BolgeXeber.Com » Gündəm » Ağciyər Xəstəlikləri İnstitutunda dözülməz durum

Ağciyər Xəstəlikləri İnstitutunda dözülməz durum

18-10-2014, 11:15
Oxunub: 3 878 Xəstələrə soyuq münasibət haradan qaynaqlanır?

Biz dəfələrlə ölkəmizin səhiyyə sistemində yaşanan neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq, ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürəkaçan deyil. Bu cür acınacaqlı durum Ağciyər Xəstəliklər İnstitutunda yaşanır.

Etibarlı mənbələrin verdiyi məlumata görə, sözügedən tibb ocağında vəziyyət acınacaqlı durumdadır. Həkim laqeydliyi, məsuliyyətsizliyi pik nöqtəyə çatıb. Həkimlər ağır xəstələrə qarşı soyuq münasibət bəsləyirlər. Bundan başqa, adıçəkilən tibb ocağında xəstələrə qarşı ayrıseçkilik var. Hansı xəstənin adamı varsa, həmin xəstəyə qarşı münasibət normal olur. Arxası möhkəm olan xəstəyə qaşın üstə gözün var deyən olmur. Tez-tez müayinə edilir və lazimi tibbi tədbirlər görülür. Lakin kiminsə adamı yoxdursa, ona qarşı biganə, soyuq münasibət sərgiləyirlər. Xəstə ilə kobudcasına rəftar edirlər.

Nəzərə alaq ki, bu gün cəmiyyətimizin yarıdan çoxunun maddi durumu heç də yaxşı deyil. Əksər pasiyentlər xəstəxanaya xəstəliklərinin ən ağır durumunda müraciət edirlər. Bu, sözsüz ki, insanların maddi durumunun aşağı olması ilə bağlıdır. Qəzetimizə məlumat verən şikayətçi bildirir ki, həmin xəstəxanada tibbi xidmətlərin qiyməti özəl tibb ocaqlarında olduğu kimi yüksəkdir. Belə durum isə xəstələrin ağır vəziyyətini daha da ağırlaşdırır. Baxmayaraq ki, 2008-ci ilin fevralın 1-də Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında pullu tibbi xidmətin ləğvi barədə qərarı qüvvəyə mindi. Bu qərara əsasən, ölkənin səhiyyə sistemində tibbi xidmətlər pulsuz olmalı idi. Lakin qərara heç əhəmiyyət verən də olmadı. Bu gün tibb ocaqlarında qiymətlər demək olar ki, həddən artıq yüksəkdir.

Məlumdur ki, güzəştli kateqoriyaya daxil olan xəstələrə dərmanlar pulsuz verilməlidir. Sözügedən tibb müəssisəsində baş həkimin göstərişi ilə dərman həmin şəxslərə pulla satılır. Pulla satılması bir yana, həm də dərmanlar xəstələrə baha qiymətə satılır. Güzəştli kateqoriyaya daxil olan xəstələr isə həkimlərdən bir az ucuz qiymətə dərman yazmalarını xahiş etsələr də, pasiyentlərin bu xahişinə məhəl qoyan olmur. Hətta deyilənə görə, dərmanların qiymətinin baha olmasına baxmayaraq, keyfiyyəti çox aşağı olur.

Şikayətçinin bildirdiyinə görə digər lazımi dərmanları özləri alırlar. Bundan başqa müayinələr də pulludur. Onu da qeyd edək ki, Ağciyər Xəstəlikləri İnstitutunda xəstələri xəstəxanaya pulla qəbul edirlər. Pul verilməzsə, müəyyən bəhanələr gətirilir. Gah xəstəxanada yer olmadığını deyirlər, gah da başqa bəhanələr gətirirlər. Sözügedən xəstəxanada çalışanlar üçün xəstənin nə vəziyyətdə olması ikinci plandadır. Həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxması artıq xəstəxanada dəb halını alıb. Demək olar, burada nadir hallarda xəstəni təmənnasız müayinə edirlər. Müayinələrin pulsuz olması yalnız qanunda, yəni kağızda öz əksini tapıb. Burada olan xidmətlər heç də özəl klinikalardan fərqlənmir. Hələ digər xidmətləri demirik. Bir sözlə, Ağciyər Xəstəlikləri İnstitutunda özbaşınalıq əməlli-başlı ayaq açıb yeriyir.

Şikayətçilər bildirir ki, imtiyazlı xəstələrə qayğıdan söhbət belə gedə bilməz. Qarabağ müharibəsi əlilinə, Böyük Vətən müharibəsi veteranına, Çernobıl əlilinə, vərəmli xəstələrə pulsuz tibbi xidmət göstərmək adı ilə respublika Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən ayrılmış külli miqdarda vəsaitin də mənimsənildiyi iddia olunur. Ümid edirik ki, bu yazıdan sonra Ağciyər Xəstəlikləri İnstitutunda yoxlama aparılacaq və lazımi tədbirlər görüləcək.
gundelik-baku