BolgeXeber.Com » Gündəm » Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir...

Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir...

22-10-2014, 12:00
Oxunub: 3 794 Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun xeyir-duası ilə bu rayonda həyata keçirilən müxtəlif maxinasiyalar, çoxsaylı korrupsiya halları və digər məmur özbaşınalıqlarına dair redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. İlk növbədə qeyd edək ki, aldığımız bu məlumatlardan biri qəzetimizin ötən sayında toxunduğumuz məqama aydınlıq gətirə bilməsi baxımından xüsusi maraq doğurur. Belə ki, mövzuya dair dərc etdiyimiz son materialda qeyd olunmuşdu ki, bir müddət bundan əvvəl Milli Qəhrəman İlham Əliyev adına 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında yeni bağçanın inşası üçün xüsusi ərazi ayrılmışdı. Hətta burada bağça binasının özülü də atılmış və müəyyən başqa işlər də görülmüşdü. Lakin az sonra tikinti işləri qəflətən dayandırıldı. Bu günə qədər də bağçanın inşası yarımçıq saxlanılıb. Ehtimallara görə bu ərazini də Ramiz Yediyarovun “gözü tutub”. Buna görə də nəzərdə tutulan bağçanın yerində bir müddət sonra yeni kommersiya obyektinin ucalacağı tamamilə gözləniləndir.Lakin yeni aldığımız məlumat inşaat işlərinin dayandırılması ilə bağlı bir qədər fərqli ehtimal doğurur. Məlumatda bildirilir ki, analoji vəziyyət hal-hazırda 2 saylı Qumlu kənd orta məktəbinin yaxınlığında inşa olunan digər bir uşaq bağçasının tikintisində də yaşanmaqdadır. Məsələ bundadır ki, bu uşaq bağçasının tikintisini təftiş etmək məqsədilə buraya gələn komissiyaya “inşaatçılar” tərəfindən heç bir sənəd təqdim olunmayıb. Məlum olub ki, tikintini aparacaq müəssisənin müəyyən edilməsi üçün də heç bir tender keçirilməyib. Başqa sözlə desək, rayon rəhbərliyi bağçanı özləri tikib, ayrılan pulları da özləri götürmək qərarına gəliblər. Buna görə də məlumatı təqdim edən mənbə eyni durumun 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında tikilən bağçada da mövcud olması ehtimalını irəli sürüb.Aldığımız digər bir məlumat da Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin yol verdiyi qanun pozuntuları barəsindədir. Həmin məlumatda ilk növbədə bildirilir ki, R.Nağıyev son vaxtlar rayonda fəaliyyət göstərən fermerlərə qarşı tətbiq etdiyi “haqq” yığımlarının yeni, natural formasına əl atıb. Belə ki, mənbənin sözlərinə görə fermerlərdən qoyun sürülərinə örüş sahələrində yer ayrılması məqsədilə indi də iki quzu rüşvət alınır. Lakin bu heç də o demək deyil ki, Rüstəm Nağıyevin Azərbaycan manatına olan rəğbəti azalıb. Məsələn, digər bir məlumatda aqrar məsələlər üzrə müavinin məhz milli valyuta ilə aldığı rüşvətdən bəhs olunur. Bu xüsusda bildirilir ki, bir müddət bundan əvvəl R.Nağıyev Rafiq Nağıyev adlı bir şəxsdən 7000 (yeddi min) manat məbləğində pul alıb. Bunun müqabilində isə Rafiq müəllim həmin şəxsə rayon baytarlıq idarəsinin müdiri vəzifəsini boyun olub. Lakin aradan bir müddət keçdikdən sonra məlum olub ki, bu iş düzələn deyil. Alınan pulu geri qaytarmaq isə Gədəbəy məmurlarına qətiyyən xas olmayan bir cəhətdir. Amma Rüstəm Nağıyev pulu qaytara bilməməsinin səbəbini də aydın şəkildə izah edir. Onun deməyinə görə həmin pul birbaşa Ramiz Yediyarova təhvil verilib. İndi isə bu məbləği başçıdan tələb etmək “yaxşı düşməz”.Yeni aldığımız məlumatlarda adı çəkilən daha bir məmur da Gədəbəy RİH başçısının Gədəbəy şəhəri üzrə nümayəndəsi Şahbaz Bayramovdur. Bu məmurun onu yenidən gündəmə gətirən əməli isə, şəhərin mərkəzi su anbarının ərazisindən müəyyən sahəni fərdi yaşayış evinin tikintisi üçün bir vətəndaşa satması olub. Mənbələr bu əməli icra nümayəndəsinin pula olan hərisliyi ilə bağlasalar da, bizim bu xüsusda fərqli mülahizəmiz də var. Məsələ bundadır ki, Şahbaz Bayramov bir müddət bundan əvvəl Gədəbəy rayon Sukanal idarəsinin rəisi vəzifəsində işləyib. Lakin aşkarlanmış mənimsəmə faktları səbəbindən “Azərsu” ASC-nin kollegiyasının qərarı ilə bu vəzifədən azad edilib. Ola bilsin ki, su anbarının ərazisinin satılması da Şahbaz müəllim tərəfindən həyata keçirilmiş bir “qisas aktıdır”...Əlbəttə ki, bu gün Gədəbəydən aldığımız məlumatlarda şəxsən Ramiz Yediyarov tərəfindən yol verilimiş hər hansı qanun pozuntusu barədə açıqlamalara rast gəlməsək, biz özümüz də çox təəccüblənərik. Amma hələ ki, buna heç bir əsas yoxdur. Hətta son aldığımız məlumatda icra başçısının öz əməllərinə Hesablama Palatısının rəhbərliyini də şərik etmək cəhdlərindən bəhs olunur. Məlum olduğu kimi hazırda Gədəbəy rayonunda Hesablama Palatasının əməkdaşlarından ibarət komissiya müvafiq yoxlamalar keçirir. Bu isə rayon məmurlarını son dərəcə narahat edən bir haldır. Buna görə də Ramiz Yediyarov öz ətrafını panikadan qurtarmaq üçün belə bir fəndə əl atıb. Başçı rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya ki, HP-nın rəhbərliyi ilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları “aşkar etməyəcək”. Maraqlıdır, görəsən bu yoxlamaların nəticələri məlum olandan sonra Ramiz Yediyarov hələ ki, ürək-dirək verdiyi məmurlarına nə cavab verəcək..?