BolgeXeber.Com » Gündəm » Dünya ölkələri Ebolaya qarşı hansı tədbirlər görür? - ilginc bilgilər

Dünya ölkələri Ebolaya qarşı hansı tədbirlər görür? - ilginc bilgilər

21-10-2014, 00:40
Oxunub: 2 434 Minlərlə insanın ölümünə səbəb olan Ebola virusunu yayan heyvanın adı bəlli olub

Qvineyada Ebola qızdırmasından ilk ölən uşağın ölümünə səbəb virusun mənbəyi olan vəhşi heyvanı yeməsi olub. Mütəxəssislərin fikrincə, Qərbi Afrikada Ebola virusu meyvə yarasasına görə yaranıb. Qızdırmanın ilk qurbanı cənub şərqi Qvineyada vəhşi heyvanın ətini yeyən iki yaşlı uşağın olduğu deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meyvə yarasaları Ebola virusunun həqiqi mənbəyidir. Meşə təsərrüfatı sahəsi üzrə beynəlxalq araşdırmalar mərkəzi hər il Afrikada, Konqo gölü hövzəsində 5 milyon ton vəhşi heyvan ətinin (yarasa, şimpanze, qorilla və s.) istehlak edildiyini hesablayıb.

Kanada hökuməti isə bu virusa qarşı eksperimental vaksini yaymağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatına Ebola xəstəliyinə qarşı mübarizə üçün eksperimental vaksinin 800 dozası göndəriləcək. Vaksinlər üç partiyada çatdırılacaq. Ümumdünya Səhiyyə Təşkilatı isə vaksinləri Ebolo virusunun yayıldığı Afrika ölkələri arasında bölüşdürəcək.Vaksin Kanadanın Vinnipeq şəhərində yerləşən Dövlət Milli Mikrobiologiya Loratoriyasında hazırlanıb. Amerika şirkəti “Nyu Link Qenetiks” Kanadada vaksin istehsalı lisenziyasına malikdir. Hələ avqust ayında korporasiyadan bildirilmişdi ki, bir-iki ay ərzində minlərlə vaksin dozasını istehsal etməyə başlayacaqlar.

Böyük Britaniya isə Avropa Komissiyasının Ebola virusunun yayılması ilə mübarizə üçün bir milyard avro məbləğində xüsusi fondun yaradılması təklifini dəstəkləyib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bəyan edib.

F.Hammond Aİ-nin 28 ölkəsinin rəhbərlərinin görüşünün keçirildiyi Lüksemburqda jurnalistlərə deyib: “Bu fonda bir milyard avro vəsait lazımdır. Söhbət səhiyyə üçün başlıca problemdən gedir. Ebola virusunun yaratdığı bu xəstəliyin nəzarət olunmadan yayılmasının qarşısını almaq üçün çox az vaxtımız var”.

Onun sözlərinə görə, fondun vəsaiti Qərbi Afrikada xəstəliyə yoluxanların təcridi və müalicəsi üçün lazımdır.

İran İslam Respublikası isə Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. İSNA agentliyi xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib. Onun sözlərinə görə, ölkənin iki böyük aeroportunda Afrika qitəsi və Ebola virusunun aşkar olunduğu digər ölkələrdən gələn insanları müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri yaradılıb.
Bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunur.

Xatırladaq ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınmışdı. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma halları ayrı-ayrılıqda ABŞ və Avropada da rastlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 8,5 min insan Ebola virusuna yoluxub. Onlardan dörd mindən çoxu ölüb.

musavat.com