BolgeXeber.Com » Gündəm » Bələdiyyə sədri: “Siz kimsiniz ki, məndən şikayət edəsiniz?“

Bələdiyyə sədri: “Siz kimsiniz ki, məndən şikayət edəsiniz?“

28-10-2014, 14:05
Oxunub: 2 040 "Mən sizə hər sotda 10 min keçərəm. 40 min verin, məsələni həll edək"

Bolgexeber.com xəbər verir ki, editor.az-ın redaksiyasına müəyyən səbəblərdən adının çəkilməsini istəməyən Xətai rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.

Şikayət məktubunda qeyd olunur ki, onlar Xətai rayonu ərazisində, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “kvadratlar” deyilən ərazidə torpaq almaq üçün Xətai Bələdiyyəsinə müraciət ediblər.

Onları qarşılayan Xətai bələdiyyəsinin sədr müavini Əliyar Əliyev bildirib ki, bu məsələnin həlli onluq deyil, bununla bağlı qərarları bələdiyyə sədri Ədalət Fərəcov verir: “O, dedi ki, bu məsələdə sadəcə vasitəçilik edə bilər. Razılığımızı aldıqdan sonra bizi sədrin yanına apardı. Sədr bizə salam verər-verməz, özünü öyməyə başladı. Məni bu rayona rəhbər təyin edəcəklər. Bilirsiniz ki, Razim Məmmədovu bütün günü mətbuatda tənqid edirlər. Onu bir neçə aya işdən çıxaracaqlar. Danışmışam, yerinə məni qoyacaqlar. Bu baxımdan siz bu məsələdə mənə etimad göstərməklə, lotareya udmusunuz. Məsələnin konkret tərəfinə gəldikdə isə dediyiniz ərazidə torpağın bir sotu 50 min manatdan aşağı deyil. Mən sizə hər sotda 10 min keçərəm. 40 min verin, məsələni həll edək. Biz də razılaşdıq. Onun dediyi məbləği versək də, bugünə qədər torpağa dair sənədləşdirmə aparılmayıb. Ədalət Fərəcova qanunsuz əməli ilə bağlı şikayət edəcəyimi dedikdə, “Siz kimsiniz, məndən şikayət edəsiniz, mən onsuzda heç kimi saymıram” şəklində cavab verdi. Bilmirik dərdimizi kimə deyək”.

Sakinlər bildirir ki, bələdiyyə seçkiləri öncəsi gəlib qapılarını döyüb, səs dilənirlər. Seçilən kimi isə heç kimi saymadıqlarını deyirlər: “O qədər arxayınlaşıblar ki, “Sizi biz seçmişik, niyə belə edirsiniz” iradımıza “Siz kimsiniz ki, məni seçəsiniz, məni yuxarıdan seçiblər” deyə cavab verməkdən belə çəkinmirlər”.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…