BolgeXeber.Com » Gündəm » “O milyonları mən yox, keçmiş şərikim oğurlayıb” - Məşhur iş adamı DANIŞDI

“O milyonları mən yox, keçmiş şərikim oğurlayıb” - Məşhur iş adamı DANIŞDI

29-10-2014, 11:20
Oxunub: 3 481 Son günlər mediada inşaat sektorunda çalışan iş adamı İlham Qasımovun ortağı Sahib İbrahimovla bağlı açıqlamalar dərc olunub. Hər şey İlham Qasımovla birlikdə çalışan, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun həbsi ilə ortaya çıxıb. Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi başlanıb və Məzahir Cəfərov tutulub.

Bizimyol.info-nun əməkdaşları İlham Qasımovla, daha sonra Qasımovun iş ortağı olmuş Sahib İbrahimovla telefonla danışaraq məsələyə aydınlıq gətirməyə çalışıblar.

Bolgexeber.com həmkarlarımızın hazırladığı müsahibələri təqdim edir:

- Sahib müəllim, İlham Qasımova ünvanladığım ilk sualı eynilə Sizə də verəcəm. Ortaqlığınızın tarixçəsini danışa bilərsiniz? Telefonda dediniz ki, tanışlığınızın detallarını səmimi söyləməyib...

- Bizim Qazaxıstanda işləyən ümumi tanışımız Azərbaycana gəlmişdi, neft avadanlığı almaq istəyirdi. Burada bir adamın neft avadanlığı satdığını dedi və onunla mənim ofisimdə görüşmək üçün icazə istədi. Razılaşdım və onlar görüşdülər. Həmin adam İlham Qasımov idi. Bir dəfə də Ərəbistandan gələn qonaqları ilə görüşmək üçün ofisimdən istifadə etməyi özü xahiş elədi, buna da "yox" demədim.

- O vaxt hansınızın biznesi daha güclü idi? Yəni kimin daha çox dəstəyə ehtiyacı vardı?

- İnşaatla 2003-cü ildən məşğul idim, binalar tikirdim. O isə inşaat sektorunda deyildi, tikintiyə 2007-ci ildə ilk dəfə mənimlə Bakı Əyləncə Mərkəzində başladı. Əslində ideya mənim idi: ərazinin sahibi olan "İSR Holdinq" şirkətlər qrupu ilə anlaşmışdım ki, onlar bizə yer, biz də əvəzində tikintidən onlara pay verək. Holdinqə pul ödəməmişik, şərtlərə görə tikilən binalardan mənzillər və qeyri-yaşayış sahələri verməli idik.

- Söhbət hansı həcmdə sahədən gedir və onu ərazinin sahibi olan həmin şirkətə verdinizmi?

- 4000 kv.m mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi idi. Şirkət bu işin yubandığını görüb məhkəməyə müraciət etdi. Məhkəmə də şirkətin tələbini, yəni müqavilədən irəli gələn şərtləri təmin etdi, nəticədə qərar icra olunub və şirkətə təhvil verilib.

- Cənab Qasımovla hüquqi şəxs kimi ortaq idiniz, yoxsa fiziki şəxs olaraq?

- Bizim şirkətdə paylarımız vardı, sonradan da alqı-satqı paylarının üzərindən pul qoyub əmlak bölgüsü etməli idik. Notariusda payların alqı-satqısını bir dəfə elədik. Sonradan da Qasımov pul qoymadığına görə prosesi təkrarladıq. Onda da sərmayə qoyacağına söz verdi, amma yenə də vəsait qoymadı. Ancaq ortaqlığımız davam edirdi, satışlarımız, ondan daxil olan gəlirimiz vardı. Fikirləşirdik ki, satışlar şirkəti inkişaf etdirə bilər. Sonradan ikili mənzillər satdılar, iş prokurorluğa gedib çıxdı. Prokurorluq audit dəvət etdi. Auditin rəyinə görə mən oraya 16 milyon 625 min dollar vəsait qoymuşam, Qasımov isə heç bir vəsait qoymayıb, əksinə əldə olunan gəliri mənimsəyib.

- O isə əksini deyir. Bildirir ki, "Sahil-D" kompleksinin torpağını almaq üçün özü 6 milyon manat xərcləyib, Siz bir qəpik də qoymamısız...

- O, Sizə çekləri, ödəmə barədə qaimələri göstərsəydi, dediklərinə inanmaq olardı. Lakin bu barədə heç bir sənəd təqdim edə bilmirsə, deməli düz danışmır. Çünki bu adamın iddiaları heç bir sənəddə əksini tapmır.

- Bəs Sizdə necə, o ödəniş çekləri varmı?

- Bizdə audit rəyi var. Kimin nə qədər vəsait qoyduğunu, kimin qoymadığını audit aydınlaşdırıb. Oğurladıqları pullar mənim həmin tikintiyə qoyduğum vəsaitdir.


Qeyd: S.İbrahimovun audit rəyindən mənə təqdim etdiyi bir abzasda qeyd olunur ki, "Sahil D Kompani" MMC-nin təsisçisi Taleh Abdullayevin verdiyi məlumata görə, vəsaitin 16 milyon 625 min dolları Sahib İbrahimov tərəfindən qoyulub.

- Nə qədər pul mənimsəyiblər?

- Audit rəyi nəticəsində mənim tikintiyə yatırdığım sərmayənin həcmi müəyyənləşdirilib və məhkəməyə müraciət edib haqqımı tələb etmişəm. Məhkəmədə iddia qaldıraraq mənə aid olan vəsaitin tikintiyə yönləndirilməsini tələb etmişəm. Məhkəmə istəyimin bir qismini təmin edib, mənzilləri mənim ixtiyarıma verib. İlhamın isə iddia etdiyi kimi məhkəmədə qazandığı şirkətdə kimin direktor olması məsələsidir. Əvvəldən Taleh Abdullayev direktor olub, sonradan onlar gedib məhkəməyə veriblər: "Biz istəyirik, direktor Məzahir Cəfərov olsun" deyiblər. Məhkəmə də bunu təmin edib. Bunun əmlak bölgüsünə dəxli yoxdur. Direktor kim olursa-olsun, mən orada əmlak sahibiyəm.


Qeyd: S.İbrahimovun istinad etdiyi məhkəmə qətnaməsində yazılır ki, "cavabdeh "Sahil-D Kompani" MMC-dən fərdi sahibkar Sahib İbrahimovun xeyrinə 16 milyon 625 min dollar tutulsun və tutma "Sahil-D Kompani" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binalarının yaşayış və qeyri-yaşayış sahəsi daxil olmaqla 54687 kv.m sahəsinə yönəldilsin. İddianın qalan hissəsi təmin edilməsin". İddianın təmin edilməyən qalan hissəsinə aydınlıq gətirən S.İbrahimovun sözlərinə görə, o, qoyduğu vəsaitə uyğun daha artıq - 60 min kv.m sahə istəyib, lakin məhkəmə iddianın 3000 kv.m-dən artıq hissəsini təmin etməyib. Daha sonra qətnamədə müstəqil tələb irəli sürən "İSR Holdinq" MMC-nin də iddiası qismən təmin edilib və şirkətə 1000 kv.m qeyri-yaşayış və 4000 kv.m yaşayış sahəsinin təhvil verilməsi göstərilib. "İSR Holdinq" MMC də iş yubandığına görə əlavə sahə istəyibmiş.

- Müəssisənin sahibi əslində kim idi?

- Biz 2006-cı ildə inşaata başlamışıq. 2007-ci ilin dekabrında bu qədər böyük bir binanın şərikliyini 10 manata almaq olardımı? Qanunvericiliklə bir şirkətin payları alınıb-satılandan sonra yeni təsisçilər arasında protokol imzalanmalı, həmin protokol yenidən notariusda qeydiyyata alınmalı, bundan sonra vahid pəncərədə vergi uçotuna durmalıdır. Bunların heç biri olmayıbsa, 40 gündən sonra artıq o sövdələşmə qüvvəsini itirir. Əslində elə belə də olmuşdu. Taleh Abdullayev son zamanlara qədər şirkətin rəhbəri olub, bütün proseslərdə iştirak edib, şirkətin təsisçisi, həm də direktoru vəzifəsində çalışıb.

- Bəs Məzahir Cəfərov hansı sifətdə həbsə alınıb?

- Məzahir icraçı direktor idi. Taleh səlahiyyətlərinin bir qismini yerinə yetirə biləcək adamları təyin etmək iqtidarında olub.

- Səlahiyyət bölgüsündə Məzahirin vəzifələri nələr idi?

- Məzahir müəyyən sahələr üzrə sənədləşmələr aparır, Talehin tapşırıqlarını yerinə yetirirdi.

- Onu o vəzifəyə kim təyin etmişdi?

- Taleh Abdullayev.

- Ümumiyyətlə, qərarları kim qəbul edirdi?

- Təsisçi Taleh Abdullayev idi, ondan başqa heç kəsin orada qərar qəbul etmək ixtiyarı olmayıb.

- Taleh Abdullayev sərmayə də qoyurdu?

- Protokola görə, sərmayəni biz qoymalı idik. Taleh isə sonrakı mərhələdə qoyulan sərmayəyə uyğun pay bölgüsü etməli idi.

- Sərmayə qoyanlar kənarda qalır, pay bölgüsü isə heç bir vəsait yatırmayan tək bir adamın ixtiyarındadır? Bu, necə olur, sərmayəçilər bununla necə razılaşdılar?

- 5 nəfər qərara gəldik ki, bu şirkətin paylarını alaq və maliyyələşdirək. Bir tərəfdən türklər, biz tərəfdən isə İlham Qasımov və mən idim, bir də ərazini aldığımız şirkətin payı vardı.

- Bu necə bir idarəçilik idi? Direktorlar Şurası vardımı, oturub birgə qərarlar qəbul edirdinizmi, yoxsa anarxiya idi, kim necə gəldi qərar verirdi?

- Düz deyirsiz, Direktorlar Şurası olmalı idi, yığışıb qərarlar qəbul etməli, satışlara qərarı yenə biz verməli idik. Biz Təsisçilər Şurası protokol imzalayıb, vergidə qeydiyyata durmalıydıq ki, fəaliyyətə başlayaq. Bunu etmədiyimizə görə orada nə təsisçi, nə də iştirakçı sayılırıq. Qərar qəbul etməyə ixtiyarımız olmayıb.

- Amma dediniz ki, oraya 16.6 milyon dollar sərmayə yatırmısız...

- O, tikintiyə sərmayə yatırdığını, ziyana düşdüyünü iddia edə bilər, amma ortada bunu təsdiqləyən məhkəmə qərarı olmalıdır. Mən isə məhkəmə qərarına istinad edirəm.

- Həmin kompleksdə mənzil sahəsinə görə üstünlük hansınızdadır və hazırda kompleks kimin nəzarətindədir?

- Binanın 11500 kv.m sahəsi türk ortaqlarımız Mərcanlar ailəsi və Süleyman Ecevitə aiddir. Onlar o vaxt razılaşıb həmin sahəni alıb, daha pul qoymamaq şərtiylə tikintidən uzaqlaşıblar. Yerdə qalan 60 min kv.m civarında sahə isə mənə və ərazini aldığım şirkətə aiddir. İlham Qasımov tikintiyə pul qoymayıb, əksinə, audit rəyinə görə oradan pul oğurlayıb. Biz orada sahibkar kimi əmlak sahibiyik. Əlimizdə icra qərarı da var və artıq icra olub. Mənzillərin bir qismini vermişəm, bir qismi özümdədir.

- Amma mən ora gedəndə, dedilər ki, mənzillərin hamısı satılıb. Cəmi 4-ü qalıb və birini də mənə satmaq niyyətində idilər...

- Evlər mənim və ərazini aldığımız şirkətin adına ola-ola, onlar sizə necə ev sata bilərdilər? Direktor həbsdədir və müqaviləyə imza atıb möhür vurmağa imkanı yoxdursa, bunu onun əvəzinə kim edəcəkdi? Təsisçinin belə bir səlahiyyəti yoxdur. Audit keçirilən zaman orada ikili satılan mənzilin sayı 48 idi. İndi belə aydın olur ki, evlərin bəzilərini 3 dəfə, əksəriyyətini iki dəfə satıblar. İndi də satırlar. Baxın, Siz ev alsaydınız, mən yenə bilməyəcəkdim. O evlər mənə aiddirsə, Sizə satıldığı halda qanunsuz olacaqdı, aldanacaqdınız. Orada bu cür mənzillər çoxdur, elə 48 mənzilin hər birini iki nəfərə satdıqlarını mən bilirəm.

- Belə çıxır ki, 48 mənzil 96 nəfərə satılıb?

- Audit rəyinə görə elədir.

- Həmin mənzilləri bir dəfə Siz, bir dəfə də onlar satıblar?

- Hər ikisini də İlham Qasımov satıb. Audit rəyinə görə satışdan əldə olunan bütün vəsaitlər İlhama təhvil verilib.

- Sizin şirkətin kassasından 8 milyon 250 min manat pulu qol çəkərək götürdüyünüzü deyir. Kassadan pul götürmüsüz?

- Belə şeylər sözlə olmur, bunları sənədlə sübut etməsi lazım gələcək. 8 milyon elə bir rəqəmdir ki, səslənməsi belə inandırıcı deyil, söhbət 8 manatdan getmir. Mənim ofisim buradadır, onların kassaları isə öz ofislərindədir, bunu istəsəm belə, edə bilmərəm və onlar o pulu mənə niyə verməli idilər ki? Amma onun bu işlərə aidiyyatı yoxdur. Mən onların sənədinə imza atıb "Sahil-D"dən pul götürmüşəmsə, o sənədi Sizə təqdim eləsinlər, görək, bunu sübut edə bilirlərmi? Audit rəyində də yazılır ki, tikintiyə qoyulmuş vəsaitlə tikintiyə çəkilmiş xərclərin müqayisəsi nəticəsində, hazırda istifadə edilməmiş sərmayənin faktiki qalığı 4 milyon 918 min dollar kassada qalmalıdır. Bu, türklərlə mənim şirkətə qoyduğumuz vəsait və binaya çəkilmiş xərcin arasında olan fərqdir. Satışlardan daxil olan vəsait burada yoxdur, biz öz sərmayəmizi qoymuşuq.

- Söylədiyinə görə, qaynınız Taleh Abdullayev də bu münaqişənin episentrindədir və axtarışdadır. İndi o, haradadır?

- Azərbaycanda axtarışda olan adamı tapmaq çətin deyil. Taleh Bakıdadır, axtarışa verilərsə, taparlar.

- Ona zəng edib bizi danışdıra bilərsiz?

- Ehtiyac yoxdur.

- Dediyinə görə, Sizin də ölkədən çıxışınıza sanksiya qoyulub.

- Müəyyən bir istintaq gedən zaman dövlət hər şeyi edər, qərarı da ola bilər. Mən ölkədən getmirəm, buradayam. Bu iş də qurtarmayana qədər bir yerə getməyəcəm. Amma istədiyim vaxt çıxa bilərəm, burada cinayət tərkibli heç nə yoxdur…

- Necə yoxdur? Cinayət Məcəlləsinin 2 maddəsi üzrə cinayət işi açılıb.

- Mən bina, əmlak sahibiyəm, mənə qarşı niyə tədbir olsun?

- Siz prokurorluqda zərərçəkən tərəf olaraq ifadə verirsiz, yoxsa cavabdeh kimi? Orada xeyli insan zərər çəkdiyi üçün istintaqa müraciət edib, mənzillərini istəyirlər.

- Məndənmi istəyirlər?

- Kimdən istədiklərini hələlik bilmirəm. Lakin fakt odur ki, onlarla insan prokurorluğa zərər çəkdiyi barədə şikayət edib.

- Mən əmlak sahibiyəm, kimə istəsəm, orada ev verə bilərəm.

- Prokurorluğa ilk kim müraciət edib?

- Evləri təhvil verilmədiyindən prokurorluğa türklər müraciət etmişdilər. Sonradan da "ikili evlər" ortaya çıxıb, camaatın şikayəti də prokurorluğa gedib. Bu gün satılmış evləri bir daha sizə təklif edə bilirlərsə, onda bəlkə də türklərin də mənzillərindən satıblar.

- Dediniz ki, Məzahir Cəfərov 20 il Sizin yanınızda işləyib, yəqin ki, şirkətə direktor da Sizin vasitəçiliyinizlə təyin olunub. Amma belə çıxır ki, sənədləri sizdən iznsiz imzalamaqla başınızın üstündən iş görüb.

- Düşünürəm ki, onu İlham Qasımov aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib. Maliyyə sənədinə yox, adi sənədlərə qol çəkdirərək elə belə də camaata satıblar.

- Deyəsən elə hamınız bu işə oyun kimi baxmısız.

- Bu onların verdikləri hesabatdır, mənə aidiyyatı yoxdur.

- 4 binadan ibarət kompleks tikmisiz, idarəetmə isə olmayıb, qərarları hər kəs özbaşına qəbul edib…

- Binalar Taleh Abdullayevin başçılığı ilə tikilib, kompleksin yiyəsi odur.

- Məzahirin müdafiəsi üçün vəkil tutmusunuz, qohumunuzun çıxmasına çalışırsınız?

- Məzahir özü vəkil tutub, onu müdafiə edən var.

- Özü "içəri"dən necə tutub? Yəqin kənardan kimsə kömək edir.

- Bilmirəm.

- Qasımov deyir ki, Məzahir Sizin "qurbanınızdır" və həbsində maraqlısız. Çünki onun əvəzinə Siz həbs olunsanız, qardaşınız Komitə sədrliyi vəzifəsi ilə vidalaşmalı olacaq. Əslində bu dediyində həqiqət yox deyil. Azərbaycanda çoxlu belə presedentlər var ki, ailə üzvlərindən biri cinayət etdiyinə görə həbs olunubsa, dövlət məmuru işləyən digərini Prezident işdən çıxarıb. Sizin də cinayət etdiyiniz sübuta yetirilərsə, zərbəsi qardaşınıza dəyə bilər.

- İlham Qasımov bunları deməklə bizim ailəyə zərər vurmaq istəyir. Bizim əməlimizdə cinayət işi ola bilməz. Məndən ev alanların hamısının mənzili var. Bir də ki, Nazim İbrahimovun qohumu çoxdur, hansısa qohum gedib nəsə edəcəksə, cavabdehliyini də özü daşımalıdır. Buna Nazim İbrahimov neynəsin? O, Nazim müəllimin ortağı deyil, mənim ortağım olub və işbirliyimizdən hələ nəsə almamışam. Nazim müəllimin adını çəkibsə, ona qara yaxmaq üçün mətbuata çıxıb ki, özünü hamıya təmiz adam kimi təqdim etsin.

- Məzahirin həbsdən çıxması və ya həbsdə qalmasının Sizə fərqi yoxdur?

- Əsas marağım odur ki, camaatın evləri verilsin və mənim də əmlakım özümdə qalsın.

- Bəs Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 14 ünvanındakı binanın tikildiyi ərazinin məxsus olduğu "Sutikintisazlama" ASC ilə bağlı məsələ nə yerdədir?

- Mən əvvəlki təsisçilərindən onu satın almışam, reyestrdən də gördüyünüz kimi, səhmlərin 43.0123 faizi mənə məxsus olub, 56.9877 faizi isə Nazim Musayevə. Müəssisəni sonradan 100 faiz aldım, alqı-satqı müqaviləsi də var (sənədləri göstərir-H.H.).

- Burada da başqa səhmdar cəmiyyətlərdəki proses gedib, müəssisəni səhmdarların əlindən çıxartmısız.

- Heç kəsin əlindən heç nə çıxmayıb, satıblar, almışıq. Doğrudur, səhmləri hərracda almamışam, mən ikinci alıcıyam, cəmiyyətin hissələrini mənə satıblar. Gördüyünüz kimi, burada İlham Qasımovun adı yoxdur. O, bizə şər-böhtan yaxmağa çalışır.

- Telefonda Karl Marks dairəsindəki 18 mərtəbəli, 2 bloklu hazır binanı özünüz sökdüyünüzü dediniz. Hansı səbəbdən o boyda sərmayə qoyduğunuz binanı öz xoşunuza sökmək istəyəsiz?

- Biznes maraqlarıma uyğun gəlmədiyindən binanı sökdüm.

- Yerində biznes maraqlarınızı təmin edəcək nə tikdiniz ki?

- Bu, mənim şəxsi işimdir.

- Olsun şəxsi işiniz. O vaxt belə xəbərlər yayıldı ki, bina qanunsuz tikildiyindən dövlət özünüzə də sökdürüb...

- Dövlət bir yeri sökməyə qərar verirsə, onu alır, sonra dövlətin balansına keçirir. Elə deyilmi?

- Xeyr! Fərhad Əliyevin də Bakı Dəniz Limanı yaxınlığındakı binası söküldü. Nəinki pul verilmədi, heç ondan soruşan da olmadı. Belə presedentlər var.

- Siz qanunsuz tikintiləri qanuni ilə səhv salmayın. Mənə nə aidiyyatı var, Fərhad kimdir, mən heç Fərhadı tanımıram.

- Adınızın yanaşı çəkilməsindən niyə təşviş keçirdiniz? Mən, sadəcə, müqayisə etdim. O tikintinin sərəncamı var idi?

- Əlbəttə var idi.

- Həmin sənədi görə bilərəm?

- Bilmirəm haradadır, o sənədlər artıq ləğv olunub gedib. Binanı sökmüşəm, sənəd nəyə lazımdır?

- O yer indi kimin nəzarətindədir? Torpaq müəssisənizin balansında qalır?

- Bəli, mənə aiddir və balansda qalır.

- Tikməmisiz?

- Tikməmişəm, hələ planlayıram. Belə qalmayacaq, yəqin ki, bir şey olacaq.

- Oraya nə qədər sərmayə qoymuşdunuz?

- Düzünü deyim ki dəqiq xatırlamıram, unutmuşam.

- Bina bitmişdi, yəqin ki, bütün mənzillər də satılmışdı. Bəs əmlak sahiblərinin taleyi necə oldu?

- O adamların bir çoxunu mənim mənzillərimin əvəzinə Bakı Əyləncə Mərkəzinə köçürmüşük, bir neçəsini "RRR" şirkətinin Nobel prospektində tikdiyi binaya. Adamların hamısını evlə təmin etmişik.

- "RRR" MTK daha çox kimə aiddir?

- Çox hissəsi mənimdir - 75 faizi. 25 faizi isə İlham Qasımova aiddir.

- Karl Marksda yerləşdirilməyən, narazı əmlak sahibi var?

- Hazırda bizə müraciət edən yoxdur.

- Belə çıxır ki, orada zərərə düşdünüz. Əvvəl tikdiniz, satdınız, camaat yerləşmədən də sökdünüz və oradakı əmlak sahiblərini başqa binalarda yerləşdirməli oldunuz. Maliyyə itkisi oldu?

- Xeyr, mən zərərə düşmədim, zərərə düşdüyümü bilsəydim, binanı sökməzdim. İş adamıyam, müəyyən planlarım var idi. Orada çox ev alan olmadı, bir neçə nəfər idi, onları da qarşılıqlı razılaşma əsasında mən başqa yerdə mənzillə təmin etdim.

- Belə başa düşdüm ki, Sizin birdən-birə ürəyiniz istəyib, tikintisini başa çatdırdığınız 18 mərtəbəli binanı sökmüsüz...

- Siz iş adamı olsaydınız, planlar qursaydınız, fərqli fikirləşərdiniz. Kommersiya məqsədli tikinti idi, söküntü də eyni məqsədli olub.

- Səmimiyyətinizə şübhə edirəm. O bina 4-5 il bundan əvvəl sökülüb. Əgər bu müddətdə onun yerində möhtəşəm bir hotel, ya biznes mərkəzi, ya da gəlir gətirəcək başqa bir "obyekt" olsaydı və iş qurulsaydı, heç sökməyinizin səbəbini soruşmazdım. Amma o yerdə bir iş görməmisiz.

- Siz mənim nə planladığımı bilmirsiz axı. Hotel bilirsiz, nə qədər sərmayə və nə qədər müddət tələb edir?

- Yaxşı, hotel tikəcək qədər pulunuz yox idisə, niyə sökürdünüz?

- Mən Sizə demədim ki, hotel tikmək planlaşdırıram, ya yox. Məni burada dolaşdırmaq istəyirsiz. Dedim, gələcək üçün planlarım var, ona görə sökmüşəm. Orada ortağım yoxdur ki, kiməsə hesabat verəm. Siz istəyirsiz ki, mən bütün kommersiya sirlərimi açam, planlarımı deyəm. Orada mənim iqtisadi maraqlarım var.

- İlham Qasımov deyir ki, ora sərmayə qoymamısız və özünün 75 faiz, Sizin isə 25 faizinə ortaq olduğunuz həmin binanın söküntüsü üçün dövlət 20 milyon manat kompensasiya nəzərdə tutub. Bildirir ki, hansısa səbəbdən kompensasiya binanın hüquqi sahibinə yox, bir dövlət məmuruna verilib, onu qardaşınız Nazim İbrahimov özü şəxsən alıb və cəmi 6 milyon manatını sizə verib. Pulu da qardaşınızın sürücüsü gətirib, qalan 14 milyonu isə qaytarmır. Bu dedikləri nə dərəcədə həqiqətdir?

- İlhamın həmin tikintiyə aidiyyatı olmayıb. Mən şəxsi binamı sökdüyüm üçün dövlət mənə niyə 20 milyon manat kompensasiya verməliydi?

- Mən bilmirəm, sənədləri göstərmədiniz, bəlkə qanunsuz tikili olub, bəlkə Sizi cəzalandırmaq üçün belə ediblər... Mən haradan bilim?

- Azərbaycanda dövlətin kiminsə binasını sökmək cəzası yoxdur, bunlar şər-böhtandır. Dövlətin binanı sökdürməsi və ya kompensasiya verməsi barədə deyilənlər mənə qəribə gəlir.

- Bəzən dövlət ehtiyacı üçün də torpaqlar alınır.

- Bu torpaq dövlət ehtiyacı üçün verilməyib. Mənim binamı dövlət söksəydi və pulumu da verməsəydi, əlbəttə, onu istəyərdim. Olmayanı tələb edə bilmərəm.

- Qasımovdan sitat gətirirəm: "O vaxt Sahib dedi ki, gəl türklərə haqq verməyək, onları aldadaq, onlara "ataq"". Belə bir söz demisiz?

- Türklərə mən haqq vermirdim, öz istəkləri ilə onlara pay bölgüsünü Taleh eləmişdi və dəfələrlə məktub göndərib ki, gəlib əmlakınızı götürün. Elə bir fikri olan adam bunu niyə eləsin ki? Mənim maraqlarım məhkəmə qərarı ilə təmin olunub. Orada artıq kim çox, kim az əmlak alacaq, əhəmiyyət daşımır. Veriləndən artıq almaq gücündə deyiləm. Türklərə müqaviləyə uyğun olaraq 11500 kvadrat metr verilib.

- Nə qədər sərmayə qoymuşdular?

- Deyilənə görə 3.5 milyon dollar və sərmayəni İlhamın "Real LTD" şirkətinin hesabına köçürmüşdülər. Sonradan İlham həmin vəsaiti özü inşaata qoyduğunu deyib, halbuki audit rəyində bu iddia öz təsdiqini tapmayıb. Türklərin qoyduqları sərmayə də ortada yoxdur. Fikrimcə, pulun hara köçürülməsinə baxmayaraq, onlara çatacaq mənzil payı verilməlidir.