BolgeXeber.Com » Gündəm » Novruz Novruzovun məsələsi yuxarıların müzakirəsindədir

Novruz Novruzovun məsələsi yuxarıların müzakirəsindədir

17-10-2014, 12:25
Oxunub: 3 271 Yol üstündədir

Son zamanlar Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və onun komandasında təmsil olunan şəxslər barəsində, daha doğrusu, onların yol verdikləri nöqsanlar və əhalinin kəskin narazılığına səbəb olan əməllərilə bağlı şabranlılar tərəfindən şikayət xarakterli müraciətlər daxil olmaqdadır. Rayon sakinlərini heyrətləndirən odur ki, bu qədər şikayət və müraciətlərə baxmayaraq, hələ də heç bir qurum Novruz Novruzovun əməllərinə müvafiq qiymətin verilməsini təmin etməyib.

Beləliklə, Şabran Rayon İcra Hakimiyyətinin yetkili şəxslərinin müxtəlif yollara baş vuraraq öz maraqlarının təmin olunmasına çalışdıqlarını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, hazırda rayon sakinlərinin saysız-hesabsız problemləri olsa da, onların həllinə maraq göstərən yoxdur: "İcra başçısı və onun komandası ancaq öz maraqlarının təmin olunması barədə düşünür, bu istiqamətdə ən müxtəlif üsullara əl atmaqdan belə, çəkinmirlər. Elə buna görə də şabranlıların saysız-hesabsız problemlərilə maraqlanan, camaatın gün-güzəranının yaxşılaşdırılması üçün əldə olan imkanları səfərbər etmək barədə düşünən yoxdur. Məgər, icra başçısı görmür ki, onun rəhbərlik etdiyi rayonun əhalisi sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir? Təbii ki, görür və bütün bunlardan onun çox yaxşı xəbəri var. Lakin həmin problemləri həll etmək onun marağında olmadığından özünü görməməzliyə vurur, əhalilə saymazyana rəftar edir". Mənbə iddia edir ki, Şabranda məmur özbaşınalığı günü-gündən artır və ən ağır formada təzahür edir. Rayonda bütün sahələrdə ciddi və uzun illərdən bəri həllini gözləyən problemlərin olduğunu deyən məlumatlı şəxsin bildirdiyinə görə, təhsil, səhiyyə və digər sahələrdə nöqsanlar baş alıb gedir: "Yoxsulluq içində yaşayan şabranlıların problemləri hər gün bir az da artır. Bu isə Novruz Novruzovu heç maraqlandırmır. Çünki icra başçısının və onun komandasının üzvlərinin özlərinin heç bir maddi problemi yoxdur. Bu səbəbdən də onlar rayon sakinlərinin şikayətlərinə məhəl qoymurlar".

Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, əslən Lerik rayonu Zövnə kəndindən olan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun məsələsi artıq yuxarıların diqqət mərkəzindədir. Deyilənlərə görə, rayon sakinləri tərəfindən indiyədək icra başçısı ilə bağlı müxtəlif dövlət qurumlarına, ayrı-ayrı təşkilatlara çoxsaylı şikayətlər göndərilib. Odur ki, hazırda yuxarı dairələrdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının tutduğu postdan kənarlaşdırılması ilə bağlı ciddi müzakirələr gedir. Şabran camaatının icra başçısının əməllərindən təngə gəldiyini deyən məlumatlı şəxs də bu faktı təsdiqləməklə yanaşı, bildirib ki, əhali şikayətlərinə etinasız münasibətdən, üzləşdikləri sosial ədalətsizlikdən, kimsənin problemlərilə maraqlanmamasından bezdikləri üçün yaxın günlərdə böyük etiraz aksiyası keçirməyi planlaşdırırlar: "Şabran Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin sanki canını boğazına yığıb, onları təngə gətirib. Odur ki, şabranlılar yaxın vaxtlarda ölkə başçısına müraciət etməyi planlaşdırırlar. Bunun sonda nə ilə nəticələnəcəyini isə indidən demək çətindir. Hər halda icra başçısı bunu nəzərə almalı və əhalinin şikayətlərinə qulaq verməlidir".
/gundelik-baku.com