul verməmək üçün hər kəsə yalan danışa biləcəkləri xəbərdarlığını əvvəldən ediblər: “Müfəttiş bizə inanmadı, amma biz bilirdik ki, Əlizamin Bayramov və oğlu Rüfət Bayramov yalan deyir. Bir bəhanə edib pulları ödəməyəcəklər. Çünki MMC-nin tikdiyi obyektlərin heç birində, heç bir işçinin pulu heç bir zaman vaxtında ödənməyib. Ata-oğulun verdikləri sözlərə əməl etdiklərini heç kəs görməyib. Müffəttiş bizə israrla pullarınız veriləcək deyirdi. Amma bu dəfə də ata-oğul xislətlərinə sadiq qaldılar. Sözlərini tutmadılar. Pullarımızı ala bilmədik, vermədilər”.

Məktub müəllifləri yazır ki, 30 sentyabrda müfəttişlə görüşüblər: “Müfəttişə deyib ki, işçilərə de, bir az da dözsünlər, evimi satıb borclarımı ödəyəcəyəm. Bizim kimsənin mal-mülkündə gözümüz yoxdur. Amma Bayramovların yalanları ilə yaşamaqdan bezdik. Hesabına milyonlar qazandığı işçilərini bu qədər də ələ salmaq olmaz axı. Həm də dövlət müffətişinin əli ilə! Pulu yoxdur, ona görə də guya evini satacaq. Yalandır! 5-6 aydır pullarımızı ala bilmirik. Pulu olmayan adam bu aylar içində yüz minlərlə manat xərcləyə, 1 milyondan çox dəyəri olan Bilgədəki villanın tikintisini davam etdirə bilməz. İçimizdə 5 yaşındakı qızına ad günündə kukla ala bilməyən var. Amma Əlizamin Bayramov qızının ad gününə 150 min manat dəyərində maşın hədiyyə edir. Aldığı 200 minlik ”Porşe" markalı maşını bəyənməyən oğlu Rüfət Bayramova “Audi X” alıb, bahalı maşın kolleksiyası düzəltməz. Bakının ən bahalı yerində - Xaqani ilə S.Vurğun küçəsinin tinində açilmış lyüks restorana qızının yoldaşını, bir türk iş adamı ilə ortaq etməz. Söhbət gəzir ki, Qazaxıstanda obyekt açır.

Allah daha da var eləsin, amma bizim pulları versin, sonra getsin lap göyə raket uçursun. Lakin bizim pulları vermədikcə istər-istəməz bizə dəxli olur. Qabaqdan Qurban bayramı gəlir. Evdə, ailədə nə deyək? Qonşudakı borclu olduğumuz marketə nə deyək? Fəhlələrdən Nəcəfin atası ağır xəstədir, böyrəyi əməliyyat edilməlidirir, böyrəyə nə desin? Deyək ki, Əlizamin guya evini satacaq pulumuzu verəcək?

Hörmətli redaksiya, eşitmişik ki, Əlizamin Bayramov bu yalanlarını davam etmək üçün adına olan mal-mülkü yaxın qohum-əqrəbasının adına keçirir. Sizdən bu yalançı oğul atanın yalanlarının qarşısını almaqda bizə kömək etmənizi xahiş edirik".
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
musavat.com