BolgeXeber.Com » Gündəm » Bələdçilər aldadıldıqlarını, halal pullarının mənimsənildiyini yazır

Bələdçilər aldadıldıqlarını, halal pullarının mənimsənildiyini yazır

30-10-2014, 11:10
Oxunub: 2 218 Dəmiryolçuların son ümid məktubu...

"Azərbaycan Dəmir Yolları" QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi, onlara veriləsi olan müavinətlərin ödənilməməsidir. Bu etirazlar və şikayətlər aylardır ki, davam edir. Amma hələ də nəticəsi yoxdur. Yanvar ayının 11-dən başlayan və hələ də davam edən bələdçi etirazları çərçivəsində qatarbələdçilərinin şikayət etmədikləri dövlət qurumu qalmayıb. Keçirdikləri aksiyaların sayı hesabı yoxdur. Bütün qurumlara şikayət ərizələri ilə müraciət ediblər. Amma buna baxmayaraq, hələ də problemləri həll edilməyib.

Bələdçilər son ümid yeri olaraq ölkə başçısına müraciət ediblər: "Hörmətli prezident İlham Əliyev cənabları, bu dövlətin birinci şəxsi olaraq sizə müraciət edib, Sizə bu dövlətin səlahiyyətli qurumlarından narazılığımızı bildirmək istəyirik.

Uzun illərdir ki, biz Azərbaycan Dəmiryolu QSC-də işləməklə bütün ömrümüzü, sağlamlığımızı bu işə sərf etmişik. Artıq neçə illərdir ki, bir qrup işbazın, rüşvətxorun, dövlət işini şəxsi işinə çevirən məmurun əlində qalmışıq. Dəfələrlə şəxsən Sizə, MTN, DİN və Baş Prokurorluğa, Həmkarlar İttifaqına ünvanladığımız məktublarla müraciət etsək də, heç bir nəticə əldə edə bilməmişik.

Bir qayda olaraq bütün şikayətlər QSC-yə göndərilib, onlar da sizin və digər səlahiyyətli qurumların adından bizə heç bir aydınlıq gətirmədən rədd cavabı veriblər. Əgər biz Sizə, başqa qurumlara bunların cinayətləri barədə məlumat və faktlar veririksə və haqqı əlindən alınmış bir vətəndaş olaraq bu cinayətkarların layiqli cəzasını almasını istəyiriksə, niyə Sizin adınızdan, səlahiyyətli qurumların adından bunlar cavab verir?

Cənab prezident, illər boyu bizləri aldadıb, halal pullarımızı mənimsəyib, bizləri öz kariyeraları üçün cinayətkar, oğru edən Arif Əsgərov, Əlirza Süleymanov, Elyar Muradov, Rəhman Əbişov və başqaları bu qanun boşluqlarından istifadə edərək at oynadırlar. Haqqını istəyəni məhv edir, qanun-qayda tələb edəni işdən uzaqlaşdırırlar. Səlahiyyətli qurumların işə soyuq münasibətindən istifadə edən bu məmurlar bizi insan yerinə qoymayaraq, utanmadan, çəkinmədən ləyaqətimizi kütləvi informasiya, televiziya qarşısında təhqir edərək, bizə "narkoman", "qoyun" deyirlər.

Əlbəttə, bu faktlardan nə qədər istəsəniz yazmaq, göstərmək olar. Biz hər birimiz Sizin bir seçiciniz və bu respublikanın vətəndaşı olaraq, xahiş edirik ki, bu haqsızlıqlara son qoyulsun.

Əvvəlcədən təşəkkür edirik". gundelik-baku