BolgeXeber.Com » Gündəm » Elton Məmmədov Bakı Avtovağzalında üsyan yetişdirir?

Elton Məmmədov Bakı Avtovağzalında üsyan yetişdirir?

9-10-2014, 09:05
Oxunub: 2 715 Deputat haqq qoydu; 9 manat + 30 litr

Nəqliyyat nazirinin qardaşı sürücülərdən hər gün maşınlarını ona məxsus avto yuma məntəqəsində yudurtmağı və yanacağı onun “zapravka”sından doldurmağı tələb edir; bundan narazı qalanlar etirazlara hazırlaşırlar, ciddi aksiyalar gözlənilir
Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədova məxsus Bakı Beynəlxalq Avtovağzal Kompleksində əməlli-başlı üsyan yetişir.

Bu barədə “Yeni Müsavat”a avtovağzalda çalışan əməkdaşlar məlumat veriblər. Onların sözlərinə görə, avtovağzaldan rayonlara işləyən avtobusların və taksilərin sürücülərinə yeni haqq qoyulub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi E.Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC-nin sifarişi ilə inşa olunub və bu MMC tərəfindən idarə edilir. Kompleksin daxilində başqa obyektlərlə yanaşı, “Bakı XXI Əsr” MMC adlı yanacaqdoldurma, avto yuma və təmir məntəqələri də fəaliyyət göstərir.

İrili-xırdalı bütün maşınların, avtobusların sürücülərinə tapşırıq verilib ki, avtonəqliyyat vasitəsinin təmiz olub-olmamasından asılı olmayaraq, hər gün avtovağzala girərkən “Bakı XXI Əsr” MMC-nin ofisinə onların həmin avto yuma məntəqəsində yuduzdurulmasına dair qəbz təqdim etsinlər.

Bu qəbzin qiyməti isə 9 manatdır. Amma sürücülərə qoyulan haqq bununla bitmir. Onlardan həmçinin hər reys öncəsi “Bakı XXI Əsr” MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən 30 litr yanacaq dolduraraq, onun qəbzini ofisə təqdim etmək tələb olunur. Bundan əlavə, taksi və avtobus sürücüləri rayonlara çıxarkən hər reys öncəsi ofisə bir neçə manat ödəyirlər.

Bu isə sürücülərdə ciddi narazılıq yaradıb. Əsasən də onlar kompleksin ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətindən narazıdırlar. Sürücülərin sözlərinə görə, həmin yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyəti çox aşağıdır. Amma sürücülər hər reys qabağı həmin məntəqədən 30 litr yanacaq doldurmağa məcbur edilirlər. Keyfiyyətsiz yanacaq isə onların maşınlarının mühərrikində, digər detallarında ciddi problemlər yaradır, sürücüləri əlavə xərcə salır. Sürücülər “Yeni Müsavat”ın müxbirinə bildirirlər ki, bütün bunlara görə avtovağzalda dözülməz şərait və ciddi narazılıq yaranıb. Onlar bununla bağlı dəfələrlə “Bakı XXI Əsr” MMC-nin rəhbərliyinə müraciət etsələr də, qoyulan tələblər aradan qaldırılmayıb.

Buna görə də sürücülərin narazılıqları üsyan həddinə çatıb. Sürücülər son hədd kimi tətilə və etiraz aksiyalarına başlamaq yolunu seçiblər. Yaxın vaxtlarda avtovağzalda ciddi aksiyaların olacağı gözlənilir.

Qeyd edək ki, əvvəllər də avtovağzalda bir sıra ciddi problemlər olub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini idarə edən və deputat Elton Quliyevə məxsus “Bakı XXI Əsr” MMC ofşor zona sayılan Böyük Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib. Bu fakt AzadlıqRadiosunun araşdırmalarının nəticəsində ortaya çıxmışdı.
Məlumat üçün qeyd edək ki, Vircin adaları dünyada mövcud olan ofşor zonalardan biridir.
Ofşor vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır.

Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.
E.Məmmədov özü də mətbuata açıqlamasında “Bakı XXI Əsr” MMC-nin təsisçisi olduğunu təsdiqləyib. “Bakı XXI Əsr” MMC isə sırf biznes, qazanc əldə etmək məqsədilə təsis olunub və hazırda da bu işlə məşğuldur, böyük layihələr həyata keçirir. Hansı ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır.

E.Quliyev deyib ki, deputat kimi kommersiya fəaliyyəti ilə məşğul ola bilməsə də, hansısa bir şirkət təsis etməsində heç bir problem yoxdur.



Şirkətin niyə Vircinya adalarında qeydiyyatdan keçməsinə gəlincə, deputat deyib ki, burda heç bir problem yoxdur. Beynəlxalq hüquq çərçivəsində şirkət qeydiyyata alınıb. Deputat şirkətin başqa təsisçilərinin olduğunu desə də, onların adını açıqlamaqdan imtina edib. Hələ “əl-Cəzirə” telekanalının 2009-cu ildə yaydığı məlumata görə, 80 milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzal Kompleksinin daxilində 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq və digər obyektlər fəaliyyət göstərir.

E.Məmmədov qanunları ciddi şəkildə pozaraq hər il bu obyektlərdən milyonlarla manat qazanc əldə edir.

Üstəlik də, onun adamları orada çalışan sürücülərin boynuna zorla haqq qoyurlar, onlardan qanunsuz pullar alırlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.