BolgeXeber.Com » Gündəm » "Mothercare" mağazalar şəbəkəsi istehlakçı hüquqlarını pozur

"Mothercare" mağazalar şəbəkəsi istehlakçı hüquqlarını pozur

16-10-2014, 10:00
Oxunub: 3 588 Adıçəkilən müəssisənin rəhbərliyi qanunlara nədən əməl etmir?

Alıcılar bu dükanın qiymət siyasətindən şikayətlənirlər

Hazırda paytaxt Bakıda fəaliyyət göstərən bir sıra şirkət, firma, müəssisə, eləcə də dükan və mağazalar əllərinə düşən hər fürsətdən yararlanaraq istehlakçıların hüquqlarını pozmağa, müxtəlif yollarla onlara kələk gələrək daha çox qazanc əldə etməyə çalışırlar. Ən qəribəsi də ondadır ki, bu cür müəssisələrin əməllərindən aidiyyəti qurumlara edilən şikayətlərin sonda demək olar ki, heç bir nəticəsi olmur.

Görünür, istehlakçı hüquqlarına saymazyana yanaşan obyekt sahibləri kimlərləsə "əl əli yuyar əl də üzü" prinsipilə işlədiklərindən heç nədən və heç kəsdən ehtiyat etmirlər. Odur ki, mövcud şəraitdə, yəni himayədarı olan müəssisəyə hansısa qurum irad tuta, onun əməllərinə görə cəzalandırılmasına nail ola bilmir...

Qeyd edək ki, istehlakçı hüquqlarına əhəmiyyət vermədən öz bildiyini edən, analoqu olmayan qiymət siyasəti yeridən müəssisələrdən biri də "Mothercare" mağazalar şəbəkəsidir. Bakının demək olar ki, ən pristijli məkanlarında fəaliyyət göstərən bu dükanın alıcılarını aldatdığını vurğulayan marka.az-ın məlumatına görə, "Mothercare" mağazalar şəbəkəsinin qiymət siyasəti düzgün qurulmayıb. Belə ki, mağazaların ayrı-ayrı filiallarında eyni məhsulun qiymətlərinin fərqli olması, aldadıcı kampaniyaların aparılması, hətta məhsulun etiketinə yapışdırılan qiymətin kassada daha yüksək olduğunun ortaya çıxması kimi neqativ hallar olduğu bildirilir. Bu istiqamətdə aparılmış araşdırmalar da belə deməyə əsas verir ki, istehlakçıların "Mothercare" mağazalar şəbəkəsilə bağlı şikayətləri əsaslıdır. Çünki burada istehlakçıların hüquqları ciddi şəkildə pozulur, onlar sözün əsl mənasında aldadılır. Ən pis hal da odur ki, etiketində 15 manat yazılan bir məhsulun qiymətinin kassada 20 manat olduğu ortaya çıxır və alıcılar çox vaxt birneçə məhsul aldıqları üçün bundan xəbərsiz olurlar. Bu fırıldağı anlayan müştəriləri isə "üzərindəki kampaniya qiyməti idi, hazırda kampaniya bitib" şəklində "yola verirlər". Heç şübhəsiz ki, bu, açıq-aydın alıcının aldadılması və istehlakçı hüquqlarının pozulmasıdır.

Bu arada, "Mothercare" mağazalar şəbəkəsilə bağlı müxtəlif vaxtlarda Azad İstehlakçılar Birliyinə bir neçə dəfə şikayət ünvanlandığını deyən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən dükanda Azərbaycan dilinə və qanunlarına, eləcə də müştərilərə hörmətsizlik edilir. Belə ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda Azərbaycan dilinin dövlət dili olduğu göstərilsə də və hər bir müəssisə, təşkilat, şirkət və firmalarda məhz ana dilində danışmağın vacibliyi vurğulansa da, nədənsə "Mothercare" mağazalar şəbəkəsində çalışan satıcıların böyük əksəriyyəti müştərilərlə, həmçinin öz aralarında daha çox rus və digər xarici dillərdə danışmağa üstünlük verirlər. Bu isə özlüyündə onu sübuta yetirir ki, sözügedən mağazanın rəhbərliyi Azərbaycan dilinə hörmət etmir, ölkə qanunlarına əhəmiyyət vermir. Halbuki bu gün Azərbaycan dililə bağlı müvafiq qanunlar var və hər bir şirkət, dükan, mağaza, firma rəhbərliyi bütün sənədləri, eləcə də danışıqları məhz dövlət dilində aparmalıdırlar. "Mothercare" mağazasının rəhbərliyi isə buna məhəl qoymadan öz bildiyini edir. Əslində, bu dükanın adının yalnız ingilis dilində yazılması da doğru deyil...

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Saytların, xəbər portallarının, qəzetlərin nəzərinə: - "Gündəlik Bakı" qəzetində dərc olunan yazılardan öz çirkin məqsədləri üçün istifadə edənlər şərəfsizdir.