BolgeXeber.Com » Gündəm » Paytaxtda 1-ci qrup əlili vəhşicəsinə döydülər - FOTO

Paytaxtda 1-ci qrup əlili vəhşicəsinə döydülər - FOTO

18-10-2014, 09:05
Oxunub: 1 887 Həkim pis vəziyyətdə olan əlili xəstəxanaya qəbul etməyib

Bakının Şüvəlan qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Alik Qafarov 16 oktyabr tarixində gecə saatlarında döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Bolgexeber.com modern.az-a istinadən xəbər verir ki, kömək üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinə müraciət edilib.

Hər iki təşkilatın əməkdaşları tez bir zamanda Alikin köməyinə çataraq təcili yardım maşını ilə onu Xəzər rayonundakı 26 saylı xəstəxanaya çatdırıb. Lakin növbətçi həkim bəhanələr gətirərək pis vəziyyətdə olan 1-ci qrup əlili xəstəxanaya qəbul etməyib.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev bildirib ki, onların köməkliyi sayəsində Alik Qafarov Sabunçu Rayonu 3 saylı Xəstəxananın travmatologiya şöbəsinə qəbul edilib.

“Alik Qafarov 1977-ci ildə 11 yaşında olarkən elektrik qatarının altına düşərək hər iki ayağını və sağ əlinin bir neçə barmağını itirib. Buna görə də həmin vaxtdan 1-ci qrup əlil olub. Hər iki ayağının olmamasına baxmayaraq o, çox istedadlı bir insandır. Belə ki, kənddə bir çoxları onun ayağının olmadığını bilmirlər. Çünki Alik protez ayaqları ilə velosiped, hətta maşın da sürür”.

T.Xudiyev deyib ki, adıçəkilən əlilin çox gözəl əl qabiliyyəti də var. Taxtadan oyma yolu ilə naxışlı kiçik və böyük ölçülü əşyalar - şəkil üçün çərçivələr, skamya, stol, stul, kreslo, it üçün damlar, hətta gözəl köşklər də düzəldir. Bir sözlə, əlinin zəhməti ilə dolanır. “Hətta Alik 1-ci qrup əlil ola-ola Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1993-cü ildə könüllü olaraq Əzizbəyov batalyonunun tərkibində Tərtər rayonuna da yollanıb. Onun bu əzmkarlığını, istedadını, çətinliklər qarşısında əyilmədiyini gördükcə düşünürsən ki, həqiqətən də Allah bir tərəfdən alanda digər tərəfdən nəsə bəxş edir və Alik Qafarov kimi dəyanətli, fiziki qüsurlu insanlar, bəzi mənəvi cəhətdən şikəst olan sağlam insanlardan qat-qat sağlamdırlar. Ümid edirik ki, hər iki ayağından məhrum olan 1-ci qrup əlilə qarşı edilən bu haqsızlıq yerdə qalmayacaq”.