BolgeXeber.Com » Gündəm » "Pulsuz" dərsliklərin pulu kimin cibinə gedir?

"Pulsuz" dərsliklərin pulu kimin cibinə gedir?

16-10-2014, 10:00
Oxunub: 2 904 Təhsil Nazirliyinin göz yumduğu qaranlıq məqamlar



Yeni dərs ilinin başlamasından bir ay keçməsinə baxmayaraq, bu gün hələ də, bəzi valideynlər övladlarına vahid məktəbli forması ala bilməməkdən, bəziləri isə məktəblər tərəfindən tədris vasitələrinin verilmədiyindən şikayətlənirlər. Əldə etdiyimiz məlumatlara görə, şagirdlərə verilməli kitablar paytaxtın bəzi mağazalarında 5 manata satılır.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən çap edilən dərsliklər "pulsuzdur" və hər bir kitabın arxasında da, "pulsuzdur" yazısı qeyd olunur. Konkret olaraq qeyd edək ki, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, Hüseyn Cavid parkına gedən yolun üstündə yerləşən "Rebus" məktəb ləvazimatları mağazasında pulsuz dərsliklər pulla satılır. Belə ki, dərsliklərin "pulsuzdur" yazılan hissəsini ağardıcı ilə ağardıb satışa çıxarırlar. Nəzərinizə çatdıraq ki, bu durum tək qeyd etdiyimiz ünvanda deyil, paytaxta yerləşən bir neçə məktəbli ləvazimatları satılan mağazalarda da mövcuddur. Deyilənə görə, müxtəlif firmalardan dərsliklər gətirilir və satılması tapşırığı verilir. Qeyd edək ki, valideynlərin dilə gətirdiyi bu problem dərs ili başlanan kimi daha da ciddiləşmiş xarakter alır. Problem bütün orta məktəblər üçün aktualdır. Bəs, görəsən, Təhsil Nazirliyi niyə belə bir addımın qarşısını almaq üçün hansısa tədbirlər görmür? Əslində Təhsil Nazirliyi rəsmiləri məktəblərin dərsliklərlə tam təmin edildiyini hər il bəyan etsə də, dərs ili başlanan kimi kifayət qədər çatışmazlıqlar ortaya çıxmış olur. Maraqlısı isə odur ki, nazirliyin arxasına "pulsuzdur" yazdırdığı dərsliklər açıq satışdadır və görünən odur ki, bu durum aidiyyəti qurumları qətiyyən narahat etmir. Arxasında qiyməti olmayan kitabların satışı əslində, piratçılıq sayılır və pulsuz yazıldığı halda, dərsliklərin satılması da, qanunsuzluqdur. Bu səbəbdən də, Təhsil Nazirliyinin əməkdaşları mövcud duruma nəzarət etməlidirlər. Belə halların qarşısını almağa Təhsil Nazirliyi maraqlı olmalıdır. Çünki, nazirlik onsuz da, satış üçün ayrıca kitab çap etdirir. Amma pulsuz kitabların bazara çıxması satış üçün nəzərdə tutulan kitabların bazarını da, öldürmüş olur. Həmçinin aparılan araşdırmalar, tanış və qohumların da dediklərindən bəlli olur ki, məktəblərə paylanan dərsliklərin hamısı ya şagirdlərə verilmir, ya da bu kitablar yetəri qədər çap olunmayıb. Vergilər Nazirliyindən də təsdiqləyirlər ki, "pulsuz" etiketli kitabların pulla satılması qanunsuz sahibkarlıq sayılır. Əgər belə hal aşkar olunarsa, qanunla həmin şəxslər məsuliyyət daşıyır. Həmçinin çap müəssisələrinin fəaliyyətinə baxılan zaman, belə hallara daha çox diqqət yetirilir. "Amma bizim əməkdaşlar küçə-küçə düşüb dükan-bazarları yoxlamırlar". Elə bu səbəbdən də, hazırda paytaxtın əksər məktəbli ləvazimatları satılan mağazalarında Təhsil Nazirliyinin "pulsuz" yazılı kitabları vətəndaşlara pulla satılır. Görünən odur ki, bu durumun aradan qaldırılması üçün ciddi və təxirəsalınmaz addımlar atılmalıdır. Əks halda satışa çıxarılan həmin pulsuz kitablar geniş vüsət alacaq və daha çox satılacaq. Sonda onu da qeyd edək ki, artıq qonşu ölkələrdə elektron təhsilə keçilib. Məsələn, Gürcüstanda bir neçə ildir ki, 1-ci sinifə gedən şagirdlərə noutbuk hədiyyə edilir. Türkiyədə də, 2012-ci ildən elektron dərsliklərə keçilməyə başlanılıb. Yəqin ki, ölkəmizdə də, belə bir addımın atılması daha labüd olardı.
gundelik-baku