BolgeXeber.Com » Gündəm » Səfər Əbiyevin köməkçisinin kodlaşmış biznes obyektləri...

Səfər Əbiyevin köməkçisinin kodlaşmış biznes obyektləri...

9-10-2014, 10:35
Oxunub: 2 798 Elçin Xəlilov hərbi hissəyə ayrılan mal-materialları özünün biznes strukturlarına daşıtdırırmış

Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi, ictimaiyyətin zəlzələşünas alim kimi tanıdığı “N” saylı məxfi hərbi hissənin sabiq komandiri Elçin Xəlilovun korrupsiya əməlləri haqda yeni detallar ortaya çıxıb. E.Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Analitik.az xəbər verir ki, elmi fəaliyyət sahəsində yüksək titullara malik E.Xəlilovun uzun müddət cavabdeh olduğu sahəyə nə MN-dən, nə də Hərbi Prokurorluqdan heç kimsə müdaxilə etməyib. Buna səbəb kimi, onun keçmiş nazir S.Əbiyevlə çox yaxın, xüsusilə “özəl münasibətlərinin” olması göstərilir. E.Xəlilovun tabeliyinə aldığı hərbi hissənin bütün maliyyə-texniki fəaliyyətini yalnız özü yönəltməsi, illərlə MN-dən bu hissəyə adi yoxlamanın belə gəlməməsi onun “toxunulmazlığı”nın təminatı olub. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından az sonra E.Xəlilovun paxırları açıldı...

E.Xəlilovun tabeliyindəkilərə “məxfi”, “xüsusi əhəmiyyətli” kimi təqdim etdiyi fəaliyyətinin əslində dövlət əmlakını mənimsəmə, talama və vəzifədən sui-istifadədən başqa bir şey olmadığı məlum oldu.

Rəsmi ittihama görə, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Bu, hələ 2013-cü ilin yay aylarında baş vermişdi. Məlumata görə, fəaliyyəti dövründə E.Xəlilovun dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz şəxsi biznesini qurmaq, mal-materialın, avadanlıqların şəxsi məqsədləri üçün istifadə etmək halları aşkar olunub. Tabeliyində olanlar belə onun əslində hansı fəaliyyətlə məşğul olduğunu, hərbi hissələrdən əmlak və avadanlıqların tapşırılan istiqamətlərə nə məqsədlə aparıldığını bilmirlərmiş. Bunun hesabatını ondan soruşan olmayıb. Əyninə hərbi forma geyinməsə də, tabeliyində olanlar ona “polkovnik”, bəziləri isə “general” deyə, müraciət edirmişlər. Nazirlə xüsusi yaxınlığından əlavə, adlı-sanlı alimin “çox mühüm” bir şəxs olduğu və rəhbərlik etdiyi sahədə verdiyi tapşırıqların sözsüz icra olunduğu bildirilir. Bakı şəhərinin və respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektlərin şəxsi məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar var.

E.Xəlilov bu obyektləri xüsusi adlarla kodlaşdırıbmış. “Gəmi”, “Qusar”, “Zəlzələ-1", ”Zəlzələ-2", “Dəniz”, “Çaykənarı” və s. kod adları ilə işarələnən məntəqələr, sən demə, E.Xəlilovun və qohumlarının şəxsi obyektlərinin, biznes qurumlarının yerləşdiyi məkanlar imiş... “Komandir”in tapşırığı ilə tikinti materialları, avadanlıqların daşındığı “obyektlər”in onun özünə və qohumlarına məxsus evlər, villalar və biznes obyektləri olduğu yoxlamadan sonra üzə çıxıb.

Onun özünə yaxın buraxdığı 1-2 nəfər olub ki, “obyekt”lərin əsl təyinatını bildiklərindən, işlərin bölgüsünü, avadanlıqların daşınmasını məhz onlar həyata keçiriblər. Müdafiə Nazirliyinin yoxlama materiallarının prokurorluğa təqdim edilməsindən sonra isə həmin adamlar da “yoxa çıxıb”lar. E.Xəlilov onlara bir müddət “gözdən uzaq” olmağı tapşıraraq, özünün bütün məsələləri yoluna qoyacağını vəd edib...

Məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması bildirilib.