BolgeXeber.Com » Gündəm » UniBank vətəndaşı girov götüzdürüb

UniBank vətəndaşı girov götüzdürüb

28-10-2014, 20:20
Oxunub: 2 712 Hazırda Azərbaycan məhkəmələrində baxılan mülki mübahisələrin böyük bir qismi bank kreditləri və onların qaytarılmasında yaranan çətinliklərlə bağlıdır. Yaranmış vəziyyətə görə kredit götürmüş vətəndaşlarla yanaşı, bankların özünün, hətta dövlətin də məsuliyyəti az deyil.

Bəlli məsələdir ki, Azərbaycanda kredit faizləri həddindən artıq yuxarıdır. Başqa ölkələrdə bank yaranmış çətinlik üzündən krediti ödəyə bilməyən vətəndaşı daha da ağır vəziyyətə salmaqdansa, hər iki tərəf üçün sərfəli olan çıxış yolu tapmağa çalışır. Bizdə isə adətən vətəndaşın düşdüyü vəziyyət, kreditin qaytarılmasına əngəl olan problem qətiyyən bankı, mübahisəni həll etməli olan məhkəməni maraqlandırmır. Məsələn, Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda isə Göygöl rayonu, Əliağa Şıxlinski küçəsi 3 ünvanında məskunlaşmış Elxan Abbasovun düşdüyü vəziyyət də deyilənləri sübut edir. Qarabağ müharibəsi veteranı olan Elxan Abbasov “Azadlıq”a göndərdiyi məktubda yazır:

“Mən 2014-cü ildə ”Unibank"ın Gəncə filialından 1600 manat nəğd pul krediti götürdüm. Ilk üç ayın kreditini qrafik üzrə ödədim. Amma sonra xəstələndim və imkansızlıqdan ödəyə bilmədim. Kəlbəcər rayon məhkəməsinin icra şöbəsinin rəhbəri zəng vurub məhkəmənin həmin pulun ödənilməsi barədə qərar çıxardığını bildirdi. Banka gedib müraciət etdim ki, hər ay veteran pulundan 50 manat ödəməyə imkanım çatır. 50 manat ödədim də. Oktyabrın 24-də icra məmuru Rafiq Əsgərov məni çağıraraq idarədə saxladı. Dedi ki, ya həmin pulu ödəməlisən, ya da səni həbs edirik. Qohumlarıma zəng etdim, onlar gəlib məni zaminə götürdülər. Mən bütün qanunlara hörmətlə yanaşıram, o cümlədən məhkəmə qərarlarına. Ona görə də bildirdim ki, mənim bu puldan hər ay 50 manat ödəməyə imkanım var. Ancaq Rafiq müəllim bununla razılaşmadı və məni həbs etdirəcəyini bildirdi. Görünür, bu, mənim müharibə veteranı olmağımın mükafatıdır. Mən yenə bildirirəm ki, o pulu birdəfəyə yox, hər ay 50 manat ödəyə bilərəm.

Cənab Prezidentdən xahiş edirəm, pulun bağışlanmasını yox, yuxarıda göstərdiyim məbləğdə ödənilməsində mənə köməklik etsin. Rafiq Əsgərovun məni həbs etdirməsini istəmirəm".